Niyə Əbu-Dabi ABŞ, Rusiya və ya Avropa deyil?

Bu gün, 08:38           
Niyə Əbu-Dabi ABŞ, Rusiya və ya Avropa deyil?
Məsələ açıq şəkildə qoyulub – Ermənistan rəhbərliyi “ev tapşırığını” yerinə yetirməlidir...

Çingiz Məmmədov, müstəqil ekspert, Azərbaycan Prezident Administrasiyası Kommunikasiya ofisinin sabiq rəhbəri, BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan Ofisi ekoloji layihələrin keçmiş rəhbəri.

Baş verənlər
Məlum olduğu kimi, bir neçə gün öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərləri arasında ikitərəfli danışıqlar keçirilib. Görüşün özü o qədər gözlənilməz oldu ki, demək olar, detallara diqqət yetirilmədi. Halbuki, əsas məqamların məhz detallarda gizləndiyi məlum məsələdir. Bəs əslində bu görüşün əhəmiyyəti nədən ibarət idi, hər iki tərəf üçün hansı məna daşıyırdı və bu görüşdən nə gözləmək olar? Hər dəfə hansısa mühüm hadisə baş verdikdə ilk suallar “Nə?”, “Harada?” və “Nə vaxt?” olur.
Elə bu suallardan da başlayaq.

“Harada?”
Bu, Azərbaycan və Ermənistan arasında tam neytral ərazidə keçirilən ilk belə görüşdür. Bundan əvvəlki bütün görüşlər ya Rusiyada, ya ABŞ-də, ya da Avropada baş tutub. Yəni, hansı formatda olmasından asılı olmayaraq iflasa uğramış Minsk qrupunu təmsil edən ölkələrin vasitəçiliyi ilə. Yəni, əvvəlki görüşlər formal olaraq ikitərəfli görüş kimi təqdim edilirdi və qeyd edilirdi ki, qəbul edən ölkə və ya region (məsələn, Avropa nümunəsində) yalnız görüşün təşkilatçısıdır. Amma istər ABŞ, istər Rusiya, istərsə də Avropa İttifaqı tərəfindən həmişə Azərbaycana qarşı qərəzli münasibət açıq-aydın hiss olunurdu.

Bildiyimiz kimi, məhz Azərbaycan 44 günlük müharibənin başa çatmasından dərhal sonra heç bir vasitəçi olmadan, yalnız ikitərəfli formatda danışıqların tərəfdarı kimi çıxış edirdi. Ermənistan isə daima – bəzən açıq, bəzən üstüörtülü şəkildə – hansısa üçüncü tərəfin iştirakında israr edirdi. Beləliklə, prosesə Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmayan, öz geosiyasi hədəflərinə çatmağa çalışan qüvvələr cəlb olunurdu.

Buna görə də, heç şübhəsiz, Əbu-Dabidəki danışıqları “Harada?” nöqteyi-nəzərindən qiymətləndirərkən bu görüşü Azərbaycanın və onun diplomatiyasının aktivinə yazmaq olar. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, təkcə Rusiya deyil, kollektiv Qərbin, xüsusən də Avropanın türkofob və islamofob qüvvələri və qrupları bu dəfə oyundan kənar vəziyyətdə qaldılar və ilk dəfə olaraq danışıqlara müdaxilə imkanlarından məhrum oldular. ABŞ-nin və müəyyən mənada Çinin mövqeyi və rolu barədə isə bir qədər sonra danışacağıq.

“Nə vaxt?”
Əbu-Dabidəki görüş İranla ABŞ-İsrail tandemi arasında baş vermiş 12 günlük müharibənin başa çatmasından dərhal sonra keçirildi. Həmçinin, bu görüş Rusiya və Azərbaycan arasında qarşıdurmanın davam etdiyi, Xankəndidə İƏT-in mühüm toplantısının keçirildiyi və Ermənistan daxilində elə həmin Rusiyanın açıq müdaxiləsi ilə müşayiət olunan siyasi qarşıdurma fonunda baş tutdu. Ermənistanın əsas müttəfiqlərindən biri olan İran ABŞ-İsrail tandemi ilə toqquşmadan sonra öz yaralarını sarımaqla məşğuldur. Digər keçmiş müttəfiqi olan Rusiya isə Ukrayna müharibəsində ilişib.

