2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: - sutkada 2 və ya 3 dəfə...
9-07-2020, 14:11
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər.
Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS icazə vaxtını yarı bölüb, 1 saat olmaqla iki dəfə icazə almaq hüququnun verilməsini xahiş edir.
Milli Məclisin üzvü Aydın Mirzəzadə vətəndaşlardan gələn bu təklifi alqışladı. Aydın Mirzəzadə bildirib ki, 2 saatlıq SMS icazəni hərəsi 1 saat olmaqla iki yerə bölünməsi təklifinin faydalı olduğunu düşünür. "Mən də düşünürəm ki, vətəndaşlar gün ərzində vacib işlərini bir dəfəyə çatdırmaqda çətinlik çəkir. Vətəndaşın gün ərzində ikinci dəfə vacib işi çıxa bilər və ondan öncə SMS icazədən istifadə etdiyinə görə, problem yarana bilər. Yaxşı olar ki müvafiq dəyişikliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0.5+1.5 saat hesabı ilə evdən çölə çıxa bilsin. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifimi dəyərləndirəcək.Bununla bağlı proqram hazırlamaq olar. Məsələni sosial şəbəkələrdə də ictimailəşdirəcəyəm”, - deyə deputat bildirib.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla da ANEWS.az-a öz fikirlərini bölüşüb. "Ümumiyyətlə, karantin rejimi ilə bağlı tədbirlər görüləndə hərtərəfli nəzərə alınmalıdır. Təəssüflər olsun ki, hazırda bu cür problemlər ortaya çıxır. İndiki verilən qərarlarda maraqlı təzad var. İnsanların ictimai yerlərdə, küçələrdə az olması üçün 2 saatlıq icazə limiti verilsə də, digər tərəfdən isə ictimai nəqliyyat olan metro stansiyaları bağlayıblar. Avtobuslarda insanların çox sıx təmasda olduğu faktını görürük. Bəs bu karantin rejimi nəyə xidmət edir? Karantin tədbirləri elə keçirilməlidir ki, sosial məsafə mütləq qorunmalı, insanların təması məhdudlaşdırılmalıdır. Amma təəssüf ki, biz bunun əksinə şahid oluruq. Hesab edirəm ki, bu cürə karantin rejimi ləğv edilməlidi, daha çox insanların davranışlarına diqqət verilməlidir”. Həkim sonda əlavə edib ki, maarifləndirmə işlərini artırmaq çətin proses kimi görülsə də, bu istiqamətdə işlər görülmək vacibdir.(xeberoxu.az)