"Apple" rəhbəri 20 milyon dollarlıq səhm satdı
Bu gün, 11:44

"Apple" şirkətinin İdarə Heyətinin sədri Artur Levinson avqust ayında 20 milyon dolları aşan dəyərdə səhmdar əməliyyatı həyata keçirib.
Valyuta.az xəbər verir ki, bu satış şirkətin sentyabr ayında gözlənilən məhsul təqdimatı ərəfəsində bazarda diqqət çəkib.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim olunan sənədlərə əsasən, Levinson 28 avqust tarixində açıq bazarda 90 min "Apple" səhmini 231,815 – 232,36 dollar aralığında satıb. Digər sənədlərdə göstərilir ki, Levinson bu səhmləri 2001-ci ilin fevralında hər biri təxminən 29 sent qiymətinə əldə edib.
Satışdan sonra Levinsonun əlində 976 milyon dollara yaxın dəyəri olan 4 milyon 69 min 576 "Apple" səhmi qalır. Bundan əlavə, avqust ayı sonu etibarilə həyat yoldaşı vasitəsilə dolayı olaraq 13 milyon dollar dəyərində 56 min əlavə səhmi mövcuddur.
2000-ci ildən "Apple" idarə heyətinin üzvü, 2011-ci ildən isə idarə heyətinin sədri olan Levinson, həm də "Alphabet" şirkətinə məxsus yaşlanma elmləri üzrə fəaliyyət göstərən "Calico" biotexnologiya şirkətinin baş icraçı direktoru kimi çalışır.
Qeyd edək ki, Levinsonun satış əməliyyatından sonra "Apple" səhmlərinin dəyəri 3,1 faiz artıb. Lakin 2025-ci ilin əvvəlindən etibarən şirkət səhmləri "S&P 500" indeksinin 11 faizlik yüksəlişinə rəğmən 4,3 faiz ucuzlaşaraq ümumi bazar göstəricilərindən geri qalıb.