Rusiya artıq nə Ermənistanı, nə də Azərbaycanı itaətə məcbur etmək imkanına malik deyil, amma yenə də vasitəçi və “sülhməramlı” kimi çıxış etmək səylərindən əl çəkmir. Azərbaycana nə iqtisadi, nə siyasi, nə də hərbi təsir imkanları olmayan Rusiya, Kremlin sonuncu “güclü vasitə” saydığı Azərbaycan diasporuna təzyiq yolu ilə Azərbaycana təsir etməyə çalışdı.

Lakin bu cəhd də nəticə vermədi və dərhal uğursuzluğa düçar oldu. Rusiya, Azərbaycanın sərt mövqeyi qarşısında geri çəkilməyə hazır olduğunu nümayiş etdirdi. Rusiya hətta vurduğu təyyarəyə və iki azərbaycanlının məhkəməsiz qətlə yetirilməsinə görə rəsmən üzr istəməsə belə, artıq aydındır ki, Azərbaycan Rusiyanın təzyiqlərinə boyun əyməyəcək. Rusiya rəhbərliyi anladı ki, Azərbaycanın rəhbərliyi öz maraqlarını müdafiə etmək üçün həm lazımi resurslara, həm də qəti iradəyə sahibdir.

Ermənistanla bağlı isə vəziyyət fərqlidir. Azərbaycanla müqayisədə Rusiyanın Ermənistana təsir imkanları olduqca genişdir. Buraya həm iqtisadi, həm siyasi, həm də hərbi vasitələr daxildir. Rusiya Ermənistanın strateji infrastrukturunun sahibdir, sanksiyalar tətbiq edilmiş mallar da daxil olmaqla onun ən böyük ticarət tərəfdaşıdır, ölkədə böyük hərbi bazalara malikdir. Üstəlik, Ermənistanın daxilində ciddi təsir imkanlarına malik “5-ci kolon” saxlayır.

Bu “5-ci kolon”a keçmiş prezidentlər, parlament və güc strukturları başda olmaqla ölkənin hazırkı dövlət strukturlarında çalışan şəxslər, nüfuzlu biznesmenlər və Ermənistan Kilsəsi daxildir. Hazırda Rusiyanın birbaşa müdaxiləsi ilə bu qüvvələrin birləşmək tendensiyası müşahidə olunur. Buraya Rusiyadakı erməni diasporunu da daxil etmək lazımdır.

Buna görə də, xüsusən müharibənin nəticəsi fonunda baş nazir Nikol Paşinyanın hakimiyyətinin dayanıqlığı, Prezident İlham Əliyevin hakimiyyətinin dayanaqlılığı ilə müqayisə oluna bilməz. Əliyevin ciddi “mövqe üstünlüyü” var. Çünki Ermənistan Əbu-Dabidəki danışıqlara xarici müttəfiqlərinin zəiflədiyi və daxili siyasi vəziyyətinin gərginləşdiyi bir vaxtda qatılmışdı.

Yəni, “Nə vaxt?” sualı nöqteyi-nəzərindən də üstünlük Azərbaycanın tərəfindədir. Bu situasiyada Ermənistan Əbu-Dabidəki görüşün baş tutmasında Azərbaycandan daha maraqlı idi və bu da ölkəmizin danışıqlardakı mövqeyini daha da gücləndirir.

Yuxarıda deyilənləri yekunlaşdıraraq qeyd etmək olar ki, həm “Harada?”, həm də “Nə zaman?” sualları baxımından Əbu-Dabi danışıqlarında strateji, taktiki və psixoloji üstünlük Azərbaycanın, Prezident İlham Əliyevin tərəfində idi və bunu ölkəmizin mühüm diplomatik qələbəsi saymaq olar.

İndi isə gələcəyə yönəlik ən vacib suala nəzər salaq:

“Nə?”

Bu sual bir neçə aspekti əhatə edir. Birincisi, Əbu-Dabidə hansı məsələlər müzakirə olunub? İkincisi, hansı qərarlar qəbul edilib? Üçüncüsü, yaxın gələcəkdə nələr gözlənilir?

