Dürzilər kimdirlər?
Bu gün, 09:38

Bir sıra Facebook dostlarımın suallarını nəzərə alıb, İsrailin açıq şəkildə dəstəklədiyi Dürzilər barədə bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.
Sual: Dürzilər kimdirlər?
Dürzilər bir qismi Suriyada, bir qismi isə Livan, İordaniya və İsraildə yaşayan azlıqdırlar.
Dilləri ərəbcədir.
Yayıldıqları 4 ölkədə toplam 1.200 min (1.2 milyon) civarında durzi yaşayır. 200 min civarında dürzi isə xaricdə məskunlaşıb. Yəni dünyada hardasa 1.5 milyon dürzi var.
Saylarının az olmasına baxmayaraq, aralarında inanılmaz səviyyədə birlik mövcuddur. Bu da onların yaşayış tərzlərindən və dini inanışlarından irəli gəlir. Zaman-zaman fransızların, ingilislərin və digər işğalçı qüvvələrin təqibinə məruz qalsalar da, əsla təslim olmayıblar və zorla əsarət altına alınsalar da öz ənənəvi yaşam tərzlərini qorumağı bacarmışlar. Onları qorxulu edən də məhz bu özəllikləridir. Dürzilər özlərinə məxsus qisas bayraqlarını qaldırdılarsa, son nəfəslərinə qədər azadlıqları uğrunda vuruşarlar. Saylarının azalmaları da bəlkə də bu inadkarlıqlarından qaynaqlanır.
İnanışları
Dürzilər şiəliyin ismaili təriqətinə məxsusdurlar. Bu təriqətin formalaşmasında Fatimi xilafətinin 6-cı xəlifəsi Hakim Bi-Əmrillahın böyük rolu olmuşdur. 1021-ci ildə birdən-birə yoxa çıxmasına baxmayaraq, dürzilər onu indiyədək ən böyük müqəddəs şəxsiyyələrindən biri, bəlkə də birincisi sayırlar.
Dürzi inancına görə, Adəmdən Məhəmməd peyğəmbərə qədər gəlib keçmiş bütün peyğəmbərlər əslində insanları əsl məbuddan ayırıb başqa istiqamətlərə yönəldiblər. Əsl din isə onlara aiddir.
Həqiqi dinin əsasları gizli tutulduğundan onu ancaq durzi imamları bilir.
Dürzilərdə reenkarnasiya kimi islama uyğun olmayan inanclar da var. Yəni insan öləndən sonra ruhunun başqasına keçdiyinə inanırlar. Məsələn, dürziliyin banilərindən olan Həmzə ibn Əlinin Adəmdən bəri müxtəlif cismlərdə təzahür etdiyinə inanılır ki, onlardan biri də Salman Farisidir. Həmzə həm də “Allaha aparan yol, Allahın Ərşini daşıyan mələklərin yaradıcısı, Allahla insanlıq arasında vasitəçi” sayılır.
Dürzilərin fikrincə, cənnət və cəhənnəm fiziki deyil, mənəvidir. Allaha düzgün iman edənlərin ruhu o biri dünyada kef çəkir və bu da elə cənnət deməkdir. Bəd əməllilər isə Allah qarşısında xəcalət çəkirlər, bu da cəhənnəm əzabından başqa bir şey deyil.
Siyasi statusları və mənsubiyyətləri
Livanda yaşayan dürzilər bu ölkədə fəaliyyət göstərən Mütərəqqi Sosialist Partiyasında cəmləşiblər. Lideri Valid Canbolatdır. Digər dürzilərlə müqayisədə daha barışcıldırlar və zaman-zaman sünni fraksiyalarla birləşirlər.
Suriyada yaşayan dürzilər Bəşər Əsədin devrilməsinə qədər iqtidarda olan Bəzz partiyasına ilk qatılanlardan olublar. Bunun səbəbi məzhəbcə nüsayri olan Əsədlərin digər məzhəbləri də öz ətrafına toplayıb sünni kəsimə qarşı siyasət yürütməsi idi.
İsraildə yaşayan dürzilər isə Tel-əvivin hüququnu tanıdığı yeganə azlıqdır. Hətta yəhudilərlə bağladıqları “qan qardaşlığı” razılaşmasına əsasən İsrailin qurucu iki etnik qrupundan biri kimi tanınırlar. İsrail ordusunun rəhbərliyində xeyli sayda dürzilər yer alır.
Bütün bu fərqli özəlliklərinə baxmayaraq Allahın birliyinə inanırlar, özlərini "Əhli-tövhid" (Tövhid əhli) sayırlar.
İsrailin dürziləri dəstəkləməsinin əsas səbəbi Suriyanı parçalamaqdır. 1982-ci ildə bəyan olunan Oded planına əsasən, İsrailin təhlükəsizliyi naminə İraq 3, Suriya 4, Livan isə 5 yerə parçalanmalıdır.
Heydər Oğuz
TEREF