Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?..

23-09-2019, 12:41           
Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?..
“Azərbaycanda selektiv abortların qarşısının alınması məqsədilə dölün cinsinin əvvəlcədən təyini istiqamətində müzakirələr davam etdirilir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uzun illərdir qəbulu gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunla bağlı danışarkən deyib.

M.Quliyev bildirib ki, müzakirələrdə fikir ayrılıqları yaranıb:

“Bəziləri hesab edir ki, övladının cinsini əvvəlcədən öyrənmək valideynin hüququdur və bunun ailəsinin planlaşdırılmasında böyük əhəmiyyəti var. Ona görə də hələlik dölün cinsinin müəyyən edilməsilə bağlı qadağa gündəmdə deyil, müzakirələr davam etdirilir”.

Parlamentarinin sözlərinə görə, qəbul olunması nəzərdə tutulan qanunda selektiv abortlar birmənalı şəkildə qadağan ediləcək:
“Qanunun qəbulu zamanı da bununla bağlı müddəa öz əksini tapacaq. 10 il əvvələdək dünyada dölün cinsinin ultrasəs müayinəsi qadağan edilmişdi. Amma son dövrlər dölün cinsinin əvvəlcədən öyrənilməsinə valideyn hüququ kimi hörmətlə yanaşılır və qadağalar yoxdur. Yəqin ki, qanunun müzakirəsi zamanı da bu müddəanın hansı şəkildə əks olunması barədə yekdil qərar veriləcək. Amma ultrasəs müayinəsi zamanı dölün cinsinin müəyyən olunması heç də selektiv abortlara əsas vermir. Yəni cinsə görə abortların edilməsi tamamilə qadağan olunacaq. Yerdə qalanlar isə hazırkı qanunvericilikdə olduğu kimi qalacaq”.

M.Quliyev deyib ki, hazırkı qanunvericiliyə görə, abortlar qadağan deyil:

“Qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamillik ananın istəyilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.