Oliqarxların məhkəməsində gömrüklə bağlı rüşvət iddiaları - 1 milyon pul vermişəm
4-11-2015, 16:36
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Əsban Hüseynov ifadə verərək deyib ki, Araz Eyvazovla qonşu olub, özü santexnik işləyib: “Bu işə heç bir aidiyytaım yoxdur”.
Təqsirləndirilən Araz Eyvazov deyib ki, Ə.Hüseynov 2012-ci ildə bir neçə ay ərzində onun şəxsi sürücüsü olub: “Türkiyədən gələn malları bir neçə dəfə dükanlara paylayıb”. Ə.Hüseynovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O ifadəsində deyib ki, anbardan uşaq bezləri, qab şampunları götürüb topdansatış mağazalarına və dükanlara paylayıb.
Bundan sonra şahid belə bir işlə məşğul olduğunu təsdiqləyib və bildirib ki, Araz Eyvazovun tapşırığı ilə malları satıb: “Mənə deyirdi apar filankəsə ver, bu qədər pul verəcək, al gətir. Mən də edirdim, pulu da gətirib Araza verirdim. Bir dəfə Araz mənə mebel almağı təklif etdi. Gedib baxdım, gördüm mebellər yararsızdı, divanın yarısı yox idi, almadım”.
Təqsirləndirilən Araz Eyvazov biznes sahəsində gömrük xidmətinin monopoliya yaratmasına dair iddialar səsləndirib: “Biz mebellərin hər “TIR”ına görə 33 min 150 dollar ödəyirik, əlavə olaraq da 4 min dollar nəqliyyat xərci verirdik. Nəqliyyat xərcini ödəmədən maşını açıb malı boşaltmağa icazə vermirdim. O pulun 7500 dolları rəsmi rüsum idi, ödəyib qəbz alırdıq. Qalan pulu isə elə-belə verirdik, o monopoliyanın pulu idi. Həmin pulları gömrüyün işçisi Rafiq müəllim nağd şəkildə alırdı. Pulu ona İbrahim müəllimin otağında verirdik.
Yuyucu tozların hər maşınına görə yol xərci ilə birlikdə təxminən 20 min dollar, uşaq bezlərinə hər maşına görə 24 min dollar, qab şampunlarının hər maşınına görə 15500 dollar, elektrik lampalarının hər maşınına təxminən 50 min dollar, mərmərə görə isə hər maşına 12 min manat gömrüyə pul ödəyirdik. Bu məbləğlərə yol xərcləri daxil idi.
Bundan başqa Eldəniz Axundovun Novxanıda villasına da 300 minlik mebel boşaltmışdıq. O mebellərə görə 75 min gömrüyə pul vermişdik. Malların boşaldılmasına Gömrük Komitəsinin Məftun adlı əməkdaşı nəzarət edirdi”.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bütün biznes fəaliyyəti ərzində neçə maşın mal gətirdiyini və nə qədər pul ödədiyini soruşub. Araz Eyvazov bildirib ki, ümumilikdə təxminən 40-a yaxın maşınla mal gətirib və bunlara görə gömrüyə 1 milyon dollara yaxın pul ödəyib: “Eldəiz deyir ki, 70 maşın mal gətirilib. Yalan söhbətdir, O qədər malı heç “Azərsun” gətirə bilmir. 70 maşın malın gömrük pulu 4 milyon dollar edir. Bu işdə bütün problemləri yaradan Vüsal Cəfərovdur, əgər o tapılsa və gəlib ifadə versə, hər şey həll olacaq”.
Anbar müdiri Ruslan Hüseynov ifadə verərək Orxan Rəsulov vasitəsilə Araz Eyvazovu tanıdığını deyib: “Orxanla tələbə yoldaşı olmuşam. Məndən xahiş etdi ki, anbardan istifadə etməyə imkan yaradım. Mən də verdim, dedim pulsuz gətirin malınızı vurun. Mallar orada üç ay qalmalı idi, sonra artıq 10 aya yaxınlaşırdı, amma bunlar çıxmırdı. Onda Orxan da ortalıqda yox idi. Mən də Arazdan pul istədim, son 4 ayın pulunu, hər aya 500 manat aldım. Sonra böyük anbara keçdilər, ora mebel vurdular. Onun aylığını 800 manata danışmışdıq, o pulu da verə bilmədilər, əvəzinə divan götürdük”.
Araz Eyvazov bildirib ki, Orxan Rəsulovla birlikdə biznes işlədikləri zaman kiçik anbarı icarəyə götürüblər: “Eldəniz Axundovla işləyəndə 1000 kvadratlıq anbarı götürdük, hər ay da 2000 manat icarə haqqı verirdik”.
Bundan sonra şahid Möhsün Əsədov təkrarən şahid kimi dindirilib. Hakim qeyd edib ki, M.Əsədov məhkəməyə ilkin ifadəsi zamanı Araz Eyvazovun evində usta işlədiyini və bu proseslərə heç bir aidiyyatının olmadığını və Türkiyəyə pul göndərmədiyini deyib: “Məhkəmənin qərarı ilə sənin telefon nömrən üzrə mobel operatora sorğu göndərilib və cavab verilib. O sənəddən aydın olur ki, siz, Möhsün Əsədov, 2013-cü ilin may-sentyabr aylarında mütəmadi olaraq Türkiyə ilə əlaqə saxlayıb külli miqdarda pulların köçürülməsi barədə danışmısınız. Burada hər dəfə 30 min, 53 min, 20 min, 10 min, 7 min və s. məbləğlərdə pul köçürməsi etdiyiniz qeyd olunub. Sizə ötən iclasda ifadə vermədən öncə xəbərdarlıq edildi ki, yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyırsınız. Amma siz yalan danışaraq məhkəməni aldatmısınız. Sizin əməllərinizdə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma halları var. Bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdimat verilməsi barədə qərar qəbul edilib. Sizin haqqınızda cinayət işi başladılacaq”.
Möhsün Əsədov bildirib ki, həmin dövrdən öncə valyuta dəyişmə məntəqəsində işləyib və sonralar həmin məntəqə bağlanıb: “2013-cü ildə də mənə pul verirdilər, otururdum maşına, gedirdim Naxçıvana, ordan Gömrükdən sərhədi keçirdim, pulu verib qayıdırdım. Bəzi köçürmələri isə “Zaminbank”da, “Vestern Union”da etmişəm. Vergisini də ödəmişəm. Mənə çox adam pul verib, dəqiq yadma qalmayıb heç nə. Bəlkə də Araz mənə 70 min verib, bəlkə də vermıyib. Heç nə yadma deyil. Mənə pulu verirdilər, deyirdllər apar bu adamın adına köçürt, mən də edirdim”.
Araz Eyvazov bildirib ki, satılan mallardan 70 min dollarını Möhsün Əsədəova verib, o Türkiyədəki adamların hesabına köçürüb. Məhkəmə kollegiyası banka bu barədə sorğu göndərilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə prosesi noyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Araz Eyvazov külli miqdarda dələduzluqda təqsirləndirilir. Prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.