Avropa Liqasının Bakı finalına bayraqlarla, yoxsa Qarabağ plakatları ilə gedək? – İki rəy

20-05-2019, 08:27           
Avropa Liqasının Bakı finalına bayraqlarla, yoxsa Qarabağ plakatları ilə gedək? – İki rəy
Elşən Mustafayev: “Elə yol tapmaq olar ki, buna qarşı hansısa hüquqi iradlar olmasın”; Kənan Məstəliyev: “Matçın xüsusi açılış törənində Qarabağın bizim torpaq olması göstərilə bilər”
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalına az müddət qaldı. İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq oyunda Azərbaycanın işğal edilmiş ərazilərini, haqlı mövqeyimizi bir daha dünyaya nümayiş etdirmək üçün nələr etmək yönündə müxtəlif təkliflər səslənir.

Bu istiqamətdə Əməkdar artist, şoumen Bəhram Bağırzadənin təklifi daha çox diqqət çəkir. O bildirib ki, stadiona Azərbaycan bayraqları ilə gəlmək lazımdır. Onun təklifinə dəstək gəlməkdədir. Bundan əlavə, belə təkliflər də var ki, oyun gedən vaxt meydanda azarkeşlərimiz “Qarabağ - Azərbaycan!” yazılan plakatlar əllərində tutmalıdırlar. Bu təkliflə bağlı müxtəlif mövqelər səslənir. Bunun futbol qaydalarına uyğun gəlmədiyi barədə fikirlər olsa da, Dağlıq Qarabağın işğal altında olduğunu bir daha dünyaya nümayiş etdirmək üçün əlimizə şansın düşdüyünü və bu şansdan yararlanmağın vacibliyini dilə gətirənlər də az deyil.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Dağlıq Qarabağın adı keçən başqa təbliğat formalarını tapmağın mümkünlüyündən söz açdı: “Avropa Liqasının finalı Azərbaycanda keçirilsə də, tədbirin sahibi UEFA-dır və bütün qərarlar onlar tərəfindən verilir. Biletlərin qiymətinin müəyyənləşməsindən başlamış , azarkeşlərə ayrılan yerlərə qədər, stadiondakı reklam löhvələrinin yerləşdirilməsi və digər bütün məsələlər onların nəzarətindir. Oyun vaxtı bayraqlarımızın meydanda qaldırılması məsələsi ilə bağlı verilən təkliflərə gəlincə isə, bilmirəm ki, bu, UEFA qaydalarına uyğundur, ya yox. Amma hətta uyğun olsa belə, iki ingilis komandasının oynadığı bir stadionda Azərbaycan bayraqlarını qaldırmağın nə mənası var?

Dağlıq Qarabağla bağlı pankartların qaldırılmasına gəlincə isə, bildiyim qədər, qaydalara görə, belə oyunlarda milli, dini, irqi ayrı-seçkiliyi təbliğ edən, konfliktli problemləri qabardan şüarların, plakatların asılması qadağandır. Belə hallar futbol oyunları tarixində olub və nəticədə həmin plakatlar yığışdırılıb, ölkə isə cərimə olunub. Amma Qarabağın stadionda adının keçməsi ilə bağlı fikirləşib elə yol tapmaq olar ki, buna qarşı hansısa hüquqi iradlar olmasın. Zəhmət çəkib bizimkilər bir az da başlarını belə məsələlərin həlli üçün işlətsinlər”.

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev plakat açmağın mümkünsüz olduğunu bildirdi: “Azarkeşlərin tribunaya Azərbaycan bayrağı ilə gəlməsində heç bir problem ola bilməz. Avropa Liqasının finalı ilk dəfədir ölkəmizdə keçirilir və bu, bizim üçün böyük bayramdır. Bu sevinci isə ifadə etməyin müxtəlif yolları ola bilər, bunlardan biri də bayraqdır. Məncə, bu baxımdan heç bir narazılıq ola bilməz, normal qarşılanar. O ki qaldı, plakat məsələsinə, bunu etmək olmaz. Siyasətlə idman ayrıdır və biz də həmişə bu prinsiplərə riayət etmiş, beynəlxalq standart və qaydaları pozmamışıq. Meydana girərək bunu etmək isə heç olmaz. Bu, oyuna müdaxilədir. Tribunalarda azarkeşlər qrupu o cür pankart aça bilər və bunda kimsə nəsə qəbahət görə bilməz. Ancaq nəzərə alsaq ki, bu matçda fanatlarımız çoxsaylı qruplar, yaxud fan-klublar şəklində iştirak etməyəcəklər, bunun edilmə ehtimalı çox aşağıdır. Qarabağ həqiqətlərini dünyaya çatdırmağın daha yaxşı yolları var. Məsələn, matçın xüsusi açılış törənində milli məqamlar qabardıla, Qarabağın bizim torpaq olması göstərilə bilər. Bunu illah da plakatla etmək səhv olar. Düşünürəm ki, yerli təşkilat komitəmiz bütün bunları nəzərə alıb və lazımi işləri görəcəklər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.