Azərbaycanda ümumi karantin rejimi avqustun sonunda ləğv edilir? - AÇIQLAMA
6-07-2020, 12:27
Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam etsə, avqustun sonunda Azərbaycanda ümumi karantin rejimi ləğv edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, son iki gündə yoluxanların sayının azalması görülən işlərin nəticəsidir:
"Sərt karantin rejiminin tədbiq edilməsi, ayrı-ayrı davranış qaydalarının müəyyən olunması müsbət tendensiyanı görməyə imkan verir. Ancaq sevinmək və ümid etmək hələ tezdir. Bu virus hələ öyrənilməyib. Kimsə desə ki, klinik göstərişləri budur, müəyyən müddətdən sonra gedişatı belə olacaq, əlbəttə ki,çox yalnış fikir səsləndirmiş olar. Gəlin, tələsməyək. Sadəcə sağalanların yoluxanlardan çox olacağı zamanı gözləyək. Təbii ki, karantin rejiminin yumaşladılması hər zaman ola bilər. Hər kəs bilir ki, aprelin sonunda karantin rejimi yumşaldılandan sonra hansı problemlər baş verdi. Bu gün ola bilər ki, hərəkətdə müəyyən məhdudiyyətlər var, hava istidir. Ancaq insan sağlamlığından heç nə üstün ola bilməz. Hər gün sosial şəbəkələrdə və mətbuatda həkimlərin ölüm xəbərinin getdiyini görürük. Vəfat edən insanların çoxusu cavandır. Bu gün xəstəliyin gedişatı kəskin hal alıb. Ona görə bu gün əldə etdiyimiz kiçik nəticə ilə arxayın olmaq olmaz. Rəqəmlər kəskin düşsə də biz sevinib, tədbiri əldən verməməliyik. Qoruyucu tibbi masaka davranışımız, sosial məsafəni qorumağımız və sanitar-gigyenik qaydalara əməl etməyimiz həyat rejiminə çevrilməlidir. Hər bir insan başa düşməlidir ki, koronavirusun törətdiyi fəsadlar get-gedə daha da ağırlaşır. Hətta inkişaf etmiş ölkələrdə karantin rejimi yumaşladılsa da insanların fəaliyyəti tam sərbəstləşməyib. Müəyyən müddət gözləmək lazımdır. Hər günlük statistikanı dinləyək. Ümid edək ki, hər gün yoluxanların sayı daha da azalacaq. Ancaq karantin rejiminin ləğvinin avqustda və ya sentyabrda olacağını heç kim deyə bilməz. Hesab edirəm ki, yaxın günlər ərzində ehtiyatı əldən verməməliyik".