Əzəmətli kompleks boş qalıb: mühacir rektorun viranəsindən – Fotolar

21-09-2018, 18:27           
Əzəmətli kompleks boş qalıb: mühacir rektorun viranəsindən – Fotolar
8 il əvvəl lisenziyası ləğv olunan, rektoru Fransaya qaçmaq məcburiyyətində qalan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası və böyük həyəti baxımsız qalıb. AzEuroNews.com olaraq həmin ərazidə çəkiliş apararkən ABU-nun həyətini kol-kos basdığını, nəzarətsiz qaldığını görmüşük.

Bu böyük bina və həyəti illərdir ki, istifadəsizdir. Hüquq elmləri doktoru, professor, mühacirətdəki sabiq rektor Elşad Abdullayevə açılan cinayət işi və əmlakına həbs qoyulması həmin təhsil ocağının istifadəsiz qalmasına əbəb olub.

Elşad Abdullayev
Bir müddət əvvəl E.Abdullayevə aid əmlakın ondan alınaraq dövlətin balansına verildiyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin xəbərlərdə deyilirdi ki, hansısa təhsil müəssisəsi ora köçürüləcək. Geniş otaqları, böyük həyəti, hər bir şəraiti olan binada universitetlərdən biri fəaliyyət göstərə bilərdi.

ABU-nun həyətində fəvvarə, eks-prezident Heydər Əliyevin heykəli, şairlərin büstləri, böyük bir yaşıllıq mövcuddur. Sadəcə, yüngül əl gəzdirilərək 8 ildir boş qalan bu təhsil kompleksindən yüksək səviyyədə istifadə etmək olar.

Universitetin rektorluğu, bir neçə korpusu, ayrıca yeməkxanası, idman korpusu var. Universitetin binası 4 mərtəbəlidir.

Amma E.Abdullayev ölkədən gedəni ABU viranə, kimsəsiz qalıb. Hətta ABU-nun girişindəki pəncərələrə vurulmuş 11 il əvvəlki elanlar da qoparılmayıb.

Qeyd edək ki, ali məktəbin fəaliyyətinə xitam veriləndən sonra minlərlə məzun diplomsuz qaldı.

Keçmiş rektor isə ölkəni tərk edərək Fransaya yerləşdi və sabiq deputat Gülər Əhmədova ilə parlament seçkiləri ilə bağlı mandat alverini əks etdirən söhbətinin videosunu yaydı.

Bundan sonra G.Əhmədovanın mandatına xitam verildi, həbs olundu. E.Abdullayev barəsində cinayət işi var və axtarışa verilib.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.