DÖYÜŞ MEYDANINDA TƏRK EDİLƏN “FELDMARŞAL”…- Xaftar müttəfiqlərini itirir: Rusiya və Fransa liviyalı generaldan niyə üz döndərir?

10-09-2019, 00:53           
DÖYÜŞ MEYDANINDA TƏRK EDİLƏN “FELDMARŞAL”…- Xaftar müttəfiqlərini itirir: Rusiya və Fransa liviyalı generaldan niyə üz döndərir?
Hassan Salame Liviyada BMT sülhməramlılarının mandatının genişləndirilməsini təklif edir. BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi olan Salamenin bu təklifi BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən də dəstəklənib. Qurumun baş katibi Antonio Quttereş hesab edir ki, Liviyaya dəstək üzrə BMT missiyası barışığa nail olmaq üçün münaqişə edən tərəflərə yaxından kömək etməlidir.

Hələliksə Tobrukla Tripoli arasında münaqişə davam edir. 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə ölkənin qərbində – Tripolidə yerləşir. Avropa İttifaqı və BMT Milli Barışıq hökumətini dəstəkləyir.

Tobrukdakı hökumət general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Hökumət tərəfindən “feldmarşal” adını alan Xaftar bir vaxtlar Qəddafinin yaxın silahdaşı olub. Lakin 80-ci illərdə liviyalı diktatorla münasibətlərinə son qoyaraq müxalifətə keçib. Liviya Milli Ordusu – general Xəlifə Xaftarın nəzarətində olan silahlı qüvvələr bu il aprelin 4-də “Tripolinin azad edilməsi” adı altında genişmiqyaslı əməliyyat başladıblar.

BMT-nin Liviyanın birləşdirilməsi planına uyğun olaraq, ötən ilin mayında ölkədəki seçkilərin 2019-cu ilə təyin edilməsinə qərar verilmişdi. Lakin noyabrda Palermoda keçirilən konfransın nəticəsiz başa çatması və münaqişə tərəfləri arasında ara verməyən gərginlik səbəbindən bu razılaşmanın aqibəti qeyri-müəyyən qalır.

BMT baş katibi hesab edir ki, Liviya böhranının hərbi həll yolu yoxdur və o, yalnız dialoq yolu ilə həll olunmalıdır.



Xaftar və Şoyqu



Analitiklərin fikrincə, Liviyadakı münanqişənin bundan sonrakı taleyi əsasən xarici güclərin mövqeyindən asılı olacaq. Məsələn, Moskvanın generala olan marağı onun Liviyanı öz rəhbərliyi altında birləşdirmək istəyilə bağlıdır. Bundan başqa, Xaftarın Qərbin dəstəklədiyi Milli Barışıq Hökuməti (Tripolidəki) ilə münasibətləri pisdir. Bu arada, Xaftar Qəddafi dövrünün bir çox zabitləri kimi, SSRİ-də təhsil alıb və rus dilində danışır.

“Reuters” hələ bir neçə ay əvvəl məlumat yaymışdı ki, rus hərbçiləri Liviyanın şərq hissəsinə nəzarət edən Xaftarı dəstəkləyirlər və onunla bir neçə dəfə görüşüblər.

Lakin ekspertlərə görə, Rusiyanın Liviyada baş verən proseslərə çox qarışmaq imkanı yoxdur. Çünki Suriyadan fərqli olaraq Liviya Avropa İttifaqı ölkələri, xüsusən də Fransa və İtaliya üçün həyati əhəmiyyət daşıyır. Rusiya onlarla münaqişəyə girmək istəməz. Moskva üçün münaqişənin bütün tərəfləri ilə danışıqlara hazır olduğunu nümayiş etdirmək vacibdir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurası üzvlərinin Hassan Salamenin məlum təklifini müsbət qarşıladığını deyir. Lakin daimi nümayəndə bu məsələnin yaxın gələcəkdə tamamən həll olunacağına inanmır: “Hər bil halda Salamenin mesajı dinlənildi və düşünürəm ki, Liviyaya dəstək üzrə BMT missiyasının hazırkı mandatının görmək istədiyimiz işləri gerçəkləşdirməyə kifayət etmədiyi məqamı nəzərə alınacaq”.