Birinci, ən sadə sualdır. Gözlənildiyi kimi, Azərbaycan 44 günlük müharibənin başa çatmasından dərhal sonra irəli sürdüyü və 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etdikdən sonra bir daha təkrar etdiyi tələbləri yenidən gündəmə gətirib. Bunun Azərbaycan üçün hansısa əhəmiyyət varmı?

Bəli, özü də kifayət qədər böyük. Ermənistan rəhbərliyi və elitası nə qədər uğursuz və bacarıqsız olsa da, Əbu-Dabi görüşünə qədər Azərbaycanın Konstitusiyasında da Ermənistana qarşı ərazi iddialarının yer aldığını iddia edirdisə, artıq bu imkandan məhrum olub. Çünki Əbu-Dabi görüşündə yalnız Ermənistan Konstitusiyası müzakirə edilib. Və bu, təkcə danışıqlarda Azərbaycanın üstünlüyü deyil, həm də obyektiv reallığın nəticəsidir.

Məsələ ondadır ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları deyil, Azərbaycanın bir hissəsinin – Qarabağın ilhaqı qeyd olunub. Ona görə də, Ermənistan və Azərbaycanın konstitusiyalarını aqressivlik baxımından müqayisə etmək tamamilə əsassızdır. Ermənistan rəhbərliyi Əbu-Dabidə görüş zamanı Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı narahatlığının legitim olduğunu etiraf etməyə məcbur olub. Çünki Azərbaycan tərəfi əsas qanununda qarşı tərəfin ərazisinin ilhaqını təsbit edən bir dövlətlə sülh müqaviləsi bağlaya bilməz! Qətiyyən!

ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı da eyni yanaşma sərgilənir. Çünki bu qurum ilk gündən Azərbaycana qarşı təcavüz aləti kimi fəaliyyət göstərib və məqsəd Azərbaycan ərazilərinin işğalını qanuniləşdirmək olub. Nəhayət, Azərbaycan Naxçıvanla ölkənin əsas hissəsi arasında maneəsiz əlaqənin təmin olunması ilə bağlı mövqeyini növbəti dəfə təkrar edib.

Yəni, Əbu-Dabi görüşünün mahiyyəti “Nə?” sualı baxımından da Ermənistanın sülhə hazır olmaması ilə bağlı Azərbaycanın narahatlığının legitimləşdirilməsinə yönəlmişdi. Bu görüşədək Prezident İlham Əliyevin hansısa bəyanatı, məsələn, Ermənistan Konstitusiyası ilə bağlı iradı müzakirə olunan zaman politoloqlar və eyni zamanda Ermənistanın Baş naziri Paşinyan etiraz edir və Azərbaycan Konstitusiyasında da bənzər müddəaların olduğunu iddia edirdilərsə, ilk dəfə üzbəüz görüşdə ancaq Ermənistan Konstitusiyası və onun dəyişdirilməsinin zəruriliyi müzakirə predmeti oldu.

Vəssalam. Artıq heç bir “paritet” arqumenti yoxdur və olmayacaq da! Məsələ açıq şəkildə qoyulub – Ermənistan rəhbərliyi “ev tapşırığını” yerinə yetirməli, erməni cəmiyyətini Konstitusiyanın dəyişdirilməsinin, Minsk Qrupunun buraxılmasının və vaxtilə Ermənistan, daha doğrusu, onun hamiləri tərəfindən parçalanmış Azərbaycanın iki hissəsi arasında maneəsiz əlaqənin təmin olunmasının zəruriliyinə inandırmalıdır. Bu məsələlər həll olunmadan, Ermənistan rəhbərliyinin son vaxtlar, o cümlədən Əbu-Dabi görüşündən sonra reytinqini artırmaq üçün tez-tez dilə gətirdiyi sərhədin delimitasiyası məsələsi yalnız simvolik xarakter daşıya bilər.

Ona görə də, Əbu-Dabi görüşünün yeganə rəsmən bəyan edilən nəticəsi danışıqların sırf ikitərəfli formatda davam etdirilməsi barədə razılıq olub və bu hər iki tərəfin press-relizində də nə az nə çox, düz üç dəfə bu əksini tapıb.

Bu bəyanatın əhəmiyyətini daha dərindən anlamaq üçün isə əvvəlki üç suala daha bir vacib sual əlavə etmək lazımdır:

“Necə?”

