Korona dəhşəti 5G-nin nəticəsidir? – Sensasion detallar

14-04-2020, 00:05           
Korona dəhşəti 5G-nin nəticəsidir? – Sensasion detallar
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün koronavirus infeksiyasının yayılmasının səbəbi kimi 5G texnologiyasının göstərilməsi iddiaları ilə bağlı Axar.az-a müsahibəsi:

- Osman müəllim, son vaxtlar koronavirusun 5G texnologiyası ilə bağlı olması məsələsi gündəmdədir. Bununla bağlı sizin fikirləriniz maraqlıdır.

- Bu, qeyri-ciddi açıqlamalardır, məsələyə elmi yanaşma, təhqiqatın nəticəsi olaraq irəli sürülən iddialar deyil. Bu, Çinin Uhan şəhərində 5G infastrukturunun qurulması ilə koronavirusun ordan yayılması təsadüfü üzərindən ortaya atılan fikirdir. 5G başqa ölkələrdə də qurulmuşdu. Təkcə Uhan şəhərində qurulmayıb ki! Sadəcə, Uhanda 5G infastrukturunun qurulması ilə koronavirusun yayılması eyni vaxta düşdüyündən belə fikirlər yarandı. Məhz bu səbəbdən bir çox ölkələrdə bəzi insanlar dəyənək götürərək antenaların üstünə düşdü. Ortaya atılan iddialar bir çox ölkədə 5G infastrukturlarının dağıdılması səbəb oldu.

- Bununla bağlı mütəxəssislərin fikri nədir?

- Mütəxəssislərin də, GSM rəhbərliklərinin də, alimlərin də yanaşması budur ki, bu, qeydi-ciddi əsaslandırmadır. Yəni bu hansısa ciddi təhqiqatın nəticəsi deyil. Bundan başqa, digər bir iddia da ortaya atdılar ki, infeksiya 5G vasitəsilə yayılır. Bu da əsasssızdır.

- Bu iddiaların bu qədər geniş yayılmasının səbəbi yalnız Uhanda 5G-nin qurulması ilə oranın koronovirusun “vətəni” olması faktının təsadüfən üst-üstə düşməsidir?

- Bu, 5G ilə bağlı böyük dövlətlərin böyük biznes maraqlarından irəli gələn iddialar, ortaya atılan fikirlərdir. Bu, həm də təhlükəsizlik məsələsidir. 5G-də iki amil gizlənib: təhlükəsizlik və biznes. Əvvəlki mobil texnologiyalardan, yəni 2G, 3G, 4G-dən fərqli olaraq, 5G elə bir texnologiyadır ki, burada yalnız fotonun, videonun daha sürətli ötürülməsi kimi məsələlərdən söhbət getmir. Burada söhbət ondan gedir ki, 5G texnologiyası harada qurulacaqsa, bu surət o dərəcədə güclü olacaq ki, bizim ətrafımızda olan hər bir şeyi əlaqələndirmək olacaq. Yəni, siz qaz sobasını, soyuducunu, paltaryuyan maşını elə internet vasitəsilə işlədəcəksiniz. Bu, ikinci bir real həyat deməkdir. Bir düymə ilə hər şeyi idarə etmək mümkün olacaq. Bu, artıq yeni bir dünyadır. Yəni bu real dünyada artıq təkcə insanlar yox, əşyalar da olacaq. Dövlətlər arasında da onun mübarizəsi gedir ki, 5G avadanlığı hansı ölkədə qurulacaq, burada kim söz sahibi olacaq, standartlar nə olacaq, hansı texnologiyalar bunun üzərində olacaq? Çünki 5G kimin texnologiyasının üzərində olacaqsa, söz sahibi də o olacaq. Məsələn, “Huavey” şirkəti ilə bağlı Amerikanın sanksiyalarının kökündə dayanan məsələ də məhz bu idi. “Huavey” şirkəti 5G ilə əlaqəli avadanlıqlar buraxırdı. Yəni Azərbaycan, Türkiyə, İran, Turan, nə bilim, Rusiya 5G texnologiyasına keçəcəyi halda “Huavey”in avadanlıqlarından istifadə etsin.

- Bu onda “bioloji müharibə” deyil, başqa “müharibədir”?

- Bunu “texnoloji müharizə” adlandırmaq olar. Hazırda yayılan şayiələr, təsdiqini tapmayan məlumatlar 5G-nin biznes və informasiya təhlükəsizlik məsələlərindən qaynaqlanır. 5G kimin texnologiyasının, kimin standartının, kimin avadanlığının üzərində qurulacaqsa, bu artıq dəhşətli bir şey olacaq. Amerikanın iddiası belə idi ki, “Huavey” Çin hökuməti ilə işləyirsə, deməli, 5G üzərindən ötürülən texnologiya Çin hökumətinə də ötürülə bilər. Bu, artıq təhlükəsizlik məsələsidir. Ancaq təbii ki, bunun biznes tərəfi də var. Ona görə də hesab edirəm ki, hazırda yayılmaqda olan bu cür məlumatlar bu iki aspektdən qaynaqlanır. Yəni indi söhbət bu biznesin təhlükəsizlik məsələsini kimin əlinə keçirə biləcəyindən gedir.

- Mobil şüalanma da müzakirə olunur. 5G-dən əvvəl axı 3G, 4G var idi. Bəs bunlar təhlükəli deyilmi?

- Mobil şualanma ilə bağlı təbii ki, problemlər var. Ancaq bu şüalanma ilə bağlı müəyyən standartlar müəyyən edilib. Yəni bunun standartını müəyyən edən təşkilatlar var. Bu təşkilatlar standartlar, bəlli qrafikləri müəyyən ediblər ki, şüalanma, qrafik bu həddə olsa, insan orqanizmi üçün o qədər də dəhşətli deyil. Yəni həddlər və standartlar artıq bəllidir. 3G, 4G, 5G ilə bağlı qəbul edilən standartlar həddlər çərçivəsində olarsa, insan sağlamlığı üçün təhlükəli olmaz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.