Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın

Bu gün, 00:10           
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır. Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur:
“Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda saxlanılan 13 rus vətəndaşının azad edilməsinin Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün mühüm addım ola biləcəyini bildirib. XİN rəsmisi qeyd edib ki, bu məsələ avqustun 22-də Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasında müzakirə olunub.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin kökündə Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının dayandığını iddia etməsi absurddur:
"Bu, Moskvanın hələ də problemlərə həllyönümlü yanaşmadığını göstərir. Heç bir şübhə yoxdur ki, cari ilin iyul ayında cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq məqsədi ilə saxlanılan Rusiya vətəndaşları konkret əməllərinə görə həbs olunub. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi şəraitində, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq barələrində cinayət təqibi davam edir. Belə bir şəraitdə cinayət törətməkdə təqsirləndirilən və barələrində cinayət təqibi davam edən şəxslərin azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi heç bir hüquq təfəkkürünə sığmır. Üstəlik, bu, beynəlxalq münasibətlərin əsaslandığı hüquq normalarına ziddir. Rusiya yaxşı olar ki, ölkələrimiz arasında məhz bu kimi sərsəm bəyanatlar fonunda itməkdə olan etimad mühitinin bərpasına fokuslansın. Həmçinin Kreml ilk növbədə yaranan gərginliyin səbəbini saxtalaşdırmaqdan çəkinməlidir. Azərbaycan XİN-in yaydığı məlumatda da ifadə olunduğu kimi, "Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur"".

Deputat vurğulayıb ki, konkret əməllərinə görə həbs edilən Rusiya vətəndaşlarına münasibətdə "həssaslıq" göstərib qanunu ikinci plana keçirmək istəyən Moskva yaxşı olar ki, bu ölkədə etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, hətta Yekaterinburqda məhz bu qəbuledilməz zəmində həmvətənlərimizin döyülərək qətlə yetirilməsinə aydınlıq gətirsin:
"Rəsmi Bakı münasibətlərin normallaşmasının birmənalı formada tərəfdarıdır. Lakin Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti, məişət səviyyəli ifadələr, təhqir böhtan və nifrət nitqi, təəssüf ki, bizi fərqli mənzərə ilə qarşılaşdırır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru