Naxçıvanda texniki baxış 100 manata qaldırılıb

23-01-2025, 21:40           
Naxçıvanda texniki baxış 100 manata qaldırılıb
Naxçıvanda avtomobillərin texniki baxışdan keçdiyini təsdiqləyən sənədin qiyməti buraxılış ilindən asılı olaraq 80-120 manata qaldırılıb. Bu, nəzərdə tutulan dövlət rüsumundan təxminən iki dəfə artıqdır. Üstəlik, bu sənədlər avtomobillərə heç bir texniki baxış tətbiq edilmədən, səyyar şəkildə, əsasən yanacaq doldurma məntəqələrində satılır.
Azərbaycanda texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumu 10-40 manat arasında dəyişir. Bundan əlavə, texniki baxış zamanı hər avtomobil üçün 20 manat utilizasiya pulu ödənməlidir.
Kəngərli rayon sakini Kamran Qasımov deyir ki, 2010-cu il istehsalı olan VAZ 2107 avtomobilini texniki baxışdan keçirmək üçün müvafiq mərkəzə gedib. Lakin ona bildirilib ki, texniki baxışdan keçməyə ehtiyac yoxdur:
“Mən avtomobilimi həqiqətən texniki baxışdan keçirmək istəyirdim. Bunun üçün də xeyli xərc çəkib, maşının əyər-əksiyini düzəltdirmişdim. Düşünürdüm ki, 30 manat texniki baxış, 20 manat da utilizasiya üçün ödəyib, sənədimi alacağam. Müayinə mərkəzində mənə gülüb dedilər ki, burada baxış keçirilmir. Get, rayonunuzdakı yanacaq doldurma məntəqəsində pulunu ver, sənədini al. Getdim ora, bu işlərlə məşğul olan DYP əməkdaşı dedi ki, 110 manatdır, sən 100 ver. Nə qədər izah etsəm də ki, dövlət rüsumu cəmi 50 manat edir, məhəl qoymadı. Dedi ki, ya 100 manatı verib sənədi alacaqsan, ya da maşın cərimə meydançasına gedəcək. Məcbur olub, rüsumdan əlavə 50 manat da rüşvət verib sənədi aldım.”
Şərur rayon sakini Bəhruz Həsənov da eyni problemlə üzləşdiyini deyir:
“Bizim rayonda texniki baxışı polislər yolda satırlar. 2018-ci il istehsalı olan avtomobil üçün məndən 80 manat aldılar. Əslində isə, cəmi 30 manat ödəməli idim. Dedilər ki, texniki baxışa ehtiyac yoxdur. 80 manatımı alıb, müvafiq sənədi verdilər. Heç baxmadılar ki, maşın qaydasındadır, ya yox. Yol qırağında duran istənilən DYP əməkdaşından rüşvətini verib, texniki baxışdan keçməklə bağlı sənədi almaq olar.”
Gündəlik Naxçıvan
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru