“ÇOX CİDDİ PROBLEMLƏRLƏ ÜZLƏŞƏCƏYİK...” – "Sonra nə edəcəyik?..."

7-08-2020, 00:01           
“ÇOX CİDDİ PROBLEMLƏRLƏ ÜZLƏŞƏCƏYİK...” –
Deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında çıxış edərkən bildirdi ki, pandemiya, neftin qiymətinin aşağı düşməsi bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatına da ciddi təsir göstərib.

Deputat çıxışında bildirdi: “Necə ola bilər ki, birinci yarımildə Azərbaycanda pandemiyanın ən şiddətli dövrü idi, amma biz dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik? Deyirik ki, turizmdə, tikintidə geriləmə oldu. Tikintidə 2019-cu ildə 6 faiz, 2020-də 14,5 faiz geriləmə olub. Bütün bunların hamısını neftin qiyməti, pandemiya ilə bağlamaq düzgün deyil. Qonşu dövlətlər Rusiya, Türkiyə, Gürcüstan var. Türkiyədə bütün müəssisələr, dövlət obyektləri işləyir, karantin tədbirləri də görülür.

Birinci yarımildə cənab prezidentin tapşırığı ilə 600 min insana 190 manat verildi. Sizi inandırıram, belə davam etsə, biz ikinci yarımildə çox ciddi problemlərlə üzləşəcəyik. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur.

Nazirlər Kabineti var, Operativ Qərargah var, oturub fikirləşsinlər, hansı müəssisələri işlətmək olar, onları işlətsinlər. İnsanlar oturub gözləyirlər. Bəzi müəssisələrin işləməsinə ehtiyac var, bunu təcili təmin etməliyik”.

Deputat qeyd etdi ki, yanvardan sonra vəziyyət daha da pisləşə bilər: “Əgər pandemiya davam edəcəksə, neftin qiyməti aşağı düşəcəksə, sonra nə edəcəyik? İstehsal sahələrinin, xidmət sahələrinin təcili işləməsi lazımdır”.

V.Əhmədov dedi ki, manatın talıeyinə aydınlıq gətirmək lazımdır: “Neftin qiyməti aşağı düşürsə, istehsal azalırsa, manatı da ciddi risklər gözləyir. Komitə iclasında Əli Məsimli bu məsələyə toxundu, amma cavab ala bilmədi”.

V.Əhmədov ölkədəki su problemindən danışdı, dövlət başçısının bu məsələ ilə bağlı verdiyi tapşırıqları xatırlatdı. Daha sonra deputat banklarla bağlı problemlərə də hökumətin diqqətini cəlb etməyə çalışdı: “4 bankı bağladılar, insanlar küçələrdədir, bankların qabağında yığışırlar, vəsaitlərini ala bilmirlər. Konstitusiya Məhkəməsi qərar verməlidir, hələ bu qərar verilməyib”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.