Keçmiş baş həkimlə müğənni arasında qalmaqal: həbsdə olan müğənninin cəza müddəti artırıldı

Bu gün, 00:12           
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal: həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu ilin mayından həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası ağırlaşdırılıb. O, yenidən xüsusi ittiham qaydasında məhkəməyə verilib və nəticədə cəza müddəti artırılıb.
Bizimyol.info xəbər verir ki, bundan əvvəl vəkilləri təhqir etməkdə, onlara böhtan atmaqda ittiham edilərək, 7 ay azadlıqdan məhrum edilən müğənni yenə də eyni ittihamla üzləşib. Bu dəfə isə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova ondan şikayətçidir.

Mehparə Kazımova ona qarşı xüsusi ittiham ittiham qaydasında şikayətində göstərib ki, Dəniz Əsədova “İnstagram” hesabında onun haqqında təhqir xarakterli fikirlər paylaşıb, ona böhtan atıb.

Qeyd edək ki, Dəniz Əsədova hələ 2023-cü ildə Mehparə Kazımovadan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Mehparə Kazımovanın onun 350 min manat pulunu aldığını və ona qarşı dələduzluq etdiyini bildirib. Onun şikayəti əsasında sabiq baş həkimlə bağlı prokurorluqda araşdırmalar başlayıb.

Bundan başqa, Dəniz Əsədova keçmiş baş həkimi külli miqdarda büdcə vəsaitini mənimsəməkdə, rüşvəıt almaqda və s. əməllərdə ittiham edib.

Mehparə Kazımova ünvanına səslənən ittihamları qəbul etmir. O bildirir ki, Həkimlərin Təkmilləşdirilmə İnstitutunda işləyir, barəsində yayılan fikirlər nüfuzuna zərbə vurur. Onun məhkəmədə nümayəndəsi bildirib ki, Dəniz Əsədova bundan əvvəl başqa şəxslərin haqqında da təhqir və böhtan xarakterli fikirlər səsləndirib, buna görə dəfələrlə məhkəməyə verilib. Lakin məhkəmələr hər dəfə ona güzəşt edərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar veriblər.

Qeyd edək ki, Dəniz Əsədovanı təhqir və böhtana görə məhkəməyə verənlər arasında bəstəkar Cabbar Musayev də olub:

“Bu da onu göstərir ki, Dəniz əsədova islah olunmur, əməllərini davam etdirir. Bu səbəbdən xahiş edirik ki, ona Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş ən yuxarı həddə - 3 il azadlıqdan məhrumetmə cəzası verilsin”.

Dəniz Əsədova isə özünü təqsirli bilmir. Onun sözlərinə görə, məqsədli şəkildə ona qarşı kampaniya aparılır: “Mehparə Kazımovanın cinayət törətməsi, pulumu ələ keçirməsi, dövlət büdcəsini talaması və rüşvət qarşılığında saxta əlillik dərəcəsi verilməsində iştirakı barədə sübutları prokurorluğa təqdim etmişəm. Onun əlbir olduğu həkim də hazırda həbsdədir. Mən də o işdə zərərçəkmişəm. Bu, hələ ki, kənarda qalıb. Mənə susmağım üçün təzyiq edilir. Nə olursa olsun, bu işdən əl çəkməyəcəm”.

Dəniz Əsədova himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu əlavə edərək, məhkəmədən onun bərasində bəraət hökmü çıxarılmasını istəyib.

Lakin məhkəmə onun Mehparə Kazımova haqqında yaydığı paylaşımlarda təhqir və böhtan xarakterli ifadələr yer aldığı qənaətinə gələrək, Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrilə təqsirli hesab edib. Dəniz Əsədovanın cəzası bu üzdən daha bir ay artırılıb və ona qəti olaraq, 8 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Dəniz Əsədovanın əvvəlki ad-soyadı Aygün Dostəliyeva olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru