Böyük müharibə qaçılmaz olsa, bizim region da bundan nəsibini alacaq - Səxavət Məmməd yazır
Bu gün, 09:54
Rusiya Ukrayna müharibəsi gözlənilənin əksinə daha şiddətli mərhələyə qədəm qoydu. ABŞ-daki seçkiləri uduzan demokratlar müharibəni dayandıracağını bəyan edən Trampa ATACMS sürprizi etdilər. Rusiyanın dərinliklərinin vurulması ilə bağlı icazənin verilməsi Qərbdə birmənalı qarşılanmırdı. Bir çox ekspertlər bu icazədən sonra Rusiyanın daha da aqressivləşəcəyini deyirdilər. Yeri gəlmişkən, ATACMS-dan istifadə Ukraynaya baha gələcəyini bir neçə dəfə yazmışdım.
Nədənsə Qərbdə və Azərbaycanda da bəzi şəxslərdə belə bir fikir formalaşmışdı ki, İran və Rusiya ancaq blef edir. İranın İsrailə ikinci hücumu onu göstərdi ki, İranın dili olduğu kimi diyircəyi də var. Rusiyaya gəldikdə isə rusların qitələrarası raketlərinin olması, uğurlu sınaqları onu deməyə əsas verirdi ki, Moskva bundan hər an istifadə edə bilər.
Ukrayna tərəfi ATACMS-lardan istifadə edərkən elə bir əhvala bürünmüşdü ki, sanki müharibənin taleyi həll olacaq. Ancaq rusların “Oreşnik” raketi ilə zərbə endirməsi sanki qurbağa gölünə daş atmağa bənzədi. Zelenski həmişəki kimi tərəfdaşlarını kömək etməməkdə ittiham etdi. Nəticə nə oldu? “Oreşnik”in sınaq atışı siyasi baxımdan Rusiyanın nə qədər ciddi olmasını göstərdi. Raketin özü isə Qərbin hava hücumundan müdafiə sistemlərinin heç bir işə yaramadağını ortaya qoydu. Ola bilsin deyənlər olacaq ki, bir raketlə heç nə etmək olmaz. Bir şeyə diqqət etmək lazımdır ki, NATO bir raketə görə toplantı keçirmək məcburiyyətində qalıb.
Rusiya-Ukrayna müharibəsinə diqqət etdikdə, Qərbin Rusiyanı düzgün proqnozlaşdıra bilmədiyinin açıq şahidi oluruq. “Rusiya etməz, Rusiya bu qədər dözməz, Rusiya bu qədər irəli getməz” deyilən hər şeyi Rusiya etməkdədir. Məğlubiyyət və tələskənlik həmişə səhvlərə yol açır. Rusiyanın “Oreşnik” raketindən istifadəsi Qərbdə də birmənalı qarşılanmadı. Əksər ekspert və jurnalistlər Rusiyanın addımını cavab zərbəsi kimi qiymətləndirdi. Buna qədər bütün münaqişələrdə Qərb həmişə bu xətti tuturdu: “qarşı tərəf səhv etdi, cavab veririk, yaxud cəzalandırırıq”. Eyni vəziyyətlə indi Ukrayna və Qərb üz-üzə qalıb.
Müharibənin lap əvvəlinə baxaq: Qərb, əslində, istəyinə nail olmuşdu. Qərb məcbur etmişdi ki, Rusiya Ukraynaya hücum etsin. Bunu Putin də etiraf edib. O zaman Rusiyanı işğalçı kimi göstərmək, sanksiyalar tətbiq etmək çox asan idi. Rusiyanın səhvi vardı və cəzalandırılırdı. Hazırda situasiya dəyişib. Vəziyyət hətta o həddə çatıb ki, mətbuat üzərindən manipulyasiya etmək də çətinləşib.
Müharibə elə bir həddə çatıb ki, kimin işğalçı, kimin təcavüzə məruz qalan olduğu heç kimə maraqlı deyil. Hər kəsə maraqlı olan müharibənin necə bitəcəyidir. Hazırda Qərb müharibəni necə dayandırmağın yollarını axtarır. Rusiya tərəfinin şərtləri məlumdur: Ukrayna tərəfi də şərtləri qəbul etmir. Bu, o deməkdir ki, müharibə davam edəcək. Rusiya müharibənin davam etməsində daha çox maraqlı tərəf kimi görünür. Çünki sahədə Rusiya irəliləyir. Hər gün bir və bir neçə yaşayış məntəqəsini işğal edir. Belə olan halda, Rusiyanın quru atəşkəslə razılaşacağını qətiyyən düşünmürəm. Qərb də bunun fərqindədir. Rusiya nəinki işğal etdikləri ərazilərin ona qalmasını istəyəcək, əlavə ərazilər də tələb edəcək. Qərb bununla razılaşacaq, razılaşmayacaq, bunu görəcəyik. Bütün siyasi xəritələr qanla çəkilib. Qanunlar, qaydalar isə ona uyğunlaşdırılıb. Beynəlxalq hüquq, münasibətlər, BMT işləksiz bir haldadır. BMT cırtdan Ermənistana öz qətnaməsini qəbul etdirə bilmirdi, milyardlarla pul, on minlərlə insan ölümü ilə nəticələnəcək münaqişəni həll edəcək?!
Hazırkı vəziyyət onu göstərir ki, hərbi gücü artırmaqda fayda var. Hətta Rusiyanı ABŞ və Çin hansısa bir formada atəşkəsə razı salsalar belə, bu müvəqqəti xarakter daşıyacaq. Böyük müharibə qaçılmaz olsa, bizim region da bundan nəsibini alacaq. O zaman işğal və işğalçı anlayışı da olmayacaq. Qalib və məğlublar olacaq.
Səxavət Məmməd