25 ildir itkin düşən azərbaycanlıdan xəbər var
4-08-2019, 09:43
“Almaniyadan öyrəndik ki, qardaşım İlham Kərimov o ölkədə çox qalmayıb. Polisdən bizə bildirdilər ki, Hollandiyaya gedib. Ancaq Hollandiyada hansı adresdə yaşadığını bilmirlər”. Bunu AzEuroNews.com-a açıqlamasında 25 ildir Almaniyada itkin düşən İlham Kərimovun qardaşı Azər Kərimov söyləyib.
Onun sözlərinə görə, ötən gün qardaşı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə zəng vurub: “Mənə dedilər ki, rəsmi məktubla müraciət etməlisiz. Bilirəm ki, bu proses bir qədər uzun çəkəcək. Sizin vasitənizlə cənab nazir Elmar Məmmədyarovdan xahiş edirəm ki, mənə qardaşımı tapmaqda kömək etsin”.
Azər Kərimov
A.Kərimov bildirib ki, Niderland Krallığının Azərbaycandakı Səfirliyi ilə də əlaqə saxlayıb: “Ordan da bizi Xarici İşlər Nazirliyinə yönləndirdilər”.
Xatırladaq ki, 26 il əvvəl Almaniyaya işləmək adı ilə gələn Kərimov İlham İslam oğlu ailəsi tərəfindən axtarılır. AzEuroNews.com-a müraciət edən itkin düşmüş şəxsin bibisi qızı Ülviyyə Əhmədovanın sözlərinə görə, İ.Kərimov 93-cü ildə Almaniyaya gedib, Vuppertal şəhərində yaşayıb.
“Dayım oğlu 1972-ci ildə Mingəçevirdə anadan olub. 93-cü ildə işləmək üçün Almaniyaya getdi. 94-cü ilə qədər xəbərləşmişik. Orda Vuppertal şəhərində yaşayırdı. Yanından gələn adamlardan təkcə bir şəkil göndərib. Daha sonra nə zəng vurub, nə də məktub yazıb. Artıq 25 ildir ki, ondan xəbərimiz yoxdur. Azərbaycandan gedəndə subay idi, indi bilmirik ailəlidir, ya yox”.
İlham Kərimov
Onun sözlərinə görə, Almaniya Qırmızı Xaç Cəmiyyətinə məktub yazsalar da, İ.Kərimovun yaşadığı ünvanı bilmədiklərindən sözügedən cəmiyyət onlara kömək edə bilməyib.
Ülviyyə Əhmədova sayıtmız vasitəsi ilə dayısı oğlu İlham Kərimovu görən və tanıyanlardan +994 50 599 05 00 və +994 55 614 44 43 nömrələrinə zəng və ya Whatsapp vasitəsi ilə məlumat vermələrini xahiş edir.
Teref.az