Bu da metronu bağlamağın nəticəsi: - Sakinlər virusa “sarılmaq” məcburiyyətində
9-07-2020, 16:56
Bakı metrosunun bağlanması paytaxt küçələri ilə hərəkət edən ekspress avtobuslarda sərnişin sıxlığına səbəb olub. Bu qərarın nəticəsi olaraq avtobus parkı ciddi yüklənir, avtobuslarda və dayanacaqlarda sosial məsafəni qorumaqda çətinliklər yaranır ki, bu da insanların infeksiyaya yoluxması risklərinin artması anlamına gəlir.
AYNA əməkdaşı, nəqliyyatda mövcud vəziyyət barədə sərnişinlərin fikirlərini öyrənməyə çalışıb. Hər şeyin yaxşı olduğunu bildirən məmurlardan fərqli olaraq, bu insanlar işə şəxsi maşınları ilə deyil, həmin o avtobuslarla gedirlər və vəziyyəti də məmurlardan daha yaxşı bilirlər.
“Metronun bağlanmasına qədər bu qədər sərnişin axını yox idi”, - “Qara “Qarayev metrostansiyası yaxınlığında avtobus gözləyən qadın deyir. Onun sözlərinə görə, bu qərara qədər insanlar asanlıqla hərəkət edə bilirdilər, dayanacaqlarda basabas olmurdu, avtobuslar yarıboş hərəkət edirdi və metroda da sərnişin sıxlığı demək olar ki, yox idi.
“İndi isə özümü təhlükəyə ataraq, sosial məsafənin saxlanılmasından söhbət belə, getməyən bir avtobusa minməli oluram. Məgər indiki situasiya yarımboş metroda oturmaqdan daha yaxşı və təhlükəsizdir?”, - deyə qadın soruşur.
Söhbətləşdiyimiz insanlar metronun bağlanmasının səbəbini anlamırlar. Axı sərnişinlərin təhlükəsizliyindən danışırıqsa, karantin zamanı, xüsusən də sərtləşməmişdən əvvəl son günlərdə "yer altında" sərnişinlərin sayı çox olmurdu.
Dayancaqda olan insanlar hesab edirlər ki, sərnişin axınının sıxlığına və sanitar məsafəyə uyğunluğuna görə metro ən az təhlükəli seçim idi. Bəlkə də onlar haqlıdırlar, çünki pandemiya zamanı metroda gündəlik sərnişin axını əvvəlki 600 mindən 170 minə düşmüşdü və bu da əvvəlki sərnişin sıxlığının izi də qalmadığını göstərirdi.
"Qatarlar arasındakı vaxt məsafəsi iki-üç dəqiqə idi. İndi isə avtobuslar tıxacda qalır və bəzən gecikmə 10 dəqiqədən də çox olur. Bəzi avtobuslar artıq dolu gəldikləri üçün dayanacaqdan sərnişin götürmürlər. Nəticədə, o biri avtobusa minmək itəyənlərin sayı çoxalır və sıxlıq yaranır", - deyir orta yaşlı kişi.
Bildirir ki, hazırda “BakıKart”a gedişhaqqı yükləmək də ayrıca problemə çevrilib: “Aparatlar ya yoxdur, ya da işləmir”.
Xüsusi karantin rejiminin başlaması ilə bir çox cihazın işləməməsi, yəni onlara pul yükləməyin mümkün olmadığını söhbətləşdiyimiz insanların bir çoxu təsdiqlədilər. İnsanlar bu sahədə çox çətinlik çəkir, dayancaqların ətrafında gəzərək, işləyən aparat axtarırılar. SMS-icazə ilə verilən iki saat vaxtın bir xeyli hissəsi də elə buna gedir.
“Gündəlik iki saatlıq vaxtın bir hissəsi gedişhaqqı yükləmək üçün cihaz axtarışına, digər hissəsi isə qapıları açmadan dayancaqdan tərpənən sürücülərin ucbatından gedirsə, bunun günahı kimdədir? Və belə şəraitdə mən iki saatım başa çatan anda, cərimələnirəm. Bu, nə qədər məntiqlidir?” – sərnişinlərdən biri əsəbi şəkildə sual edir.
Doğrudan da bu problemlərin mövcudluğu fonunda verilən iki saatlıq icazə müddəti azdır. Ancaq əsas məsələ bu qərardan sonra ortada olan mənzərədir: sosial gərginlik və infeksiya riskləri. Ax pandemiya dövründə insan sıxlığı doğrudan da çox təhlükəlidir.
Bu cür problemlərin yaranacağını Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun söylədiyi sözlər də sübut edir. Ötən həftənin cümə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində o bildirmişdi ki, “Bakı Metropoliteni”nin fəaliyyətinin dayandırılması səbəbindən sərnişin sıxlığının yaranacağı təqdirdə, xətt üzrə əlavə avtobuslar işə salınacaq. Amma, maraqlıdır ki, məmurların ifadələrində sərnişin sıxlığını azaltmaq üçün “BakıKart” cihazlarının kütləvi şəkildə “xarab olması” barədə heç nə deyilmirdi. Və hazırkı mənzərə əlaqədar qurumların əhali sıxlığını bu yolla necə azaltmaq istəmələrini, problemdən necə qaçdıqlarını ortaya qoydu.
Yeri gəlmişkən, nəqliyyatda oxşar mənzərə metronun martın 31-dən mayın 9-na qədər dayandırılması zamanı da yaranmışdı. O zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən “BakıKart” texnologiyasının sirli "qiyamının" səbəblərini öyrənmək cəhdlərimiz uğursuz oldu. Onlar bizim sualımız cavabsız buraxdılar.
P.S. “Bakı Metropoliteni” iyulun 4-ü saat 00:00-dan iyulun 20-si saat 06:00-a qədər karantinə bağlandı. İyulun 6-dan etibarən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress avtobusları metronun marşrut xətlərini təkrarlayaraq reyslərə buraxıldı. Onlarda da gedişhaqqı metrodakı kimi, yəni 0.30 AZN-dir. Ümumilikdə Bakıda yeddi marşrut xətti hər gün saat 07:00-dan 20:00-a qədər fəaliyyət göstərir.