Belarus hadisələri haqqında

10-08-2020, 16:17           
Belarus hadisələri haqqında
Lukaşenkonun faciəsi odur ki, 26 il əvvəldə qalıb (əslində bütün avtoritar hökmdarların faciəsidir – hamısı keçmişlə yaşayır), yeni nəslin böyüdüyünü hiss etmir, ümumiyyətlə İnternetin dünyanı və ölkələri necə dəyişdiyini analiz edə bilmir. Günahı isə odur ki, 26 ildə Belarusda institutsional müxalifət və sivil toplumun yaranmasına mane oldu – indi ölkə belə bir vəziyyətin altını çəkir. “Batka” ölkəni kolxoz kimi görür, yaxşı təsərrüfatçıdır, digər avtoritar liderlərdən daha az korrupsiyaya bulaşıb, sənayeni saxlayıb, istehsalı qoruya bilib, aqrar sektoru ayaqda saxlamağa nail olub. Amma bütün bunlar qanunlara, qaydalara, rəqabətə, iqtisadiyyat elminə, institutlara əsaslanaraq etməyib – şəxsi təşəbbüsünün məhsuluna çevirib. İndi də Belarusun faciəsi odur ki, şəxsə bağlı sistemin, həmin şəxs getdikdən sonra necə çalışacağı məlum deyil.

Müxalifət isə institutlaşmamış protest elektoratından, müxtəlif güclərdən, hətta xarici qüvvələrdən ibarətdir. Rusiya Lukaşenkanı dəyişmək istəmir – amma ciddi çərçivəyə salmaq istəyir, öz maraqlarını daha kəskin diqtə etməyi düşünür. Ona görə də müxalifət vasitəsi ilə təzyiq imkanları yaradırdı - əslində diqqətli oxucular xatırlayır ki, bununla bağlı illər öncə yazmışdım: Rusiya post-sovet məkanında artıq tək sərt, qaba gücdən deyil də, həm də yumşaq gücdən – siyasi alətlərdən istifadə etməyə başlayıb (məncə, bizim üçün ən böyük dərs də məhz bu olmalıdır). Müxalifətin lideri olan o xanım – Svetlana əslində funksiya yerinə yetirir. Bu bir daha sübut edir ki, Lider şəxs deyil, funksiyadır, amma Svetlananın da zəif cəhədi odur ki, komandası yoxdur, vizionu bəlli deyil, natiqliyi sıfırdır, ancaq içiboş sloqanlarla addımlamağa çalışdı, həyat yoldaşının kölgəsinə çevrildi. Bu gün onu dəstəkləyənlər, əslində onu şəxsini dəstəkləmir, Lukaşenkoya əks mövqeyini o xanım vasitəsi ilə bildirirlər. Yəni, insanlar Svetlna yanlısı deyil, Lukaşenko əlehdarıdırlar. Amma hamı yox, Lukaşenkonun inzibati resursdan əlavə bəlli tərəfdarları və öz elektoratı da var.
Belarusdan bizim avtoritar sistemin çıxara biləcəyi ən böyük dərs odur ki, institutlaşmış və dəyərlərə, prinsiplərə söykənən partiyaların, sivil toplumun qarşısını almaqla, onların inkişafına mane olmaqla ölkə üçün böyük pislik edirlər. Sabah Kreml burada da öz partiyası, namizədi, pulu və nüfuzu ilə siyasi oyun qurucusu olmağa çalışacaq – bu zaman o prosesin qarşısını ancaq oturuşmuş, institutlaşmış partiyalar ala bilər. Yeri gəlmişkən, bu məsələdə biz Belarusdan daha yaxşı durumdayıq. Bizdə də hakimiyyət bilməlidir ki, zamanla, yeni nəsillə, İnternetlə mübarizə aparmaq avamlıqdır, mənasızdır.

Müxalifətində çıxaracağı dərslər var – Liderin funksiya olduğunu qəbul edərək boş sloqanlarla deyil də, hazır proqramlarla, tezislərlə, seçki platforması ilə siyasət işi görməlidirlər. Nə vaxt xalqın, azı, 60-65%-i dəqiq biləndə ki, bu sistemə yaxşı Alternativ, özü də Respublikaçı Alternativ var, o zaman çox şey dəyişəcək. Müxalifətin çıxaracağı dərs həm də odur ki, hakimiyyətə qarşı olan HƏR KƏS müttəfiq deyil, ola da bilməz, yəni, müxaliflik kriterini proqram və tezislərdən BƏSİT bir məqama, “İlham Əliyevi tənqid elə, müxalifsən”, səviyyəsinə salmamalıdırlar. Prezidentə qarşı olanların da öz maraqları var və heç də o maraqlar, məsələn bizim, sistemi dəyişib Respublikanı bərqərar etmək istəyənlərin istəkləri ilə üst-üstə düşmür! Belə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.