Avtobuslarda karantin qaydalarına məhəl qoyulmur – BuNA(,) cavab verin!

3-09-2020, 19:42           
Avtobuslarda karantin qaydalarına məhəl qoyulmur – BuNA(,) cavab verin!
Avtobuslarda karantin qaydalarına məhəl qoyulmur
Dövlətin atdığı məqsədyönlü addımların, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların sayəsində koronavirus pandemiyası ilə mübarizədən uğurla çıxmaqdayıq. Bu, danılmazdır, aksioumdur. Amma ciddi problemlərimiz də var. Qapalı yerlərdə, o cümlədən avtobuslarda sanki BNA rəhbərliyi, sürücülər və sərnişinlər əl-ələ verib deyirlər: “Biz xəstəliyə qalib gəlmək istəmirik”. Halbuki indiki vaxtda heç əl-ələ də vermək olmaz. Hər kəs öz məsuliyyətini anlasa, vətəndaşlıq mövqeyindən çıxış etsə kifayətdir. Belədə, əlbəttə, başqa mənzərə ilə qarşılaşardıq. Təəssüf ki, sərnişinlər addım atmağa yer olmadığı halda, özlərini birtəhər, hətta güc-bəla ilə içəri salmağa davam edir, sürücülər qoruyucu vasitələrə məhəl qoymurlar. BNA isə hara baxır, bilinmir. Hər halda baxdığı tərəfdə nə sürücü məsuliyyəti var, nə vətəndaş sağlamlığı, nə də Operativ Qərargahın qərarları...



96 nömrəli marşrut xəttinin bir avtobusunda olduğu kimi. Sürücünü vətəndaşlardan ayıran plyonka arakəsmə elə gündədir ki, heyrətlənməmək əldə deyil. Koronavirusla belə qalib gəlmək olarsa, türklər demiş, “nə mutlu bizə”. Həm də əgər belədirsə, dünya alimlərinin aylardır üzərində işlədiyi sirr, dərman, sən demə, bizdə imiş ki...Amma yox, gərək romantik olmayaq, reallığı qəbul edək və sosial məsuliyyət hissimizi ortaya qoyaq.

Odur ki, məsələdə sevindirici bir məqam tapmaq ümidilə Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlunun fikirlərini öyrəndik. Onun dediklərindən belə qənaətə gəldik ki, vəziyyəti düzəltsə-düzəltsə vətəndaş məsuliyyəti düzəldəcək:

“Sıxlığın virusun yayılmasına şərait yaratması çoxdan sübut olunub. Operativ Qərargahın qəbul etdiyi bütün qərarların kökündə də bu amal-canlı ünsiyyəti, təması minimuma endirmək dayanır. Amma avtobuslarda həmin məqamın şahidi olmuruq. Əlbəttə, metronun fəaliyyətə başlamamasını, insanların isə iş yerlərinə getməsini nəzərə alsaq, bu, belə də olmalı idi.

Məsələni inzibati qaydada həll etmək qeyri-mümkündür. Təkcə avtobuslarda yox, bir sıra qurumların, o cümlədən bankların qarşısında da bu mənzərə müşahidə edilir. Sözsüz ki, acınacaqlıdır. Deməli, insanlar diqqətli olmalı, sıxlıqdan qaçmalıdırlar. Hətta işə bir az gecikmək bahasına olsa belə, sağlamlıqlarını əsas götürüb nisbətən boş avtobusa minməlidirlər. Müdirlər də işçilərini başa düşməlidirlər. Hər halda sağlamlıqdan vacib heç nə yoxdur.
Fikrimcə, sıxlığı aradan qaldırmaq məqsədilə metro mütləq açılmalı, amma giriş məhdudlaşdırılmalıdır. Əks halda haqqında danışdığımız problem həllini tapmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.