QIRĞIZISTANDA MİLYARDLIQ QALMAQAL- Qətlə yetirilən biznesmen 700 milyondan çox pulu ölkədən hansı məmurlar üçün çıxarıbmış?

26-11-2019, 07:30           
QIRĞIZISTANDA MİLYARDLIQ QALMAQAL- Qətlə yetirilən biznesmen 700 milyondan çox pulu ölkədən hansı məmurlar üçün çıxarıbmış?
Currenttime.tv,

(Praqa)

Uyğur əsilli bu iş adamı 5 il ərzində Qırğızıstandan yüz milyonlarla dollar çıxara bilmişdi. O, elə məlumatlara sahib idi ki, sonda elə onların da güdazına getdi. Söhbət, bu il noyabrın 10-da İstanbulda qətlə yetirilən çinli biznesmen Ayerken Saymaitidən gedir.

A.Saymaiti “Azadlıq” radiosunun Qırğızıstan xidmətinin bu ilin iyun ayında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) və Kloop.kg saytı ilə birlikdə apardığı jurnalist araşdırmasının əsas fiqurantı idi. Araşdırma 700 milyon dolların Qırğızıstandan necə çıxarıldığına işıq salırdı…

Jurnalistlərin yazdığına görə, bu işdə Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəis müavini Raimbek Matraimovun ailəsi iştirak edib. Onlar Saymaitinin əli ilə külli miqdarda pulu leqallaşdırıblar. Ölümündən bir qədər əvvəl Saymaiti bu pulların mənşəyi ilə bağlı xeyli sayda sənədi jurnalistlərə ötürə bilib.

Araşdırmanın ilk hissəsi yarım il əvvəl yayımlanmış və böyük sensasiya yaratmışdı. Həmin vaxt jurnalistlər bir neçə il ərzində Qırğızıstandan yüzmilyonlarla dolların çıxarıldığı barədə yazmışdılar. Araşdırmanın müəllifi Əli Taktokunovun sözlərinə görə, bəzən pullar ölkədən adi plastik torbalarda çıxarılıb.

Toktakunov o zaman mənbələrini açıqlamamışdı. Bunu ondan məlumatları ötürənlər xahiş etmişdilər. Onlar öz həyatlarına görə narahat idilər. İnformatorların arasında Ayerken Saymaiti də vardı.

Hələ ilk araşdırmanın dərcindən əvvəl Əli Taktokunov Ayerken Saymaiti ilə müsahibəsini videolentə almışdı. Təhlükəsizliyinə təhdid olduğunu deyən iş adamı jurnalistdən bu videonu yaymamağı xahiş etmişdi.

O, bildirmişdi ki, pulların leqallaşdırılması və dövriyyəsi ilə məşğul olub. Eyni zamanda müxtəlif banklardan yüz milyonlarla dollar onun “Abdıraz” şirkəti vasitəsilə dövr edib.



Ayerken Saymaiti

Jurnalistlə iş adamı arasında aşağıdakı dialoq keçmişdi.

– Mən, Ayerken Saymaiti Çin Xalq Respublikasından – Urumçi, Qızılsu Muxtar Dairəsindən gəlmişəm. 14 yanvar 1982-ci ildə anadan olmuşam. Qırğızıstana 21 iyul 1999-cu ildə gəlmişəm. “Abdıraz” adlı şirkətim vardı, orada direktor idim. Bir bankdan 250 milyon köçürmüşdüm. Digər banklar da vardı. Ümumi məbləği toplasaq, 700 milyondan çox pul köçürmüşəm.

– Yeddi yüz milyon Amerika dolları?

– Bəli, 700 milyon dollardan çox.

Bu müsahibədən sonra Ayerken Saymaiti əlindəki hesabları və sənədləri tədricən bölüşməyə başlayır. Onun “Azadlıq” radiosunun əməkdaşı ilə sonuncu söhbəti bu il oktyabrın sonunda olmuşdu. Bu söhbətdən bir qədər əvvəl Saymaitinin Bişkekdəki işçilərindən biri öldürülmüşdü. Biznesmen öz həyatına görə çox narahat idi və işlədiyi nüfuzlu insanlarla bağlı bilgiləri bölüşməyə hazır idi.

“Azadlıq” radiosu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) və Kloop.kg saytı ilə birlikdə bir neçə ay Saymaitinin onlara təqdim etdiyi sənədləri araşdırmaqla məşğul oldu. Araşdırma çinli biznesmenin çirkli pullar və maliyyə fəaliyyəti ilə bağlı iddialarının əksəriyyətinin doğru olduğunu təsdiqlədi.

Saymaitinin köçürdüyü pulların çoxu adı bölgədə çox da tanınmayan bir adama gedib çıxır. Bu, Çində doğulan etnik uyğur, zəngin ailədən olan Habibula Abdukadirdir. Onun bu işə aidiyyəti Saymaitinin təqdim etdiyi sənədlər və digər materiallarla da təsdiqlənir.

Həbibullah Abdukadirin ailəsi milyonlarla dollar dəyərində malın daşınması üçün sistem yaradıb. Bu sistemlə Çindən Qırğızıstana, oradan Orta Asiyanın digər ölkələrinə və Rusiyaya yüzlərlə ton yük daşınır.



Araşdırma dövründə jurnalistlərlə söhbətdə həm Saymaiti, həm hakimiyyət təmsilçiləri, həm də biznesmenlər bildirmişdilər ki, yüksək vəzifəli məmurların himayəsi olmadan bu cür biznes imperiyasını qurmaq mümkün olmazdı. Jurnalistlər üzə çıxarmışdı ki, ehtimal olunan havadarlardan biri Qırğızıstan Gömrük İdarəsinin keçmiş rəhbəri Raim Matriamovdur.

Abdukadir ailəsi gəlirlərinin əhəmiyyətli hissəsini onların maliyyə sxemlərini ört-basdır edən məmurlarla bölüşürdülər. Ayerken Saymaiti sistemi içəridən bilirdi və qanunsuz transmilli daşınmanın gətirdiyi pulları leqallaşdırmaqla məşğul idi.

“”Əbu Sahiy” şirkətinin pulları məndə olurdu. Maşınlara, gömrükdəkilərə nə qədər pul xərclədikləri – bütün bu sənədlər və qeydlər əlimdə idi”, – deyə Saymaiti müsahibədə bildirmişdi.

Onun sözlərinə görə, gömrükdə iki sxem işləyirdi. Əvvəlcə Çindən gələn yüklər Özbəkistan üçün tranzit yük kimi qeydiyyata alınır və gömrük rüsumlarından azad edilirdi. Bundan sonra yüklər Qırğızıstanda qalırdı və sonra Qırğızıstan malı kimi Qazaxıstana və Rusiyaya göndərilirdi.

İkinci sxem daha mürəkkəb idi. Belə ki, beş il əvvəl Saymaiti öz adında bir firma açıb. Və Qırğızıstanın Batken bölgəsindəki satış bazarını bu şirkətin adına rəsmiləşdirib. Saymaiti bu firma vasitəsilə Abdukadir ailəsinin nəzarətində olan Çin şirkətləri ilə saxta müqavilələr bağlayıb.

Saymaiti “Azadılıq” radiosuna 114 milyon dollarlıq işin sənədini göstərib. O, guya bu pulları əslində gətirmədikləri parçaların tədarükünün qarşılığında göndəribmiş. Bunun əvəzinə Qırğızıstan gömrüyü vasitəsilə daha bahalı mallar – telefonlar, texniki avadanlıqlar daşınırmış.

“Bu “Əbu Sahiy” şirkəti Matraimovlar tərəfindən himayə olunur. Gömrük rəsmiləşdirilməsindən tutmuş, marşruta qədər hamısını Matraimovlar nəzarətdə saxlayır. Texniki işçiləri isə qardaşı Ruslan Matraimov idarə edir”, – deyə Oşdakı yükdaşımaları şirkətinin sahibi İsabay Suleymanov bildirib.

O da məlum olub ki, Raim Matraimovun həyat yoldaşı Uulkan Turqunova ilə Həbibulla Abdukadirə məxsus şirkətin Dubayda ortaq biznesi var. Keçmiş gömrük məmurunun həyat yoldaşı Dubayda torpaq sahələri alıb ki, onlardan da birində beşmərtəbəli bina tikilir. Layihənin sərmayədarları Matraimovun xanımı və Abdukadirin şirkətidir.



Dubayda Uulkan Turqunovanın adına üç daşınmaz əmlak rəsmiləşdirilib: iki torpaq sahəsi və bir mənzil. Bu torpaq sahələri Dubayda “Jumeirah Village Circle”də, mənzil isə “Jumeirah Beach Residence”də yerləşir.

Jurnalist araşdırması zamanı ortaya çıxıb ki, 2015-2017-ci illərdə Uulkan Turqunova təxminən 10 milyon dollara iki torpaq sahəsi alıb. Dubayın nüfuzlu bir bölgəsindən aldığı mənzilin dəyəri isə ən azı 2,5 milyon dollardır.

Aralarındakı fikir ayrılığı səbəbindən Saymaiti bir neçə il əvvəl Abdukadirlə iş əlaqələrini dayandırıb. Dediyinə görə, bundan dərhal sonra – 2017-ci ilin yazında Oş otelində naməlum şəxslər onu döyərək silahla hədələyib və pasportunu əlindən alıblar. Saymaiti İstanbula gedərək orada yeni bir iş qurub. Ölkədən çıxan kimi dələduzluqda təqsirli bilinib və axtarışa verilib.

2019-cu ilin yayında – jurnalist araşdırmasının dərcindən dərhal sonra Qırğızıstanda tanınmış cinayətkar qrupun lideri Saymaitiyə zəng edib.

“Mənə dedi ki, söz verirəm, əgər sənədləri jurnalistlərə versən, səni öldürəcəyik. Ona dedim ki, sənədləri mən verməmişəm və onları haradan aldıqlarını bilmirəm. Deyəndə ki, sənədlərin yarısı Qırğızıstanda, yarısı məndədir, hansı sənədlərin qaldığını soruşdu. Cavab verdim ki, 200 min dolların köçürülməsi ilə bağlı sənəd Qırğızıstandadır, yerdə qalanı məndə. Sənədlərin məndə olub-olmadığını dəqiqləşdirmək istədi. Sübut etdim ki, məndədir”, – deyə Saymaiti jurnalistlərə bildirmişdi.

Jurnalistlərlə son söhbətində Saymaiti əlindəki “son kartları” da açmağa və bütün sənəd-sübutu təqdim etməyə hazır olduğunu deyib. Lakin bunu etmək iş adamına nəsib olmayıb. O, noyabrın 10-da Türkiyədə qətlə yetirilib…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.