Ağdan qaraya brendinizi formalaşdıran rənglər satışlarınıza necə təsir edir?
Bu gün, 17:34

Sevdiyiniz rəng hansıdır? Bu sual sadə görünsə də, biznes üçün brend kimliyinin formalaşdırılmasında mühüm rol oynayır. Rənglər insan davranışına güclü və tez-tez şüuraltı təsir göstərir. “CCI: Rəng Araşdırmaları İnstitutu” tərəfindən keçirilmiş araşdırmaya əsasən, sorğuda iştirak edənlərin 92,6 faizi məhsul alarkən əsas meyar kimi rəngləri göstərib.
Valyuta.az xəbər verir ki, tədqiqatlar göstərir ki, insanlar bir şəxs, məkan və ya əşya haqqında təəssüratını ilk 90 saniyə ərzində formalaşdırır. Bu qərarların 62-90 faizində yalnız rəng əsas təsir amili olur. Bu da sübut edir ki, rəng dünyanı necə qavradığımızda əsas rol oynayır.
Əgər siz yeni biznesə başlayırsınızsa və ya mövcud brendi yenidən formalaşdırmaq istəyirsinizsə, istehlakçı davranışına rəngin təsirini dərindən anlamaq vacibdir. Rəng seçimi brend strategiyanızın ayrılmaz hissəsinə çevrilməli və satışlara birbaşa təsir edə bilər.
Rənglərin insanlar üzərindəki təsiri şəxsi və subyektiv xarakter daşıyır. Elm sübut edir ki, rəng, əşyadan əks olunan işığın gözə daxil olub beyində yaratdığı hissdir. Bu səbəbdən də rəng bir hissiyyatdır və hisslər isə şəxsi xarakter daşıyır. Bu da onu göstərir ki, brend üçün düzgün rəng seçimi uğur üçün həlledici ola bilər.
Uğurlu brendlər rənglərdən necə istifadə edir?
Tədqiqatlar göstərir ki, rəngin özü deyil, onun brendin xarakterinə uyğunluğu daha vacibdir. Məsələn, çəhrayı rəng “Harley Davidson” və ya “Ford” üçün uyğun deyil, eyni zamanda qara rəng “Fisher-Price” kimi uşaq məhsulları istehsalçısı üçün yersiz görünə bilər. Brendin logosu, marketinq materialları və məhsulları ilə birgə yaratdığı ümumi təəssürat, rəngin effektivliyini müəyyənləşdirir.
Rənglərin satışlara təsiri
Marketinq araşdırmaları sübut edir ki, alıcıların qərarlarına təsir etmək üçün rənglərdən düzgün istifadə vacibdir.
Aşağıdakı nümunələr bu təsirin real nəticələrini göstərir:
Performable şirkətinin keçirdiyi A/B testində qırmızı düymə yaşıl düyməyə nisbətən 21% daha çox konversiya əldə edib.
RIPT adlı geyim şirkəti yalnız düyməsinin rəngini dəyişməklə satışlarını 6.3% artırıb.
"Heinz" şirkətinin yaşıl rəngli “Blastin’ Green” ketçupu 20 milyon ədəd satılaraq qısa müddətdə böyük uğur qazanıb.
“Apple” şirkətinin “Bondi Blue” rəngindəki iMac modeli brendin dönüş nöqtəsinə çevrilib və rəng seçiminin bazardakı qavrayışa necə təsir etdiyini sübut edib.
Rənglərin davranışa təsiri
Tədqiqatlar göstərir ki, mağazalarda mavi rəng sxemi olan məkanlar müştərilərin daha çox qayıtdığı və alış etdiyi yerlərdir. Çəhrayı rəng isə insanların əzələ gərginliyini azaldır və rahatlıq hissi yaradır. Bu səbəbdən bir çox ağrıkəsici və sakitləşdirici məhsulların qablaşdırmalarında çəhrayı rəngdən istifadə olunur.
Qırmızı isə təcili reaksiya yaradır və satış elanlarında, endirim lövhələrində istifadə olunduqda diqqəti daha tez çəkir.
İstər yeni brend yaradırsınız, istərsə də mövcud olanı yeniləyirsinizsə, rəng seçiminizi təsadüfi yox, məqsədli şəkildə etməlisiniz. Rənglər yalnız vizual estetik üçün deyil, istehlakçıların hisslərini və qərarlarını yönləndirmək üçün güclü vasitədir.