"Mütallib Tekişin verdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir" - Vəkil
1-08-2019, 12:48
""Azpolitika” gündəlik siyasi-ictimai onlayn qəzetin 29.07.2019-cu il tarixdə http://azpolitika.info/?p=537685 səhifəsində “DEYİRLƏR, ƏLİ HƏSƏNOVUN MAAŞI İLƏ DOLANIRIQ…” – “Yoldaşımı şantaj ediblər” başlığı altında məqalə dərc olunmuşdur. Həmin məqalədə həqiqəti əks etdirməyən məlumatlar yer almışdır". Bu sözlər qarşı tərəfin vəkili Muxtar Mustafayevin adından göndərilən məqalədə yer alıb.
Daha sonra qeyd olunur: "Belə ki, məqalədə qeyd edilmişdir ki, “...Türkiyənin məşhur “Haber Türk” kanalında yayımlanmış reportajda Əli Həsənovun Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldatdığı iddia olunub. Bu haqda kanala elə Tekişlərin özləri məlumat veriblər. Onlar bildirmişdilər ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunu müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib.”
Daha sonra məqalədə bildirilir ki, “O, bir daha bildirib ki, Əli Həsənov zərərçəkmişlərin bütün müalicə xərclərini ödəyəcəyinə söz versə də, onları aldadıb. “Bizə zərər verən tərəf öz günahlarını ört-basdır etmək üçün bizi şantajda günahlandırır. Ortada şantaj ediləcək bir məsələ yoxdur. Əksinə, Elman Allahverdiyev (Əli Həsənovun kürəkəni-red.) və yanındakılar xəstaxanaya gələrək, “imza atmasanız, sizə dəstəyimiz olmayacaq” deyə acılar içində qıvrılan yoldaşımı şantaj ediblər…”
“Əli Həsənovun 2000 manat maaşı ilə dolandıqlarını söylədilər…”
Məqalədə yazılanların mənasından həmçinin belə çıxır ki, guya, zərərçəkənlərin müalicə xərclərinin ödənilməsindən imtina edilmişdir; guya, guya, iş adamı Elman Allahverdiyev Baş Nazirin müavininin 2000 manatlıq maaşı ilə dolanır.
Bir daha bildiririk ki, Mütallib Tekişin “Habertürk”-ə və "Azpolitika”-ya verdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir.
Belə ki, 2019-cu ilin yanvar ayının sonuna qədər bütün xərclərin ödənildiyini Mutallib Tekiş özü 31 may 2019-cu il tarixdə yayılan videoda etiraf etmişdir.
Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilmişdir. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilmişdir və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur.
Mütallib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən, qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, guya, Afrikada bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində yəni, qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilmişdir.
Mütallib Tekişin və Songül Tekişin pul vəsaitlərinin olmaması səbəbindən müalicələrini davam etdirə bilməmələri barədə dəlilləri də inandırıcı deyildir. Belə ki, Türkiyə Respublikasında tibbi sığortası olan şəxslərin bütün müalicə məsrəfləri dövlət tərəfindən qarşılanır.
Bundan əlavə, Mütallib Tekişin “Afrikada milyon dollarlıq
investisiyalarının olmasına” dair heç bir sübut olmadığı halda, guya, qəza nəticəsində bu “sərmayələrlə maraqlana bilmədiyi üçün” hamısına həbs qoyulması, mallarının gömrükdə qalması barədə cəfəngiyatların “Habertürk” kimi mötəbər televiziya kanalının yayımlaması təəccüb doğurmuşdur.
Qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi “Gardenia” MMC tərəfindən Mütallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilmişdir, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməmişdir.
Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir. Mütallib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilmişdir. Ona dəfələrlə bildirilmişdir ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir.
Mutallib Tekişə isə bu təklifdən yayınaraq, mətbuat vasitəsi ilə təzyiqlər edərək, özünün istədiyi pul vəsaitini alacağını bildirir. Buradan haqlı sual ortaya çıxır: nəyə görə Mütallib Tekiş məhkəməyə müraciət etməkdən boyun qaçırır? Müxtəlif mətbu orqanlara, kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda onun müalicəsi ilə bağlı Azərbaycan Respublikasında, Türkiyə Respublikasında yüz min dollarlarla ölçülən müalicə xərclərindən, onlara ödənilmiş vəsaitlərdən bir kəlmə də belə söz açmır.
Bütün müsahibələrdə, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini cənab Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır, şantaj xarakteri daşıyır.
İş admı Elman Allahverdiyevin vəkili olaraq mətbuat vasitəsi ilə bir daha müraciət edərək bildirirəm ki, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edilməlidir".