“Araz”-da endirim oyunu - Qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
27-04-2024, 00:03
Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, “Araz” marketdən un alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşdığını bildirir.
Binəqədi rayon sakini deyir ki, vitrində endirimdən sonra qiyməti 1 manat 99 qəpik olan 2 kiloqramlıq unun kassada qiyməti 2 manat 99 qəpik olub.
Daha bir diqqət çəkən məqam isə odur ki, vitrindəki açıqlamada unun qiymətininin 42% endirimlə satıldığı yazılıb. Açıqlamadan belə görünür ki, unun qiyməti əvvəl 3 manat 48 qəpik olub və 25 aprel-8 may tarixləri aralığında qüvvədə olacaq endirim zamanı 1 manat 99 qəpiyə satılacaq. Lakin, qeyd etdiyimiz kimi, məhsulun kassadakı qiyməti 2 manat 99 qəpik olub.
Qeyd edək ki, bu ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib. Bildirilib ki, “Araz” marketdə qeyri-qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.
Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” MMC-yə bağlıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-dən sonra – bu ilin mart ayında OBA market barəsində də eyni səbəbdən protkol tərtib edib.
Xatırladaq ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb.