Günün qəhrəmanı haqda rekviyem: Belə atanı apar, qaytar!

24-12-2019, 21:22           
Günün qəhrəmanı haqda rekviyem: Belə atanı apar, qaytar!
Sənin harana yaraşır ki, o bahalıqda əşya üçün yalanlar danışıb, onu əldə etməyə çalışırsan?



Bu aralar, hamı bir filmi axtarır, tapanda baxır, sonra da sözünü yazır. Orta statistik vətəndaşın hamının müzakirə etdiyi, paylaşdığı, bəyəndiyi nəyisə tərifləmək xasiyyətini isə yaxşı bilirik. Niyə biz ağlamalı, çarəsiz vəziyyətə düşənləri izləyib onlara acımağı bu qədər çox sevirik? Canımızdadır, qanımızdadır yazıqlıq... bəlkə də iradəsi əzik adamlara daha çox hörmət edirik. Biz güclü insanlardan qorxuruq ki?



Taleh Yüzbəyovun son filmində bütün azərbaycanlı kişilərindən orta statistik Rasim düzəltməyinə üzüldüm. Filmdə orta statistik olan qəhrəman yox, onu o vəziyyətə gətirən səbəblər, stereotiplərdir ki, bunların da cəngindən heç cür qurtula bilmirik, çünki biz hələ də özümüzə oxşayan filmlərə baxmaqdan zövq alırıq. Bizə özümüzə oxşamayan filmlər lazımdır ki, bəlkə nəyisə dəyişdik. Aynaya baxmaqdan yorulmuşuq axı.



Filmdə qohum evliliyinin bataqlığında olan Azərbaycan ailəsi canlanır. Yad qızına xor baxan, özününkünü gəlin edən, amma xeyrini görməyən orta statistik qaynana obrazı var. O qaynana ki, doğru-düzgün münasibətlər qura bilməməsi ucbatından ailəyə ağbirçəklik edə bilmir. İndi boşanma astanasına çatan, hətta boşananlar arasında qohum evlilikləri üstünlük təşkil edir. Artıq üz-üzdən utanmır. Fimdə baş verənlərin hamısı Rasimin anasının səhvləri ucbatından olur, təqsirkar qadın oğluna istədiyi qızı alsaydı, indi oğlu ilə bir yerdə də yaşayardı.

Yüzbəyovun bundan əvvəlki filmlərində bir neçə dəfə qadınlar mənfi, deyingən, bezdirici obrazlarda verilsə də, sonuncu iki işində qadınlara qarşı zorakılığın, diskriminasiyanın dilə gətirilməsi sevindiricidir. Hətta “Zəhər tuluğu”nun sonuncu hissəsində və “Orta statistik Rasim”də (mətbəxdə hamilə qadın obrazı) də selektiv abortlar, oğlan uşaqlarına üstünlüyün verilməsi, qız uşaqlarının istənilməməsi kimi mental stereotiplərdən söhbət açılıb. Bu da qənaətbəxşdir və xatırlatma kimi vacibdir.



Ölkədə medianın hazırkı vəziyyəti də filmdə aşkar göstərilib. İşlətdiyi sözün güdazına gedən və bağlanan saytın onlarla əməkdaşı işsiz və maaşsız qalır. Rasim də onlardan biridir, baxmayaraq ki, Rasim ayağını yorğanına görə uzatmayan yekəxana kişi obrazına bələnib. Bank kreditlərinin əlində qalıb.



Filmin zərərli təbliğatı - “pulsuz olan oğurluğa əl atmalıdır” məsələsidir. Bu yanlışın filmə baxanlar tərəfindən təriflənməsi təəccübləndirir. Axı ortada ağır xəstəsi, həyati əhəmiyyətli səbəbi yoxdur ki, Rasimə acıyaq və deyək ki, “əhsən qardaş, başqa yolun qalmamışdı”. Baxmayaraq ki, bu alqış da mübahisəlidir.



Rasim kimdir? Rasim hansısa saytda işləyir. Çöldə yekə-yekə gəzən, evdə uşağının gözü qarşısında arvadı tərəfindən alçaldılan, ifşa olunan şəxsdir. Hətta şəxsiyyət də deyil və ola da bilməyib. Vaxtiylə anasının, sonra da arvadının sayəsində. Deyə bilərsiz ki, az əvvəl filmdə başqa məqamlara görə qadın hüquqlarını müdafiə edən Talehə təşəkkür edirdim, indi yenidən azarlayıram. Əslində Talehi də qınamalı deyil, bizim məişət problemlərimizin kökündədir bu çürüklük. Qadınlar çox zaman ailə sütunu, sağlam bünövrə ola bilmirlər.



Filmdə Rasimin arvadının və elə özünün yersiz söhbətləri, el arasında desək, “yekəbaşlığı” ucbatından ailədə qanmaz, kobud desək, qudurğan uşaq böyüyür. Rasimin siqveyə “qudurğan velosiped” dediyi kimi. O uşaq ki, atanı bahalı hədiyyə almaq üçün daşa dirəyir, ata da vaxtında doğru tərbiyə vermədiyi övladı üçün yersiz, lazımsız əşyanı oğurluq etməklə əldə edir, cəmiyyətin müalicəyə ehtiyacı var. Özü də “hədiyyə”ni mağazadan, vitrindəndən də yox, kiminsə uşağından oğurlayır. Gərəksiz bir hədiyyə üçün kimlərinsə qapısına borca gedən kişinin özünü yadlara hədiyyə vermək lazımdır.



Rasim bilməliydi ki, saytda işləyənin maaşı çox da deyil, aylıq büdcəni belə, aşa bilmir. Axı sənin harana yaraşır ki, o bahalıqda (359,99 AZN) əşya üçün yalanlar danışıb, onu əldə etməyə çalışırsan?! Bu qədərmi vacibdir? Cibində pulun olmasa belə, süfrəndə qonaqlar razılıq etsin deyə, borca-xərcə yemək alıb evə gətirirsən.



Bu məqamlar orta statistik azərbaycanlının ömrünü yeyən mənəvi zülmlərdir ki, çəkirik.



Taleh Yüzbəyov, bildiklərimizi göstərdiyin üçün təşəkkür!
/ayna.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.