Dağıstan lideri: Fındığı, kivini, feyxoanı da özümüz yetişdirərik
Bu gün, 09:38

Rusiyanın Dağıstan Respublikasının lideri Sergey Melikov Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarını əvəzləmək planlarından danışıb. "Vedomosti" qəzeti yazır ki, S.Melikov bu haqda "Gələcəyin platforması: Region-2030" adlı tədbirdə söz açıb. Onun dediyinə görə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı Dağıstan üçün yeni imkanlar açır. Başçı əlavə edib ki, regionda nəqliyyat xəttinin keçdiyi böyük şəhərlərdə infrastruktur əhəmiyyətli şəkildə yaxşılaşdırıla bilər.
Dağıstanın kənd təsərrüfatı potensialından danışan S.Melikov əvvəllər, əsasən, Bakıdan idxal edilən sahələrə toxunub.
"Biz alma, armud, nar yetişdiririk və bu gün artıq fındıq, kivi, feyxoa və s. kimi məhsulları yetişdirmək üçün imkanlar var. Yəni əvvəllər yalnız qonşularımız – Azərbaycandan və ya digər ölkələrdən gətirilən bu cür ekzotik məhsulları yetişdirə bilərik. İnvestor qruplarına göstərdiyimiz dəstək sayəsində inanıram ki, yaxın illərdə Dağıstan təkcə Rusiya miqyasında yox, beynəlxalq səviyyədə də lider olacaq", – S.Melikov deyib.
Azərbaycan-Rusiya əlaqələrində ötən ilin dekabrında təyyarə qəzasından sonra böhran davam edir. "Vedomosti" yazır ki, 2024-cü ildə Azərbaycanın Rusiyaya ixracının təxminən yarısını meyvə-tərəvəz təşkil edib – 600 milyon dollara yaxın. Bu ilin ilk dörd ayında isə ixracın 27 faizini (87.5 milyon dollar) meyvə və çərəzlər təşkil edib. Tərəvəzlərin payı 23 faiz olub (73.7 milyon dollar).