“Etibar Əliyev şirkətimi ələ keçirib” - QALMAQAL

13-12-2019, 09:24           
“Etibar Əliyev şirkətimi ələ keçirib” - QALMAQAL
Fəaliyyəti dayandırılmış “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adının yeni qalmaqala qarışmasını yazmışdıq. Söhbət “Aqroinvest və İstehsalat” şirkətində Etibar Əliyevlə Pərviz Hacıyevin şəriklik mübahisəsindən gedirdi. Etibar Əliyev qarşı tərəfi dələduzluqda ittiham etmişdi.

“Yeni Müsavat”a müraciət edən Pərviz Hacıyev deyib ki, Etibar Əliyevin təqdim etdiyi kimi, “Aqroinvest və İstehsalat” şirkətinin hər hansı bir işçisi deyil, şirkətin 50 faizi ona məxsusdur: “Şirkətin bütün fəaliyyəti mənim üzərimdə olub. Etibar Əliyev bunu çox gözəl bilir, sadəcə, məni işçi kimi təqdim etməklə törətdiyi qanunsuz əməllərə haqq qazandırmağa çalışır. O şirkəti 5 il əvvəl mən qurmuşam. Onun fəaliyyəti şirkətdə formal xarakter daşıyıb. Etibar Əliyev mənim işgüzar fəaliyyətimdən, fəaliyyət göstərdiyimiz sahə üzrə ixtisaslaşmağımdan yararlanıb, eyni zamanda məni tələyə salıb. Bu illər ərzində bunu başa düşməmişəm. Etibar Əliyev şirkətimi ələ keçirib, məni şantaj edir ki, payımdan əl çəkim”.

Pərviz Hacıyevin sözlərinə görə, Etibar Əliyevi şirkətdə qardaşının yeznəsi Elşən Abdullayev təmsil edib: “Əsassız olaraq barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Orada barəmdə cinayət işi başlanmasına nail olub. Halbuki iş üzrə mülki icraat aparılır. Bütün əmlaklarımı qanunsuz yollarla əlimdən aldırır. Mənə qarşı qanunsuzluqlar Etibar Əliyevin sifarişi əsasında aparılır”.

Pərviz Hacıyev deyir ki, Etibar Əliyev onu dələduz kimi təqdim etsə də, əslinə özünün dələduzluğa görə məhkumluğu var: ““Texnikabank” işini kim xatırlamır? Bunu ki, bütün respublika bilir! Etibar Əliyev məhkəməyə müraciət etdi, məhkəmə prosesi getdiyi bir vaxtda iddianın təmini tədbiri kimi qərardad çıxartdırdı. Əslində iddiaya baxılana qədər əmlaklara həbs qoyulmalı idi. Əvəzində qərardadla əmlaklarım Etibar Əliyevin saxlancına verildi. Bu qanunsuz qərardaddan şikayət verdik. Lakin məhkəmə həmin şikayətə 3 gün ərzində baxmaq, 7 gün müddətinə apelyasiya instansiyasına yollamaq əvəzinə 2 ay saxladı. 1 qərardad əvəzində 5-6 qərardad çıxardı. Vaxtı uzatdılar ki, bütün əmlaklarım əlimdən alınsın, Etibar Əliyevə saxlanca verilsin. Bu böyük qanunsuzluqdur. Ölkə rəhbərliyinə müraciət edərək bildirirəm ki, Azərbaycanda məhkəmələrin əli ilə iş adamlarının əmlakları əlindən alınır. Bunun qarşısı alınmalıdır. Məhkəmələr sifariş icra etməməlidirlər. Etibar Əliyev məni müflis etdi. İllərlə qurub yaratdığım şirkət, əmlaklarım əlimdən çıxdı. Bu günə qədər məni müxtəlif şəxslərin adı ilə hədələyirlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki bəzi vəzifəlilərin əli ilə barəmdə qanunsuz cinayət təqibi aparırlar. Məcbur edirlər ki, mülki iddialarımdan imtina edim. Əks təqdirdə, həbs ediləcəyimi başıma oyun açacaqları ilə hədələyirlər. Etibar Əliyev bu yollarla məni əmlaklarımdan imtinaya məcbur edir".

Qeyd edək ki, gununsesi.org vaxtilə MTN tərəfindən həbs edilmiş Etibar Əliyevin azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olduğunu, xüsusilə balıqçılıq və dərman biznesinə girdiyini yazmışdı. Qeyd olunurdu ki, onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb. Saytın məlumatına görə, hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyevin onların haqqını verməmək üçün müxtəlif üsullara əl atdığı iddia edilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.