Rusiya ilə yanaşı, Liviyadakı münaqişəyə təsir edə biləcək ölkələrdən biri də Fransadır. Fransa uzun müddət idi ki, Xəlifə Xaftara dəstək verirdi. Lakin son zamanlarda Parisin generalla arasında məsafə saxladığı görülür.

“The Telegraph”ın bu ilin aprelində yazdığı məqalədə deyilirdi ki, Fransa prezidenti Emmanuel Makron və Misir prezidenti Abdül Fəttah əs-Sisi də Xaftara dəstək verən liderlər sırasındadırlar. Paris də, Qahirə də hesab edirlər ki, Xaftar islamçıları zərərsizləşdirə və Tripolidə normal dünyəvi hərbi lider ola bilər. Və bu lider Qəddafidən fərqli olaraq sərmayəçilərin dostu olacaq, Liviyanın neft-qaz sektorunu onlarla birlikdə inkişaf etdirməyə razılıq verəcək.



Xaftar və Makron



Bu gün Fransa Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəhbərlərinin Rusiyaya rəsmi səfəri planlaşdırılır. Səfər ərəfəsində Fransa Müdafiə naziri Florans Parli rusiyalı həmkarı Sergey Şoyquya zəng edib. Söhbət əsnasında xüsusən Liviya ərazisinə silah tədarükünə nəzarət məsələsi müzakirə edilib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Liviyadakı böhranın aradan qaldırılmasında Rusiya ilə Fransa arasında əməkdaşlığın vacibliyini vurğulamışdı.

Son günlər bəzi KİV-lərdə Xaftarın “Böyük yeddilik”in son sammitindən bir qədər əvvəl Moskvaya səfərə gəldiyi barədə məlumatlar yayılıb. Bəzi diplomatların fikrincə, Xəlifə Xaftar güclü təbliğat vasitələrinə sahibdir və onların əli ilə ictimai rəydə ən müxtəlif ölkələrdən dəstək aldığına dair qənaət yaratmağa çalışır.

Maraqlıdır ki, artıq Xaftar Liviyada Kreml üçün favorit olmaqdan çıxır. Bunun əsas səbəbi generalın danışıqlara getməməsi və döyüş meydanında məğlubiyyətidir.

Rusiya da, Fransa da Xaftara qarşı əvvəlkindən daha təmkinli mövqe tutur, həm Tripoliyə, həm də Tobruka eyni məsafədən durmağa çalışır. Baxmayaraq ki, Xaftarın Liviya paytaxtına hücumunun ilk günlərində Moskva və Parisdən ona konkret dəstək var idi.
Görünür, hər iki ölkə Xaftara olan ümidlərinin nəticəsiz qaldığını görüb və ona arxalanmağın təhlükəli olduğunu başa düşüb. Ehtimal ki, Rusiya və Fransanın bu mövqeyinə İtaliya da qoşulacaq. Və hər üç ölkə milli dialoq konfransı formatına qayıtmağa çalışacaq. Bu formatda yeganə görüş ötən ilin noyabrında Palermoda keçirilmişdi.

Üstəlik Tripoli də artıq Xaftarla danışıqlarda maraqlı deyil. Və münaqişənin diplomatik həlli yalnız Xaftarın danışıqlar prosesindən kənarlaşdırılması ilə mümkündür.

Liviyalı general isə başa düşür ki, dinc dialoq və hərbi əməliyyatların dayandırılması onun siyasi fiqur kimi sonu deməkdir. Digər tərəfdən, o, bundan sonra da Misir və Səudiyyənin dəstəyinə ümid edir. Çünki onlar üçün Xaftarın məğlubiyyəti Liviyaya bütün təsir imkanlarının itirilməsi deməkdir…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.