Bəs Əbu-Dabi görüşü necə baş tutdu? Bu görüşün yalnız Azərbaycan, Ermənistan və BƏƏ rəhbərləri arasında razılaşdırıldığına inanmaq çətindir. ABŞ-nin bu prosesdə iştirak etmədiyini fərz etsək belə (halbuki çoxsaylı faktlar bunun əksini göstərir), ABŞ Rusiya və ya Aİ-dən fərqli olaraq bu görüşə mane olmaq imkanına malik idi. Çünki ABŞ-nin BƏƏ və Körfəzin digər ərəb ölkələrinə təsiri danılmazdır.

Heç bir rəsmi məlumat olmasa da, ehtimal edirəm ki, prezident Trampla prezident Putin arasında sonuncu telefon danışığı zamanı Cənubi Qafqazda sülh məsələsi də müzakirə olunub. Tramp bu danışıqdan sonra bəyan etmişdi ki, Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyindən narazıdır və onu “sürprizlər” gözləyir.

Həmin “sürprizlərdən” biri də məhz Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesindən tam kənarlaşdırılması ola bilər. Nəzərə alaq ki, artıq nə Azərbaycan, nə də Ermənistan Rusiyanı nə faydalı vasitəçi, nə də neytral platforma hesab edir.

Əbu-Dabidə danışıqlar formal olaraq ikitərəfli görüş sayılsa da, ABŞ ən azı danışıqlara hazırlıq prosesindən tam xəbərdar olub və bəlkə də bu prosesə dəstək verib. Danışıqlardan sonra da bütün maraqlı tərəflər arasında ən dolğun məlumata sahib olacaq. Bu, bizim üçün yaxşıdırmı, yoxsa pis?

Məncə, yaxşıdır. Birincisi, ABŞ-də artıq əvvəlki qədər ermənipərəst olmayan yeni administrasiya var. Amma etiraf etməliyik ki, ümumilikdə, əvvəlki dərəcədə olmasa da, Qərb dünyasının lideri kimi ABŞ-nin rəğbəti əvvəlki kimi Ermənistan tərəfində olacaq. ABŞ-dəki erməni lobbisini də nəzərdən qaçırmaq olmaz. Amma digər tərəfdən, ABŞ da artıq müəyyən qədər reallığı dərk edir.

Azərbaycan həm ABŞ-yə, həm Rusiyaya, həm İrana, həm də Aİ-yə qarşı prinsipial, təmkinli və qətiyyətli mövqeyi ilə göstərdi ki, həm öz maraqlarını qorumaq üçün kifayət qədər resurslara sahibdir, həm də onlardan necə bacarıqla istifadə etməyi yaxşı bilir.

Əslində, yuxarıda da qeyd etdiyimiz kimi, Əbu-Dabidə baş tutan görüş Azərbaycana deyil, daha çox Ermənistan və onun Qərbyönlü rəhbərliyi üçün lazım idi. Azərbaycan isə bu görüşə çox güman ki, ABŞ-ın neytral mövqe tutması və Azərbaycanın öncədən irəli sürdüyü şərtlərin legitimliyinin qəbul etməsi vədi ilə razılıq verib.

Xatırladaq ki, ABŞ hələ bir qədər əvvələ kimi Azərbaycanın yuxarıda qeyd etdiyimiz şərtləri yerinə yetirilmədən sülh sazişini imzalamasında israr edir və yalnız Azərbaycana deyil, onun güclü müttəfiqi Türkiyəyə də təzyiqlər göstərirdi. İndi bu dövr artıq geridədir. Əbu-Dabi görüşü göstərdi ki, ABŞ Azərbaycanın iki mühüm tələbinin legitimliyini qəbul edıb.

Bəs Çin bu prosesdə hansısa rol oynamışdırmı, onun Əbu-Dabi danışıqlarına təsiri olmuşdumu? Fikrimcə, dolayı olsa da, Cinin mühüm təsiri olmuşdur. Çünki məhz Çin ABŞ-nin dünya arenasındakı hegemonluğuna son qoyan ölkədir və bir çox dövlətlərə ABŞ-dən müstəqil siyasət yürütmək imkanı yaradır.

Soyuq müharibənin bitməsindən sonrakı otuz il ərzində ABŞ bütün dünyada tam hegemon dövlət idi. Azərbaycan da daxil olmaqla, bütün digər dövlətlər ABŞ-nin bir növ dediyi ilə durub-otururdular. Bu dövr bitmək üzrədir. İş burasındadır ki, Çin iqtisadi gücünə görə artıq ABŞ-yə yaxınlaşıb. Bu da gələcəkdə Çinə həm siyasi, həm də hərbi cəhətdən ABŞ ilə uğurlu rəqabət aparmaq imkanı yaradır. Bu da Azərbaycanın xeyrinədir.

ABŞ Çinlə uğurlu rəqabət apara bilmək üçün, əvvəlki dövrdən fərqli olaraq, hətta o qədər də böyük olmayan dövlətlərin maraq və istəklərini nəzərə almaq məcburiyyətindədir. Çünki qüvvələrin müəyyən tarazlığı halında məhz kiçik dövlətlərin mövqeyi ABŞ-Çin rəqabətinin taleyini həll edə bilər. Bu da Çinin yaxın onilliklərdə dünya siyasətindəki müsbət rolunu təşkil edəcək, o cümlədən Azərbaycan kimi ölkələr üçün. Üstəlik, Pekinin Zəngəzur dəhlizinin işə düşməsində və hansı şəkildə işə düşməsində birbaşa maraqlı olmasını da nəzərə almalıyıq.

İndi isə nəhayət, sonucu suala keçək:

“Bizi nə gözləyir?”

Bundan sonra proses yenə də Ermənistanın, onun rəhbərliyinin və cəmiyyətinin davranışından asılıdır. Böyük ehtimalla, sülh sazişi Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərinədək imzalanmayacaq. Çünki çoxsaylı ictimai rəy sorğuları, siyasətçi və politoloqların açıqlamaları da göstərir ki, Paşinyan Konstitusiyanın dəyişdirilməsi məsələsini seçkilərə qədər referenduma çıxarsa, cəmiyyətin “yox” cavabı riski ilə üzləşə bilər.

Bu isə bir növ ona etimadsızlıq votumu demək olacaq. Buna görə, böyük ehtimalla, Konstitusiya dəyişikliyi məsələsi 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra müzakirəyə çıxarılacaq.

Azərbaycanla sülh sazişini uğurla imzalamaq, yəni, həm sülh əldə etmək, həm də Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına nail olmaq üçün Paşinyan üç maneəni, üç şərti dəf etməlidir:

Birincisi, Ermənistanın daxilindəki indiki siyasi qarşıdurma, siyasi böhrandan qalib çıxıb, hakimiyyəti qoruyub saxlaya bilsə. İkincisi, 2026-cı ilin iyununda keçiriləcək seçkilərdə qalib gəlsə. Və üçüncüsü, Ermənistan cəmiyyətinə Azərbaycana qarşı yeni təcavüz kursunun Ermənistan dövlətçiliyinə təhlükə olduğunu başa salıb, sonra uğurlu referendum keçirib Konstitusiyanı dəyişə və Minsk Qrupunu buraxa bilsə.

Paşınyanın ayağı bu üç mərhələnin hər birində büdrəyə bilər və Ermənistanda hakimiyyətə Rusiya və hətta Qərbin müəyyən dairələrinin dəstəyi ilə yenidən Azərbaycana qarşı təkrar təcavüzün tərəfdarları gələ bilər. Azərbaycana qarşı təkrar təcavüzün nə ilə nəticələnəcəyi ehtimal etmək çətin deyil.

Azərbaycan bütün məsələlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ermənistanın təkrar təcavüzü Ermənistan dövlətçiliyinə son qoysa da, bu yenə də Azərbaycanın ən yaxşı oğul və qızlarının həyatı bahasına baş verəcək.

Buna görə Azərbaycan öz tərəfindən Ermənistanda real vəziyyəti qiymətləndirə bilən və dövlətçiliyə təhlükə mənbəyinin mifoloji Ermənistan ideyasından qaynaqlandığını anlayan rasional qüvvələri gücləndirmək üçün əlindən gələni edib və edir. Top artıq Ermənistan tərəfindədir. Azərbaycan isə Əbu-Dabidəki görüşə razılıq verməklə bir daha göstərdi ki, istənilən ssenariyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru