Rayon icra hakimiyyətləri kimə xidmət edir – xalqa, yoxsa biznesə?
Bu gün, 09:14

Rayon icra hakimiyyətləri kağız üzərində yerli problemlərin həlli, sosial ədalətin təminatı və dövlət siyasətinin bölgələrdə tətbiqi üçün yaradılıb. Amma reallıqda bu qurumlar çox zaman sadə vətəndaşın yox, müəyyən maraq qruplarının xidmətçisinə çevrilib.
Bölgələrdə torpaq bölgüsü, tikinti icazələri, sosial yardım siyahıları, tenderlər və hətta vəzifəyə təyinatlar belə çox vaxt "gizli bazarlıq" əsasında aparılır. Belə olan halda sual yaranır: icra hakimiyyəti xalqın yoxsa “tanış bizneslərin” nümayəndəsidir?
"DogruXeber.az"ın müşahidələrinə görə əhalidən gələn şikayətlər göstərir ki, bir çox rayon icra hakimiyyətləri üçün prioritet – müəyyən sahibkarları qorumaq, özlərinə yaxın şirkətlərə şərait yaratmaq və vətəndaş şikayətlərinə səthi yanaşmaqdır. Vətəndaş torpaq istəyir – “yoxdur” deyirlər, amma iri layihələr üçün hektar-hektar sahələr bir imza ilə verilir.
Bəzən isə rayon rəhbərləri özlərini kiçik padşah kimi aparır. Tənqid edən jurnalist və ya fəal dərhal təzyiqlə üzləşir. Şəffaflıq yoxdur, hesabatlılıq yoxdur. Ən pisi odur ki, bu davranışlar cəzasız qalır və illərlə eyni sxemlər davam edir.
Əgər rayon icra hakimiyyətləri xalqa deyil, biznesə işləyəcəksə, bəs vətəndaş haqlarını kim qoruyacaq?
Dövlətin mərkəzi orqanları bu qurumlara nəzarəti real şəkildə gücləndirməli, vətəndaşın səsi ilə maraqlanmalıdır. Yoxsa bölgələrdə inamsızlıq dərinləşəcək, vətəndaş dövlətə yox, vasitəçiyə müraciət etməyə məcbur qalacaq.