Ermənistan və muzdlular: Həqiqətdə onlar kimə lazımdır?
30-09-2020, 00:16
Ermənistan tərəfi Tovuzda başladığı hərbi əməliyyatlarda heç bir nəticə əldə edə bilməməsini əsaslandırmaq üçün təbliğat maşınını işə salaraq Azərbaycan Ordusunun nailiyyətlərinə kölgə salmaq məqsədilə aktiv şəkildə saxta məlumatlar yaymaqla məşğuldur. Bu məlumatların spektri kifayət qədər genişdir. Ermənistan gah mövqe itirmədiyini, gah general Bərxudarovu əsir götürdüyünü, gah itirmədiyi mövqelərini bərpa etməsi ilə bağlı saxta məlumatlar paylaşır. Bu məlumatlar aidiyyati qurumlar tərəfindən faktlarla inkar edilib. Erməni KİV-ləri bu tip məlumatların yayılmasına qismən fasilə versə də, digər istiqmətlərdə yeni feyklər yaratmağa fasilə vermirlər. Saxta məlumatlar əsasən müxtəlif sosial şəbəkə səhifələrində və medialarda yayılır.
Tovuz hadisələrindən bəri erməni təbliğat maşını Azərbaycan Ordusunun uğurlarını digər ölkələrdən gətirilən muzdlularla əlaqələndirməyə çalışır. Həm də ermənilərlə savaşmağa can atan bu muzdlu kontingentin coğrafiyası çox genişdir. Erməni iddialarına görə bu siyahıya Ukrayna, Suriya və s. kimi ölkələr daxildir.
Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı davamlı olaraq tirajlanan Ermənistanın ittihamları tamamilə əsassızdır. Maraqlıdır ki, son 100 ildə dünyada muzdluların istifadəsi üzrə liderlərdən hesab edilən Ermənistan, hazırda bu istiqamətdə fəaliyyəti heç bir təşkilat tərəfindən təsdiqlənməyən Azərbaycanı ittiham edir. Sanki rəsmi İrəvan dünyanın ən təhlükəli terror qruplaşmaları ilə əlaqələrini, onların ölkədə sərbəst hərəkətlərinə imkanı verməsi, bu qruplaşmalardan bir çox ölkələrdə, əsasən də Azərbaycan və Türkiyədə öz maraqlarında istifadə etməsini, İraqdakı Ermənistan səfirinin və İdlib şəhərindəki baş konsulun muzdluların Ermənistan tərəfinə cəlb ediməsini, həmçinin Livandan Ermənistana muzdluları daşıyan təyyarələrin sayını unudub. Ermənilər bu qədər faktın hamısını unudu bilərlər, lakin 1984-cü ildən erməni xalqının adının terror ilə bir yerdə istifadəsini heç cür unuda bilməzlər.
Erməni tərəfinin iddalarından belə görünür ki, guya Azərbaycan hərbi-texniki sahədə əməkdaşlıq etdiyi hər dövlətdən muzdlular cəlb edir. Bu iddiaları rədd etmək üçün rəqəmlərə diqqət yetirək.
Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilənin kvotalarına görə Azərbaycan ordusunda maksimum 70 min hərbçi qulluq edə bilər. Müxtəlif vaxtlarda real olaraq bu rəqəm 95 minə də çatıb. Lakin heç bir halda rəqəm 67 mindən az olmayıb. Təxmini hesabalamalara görə ehtiyatda daha 300 min nəfər mövcuddur.
Ermənistan üçün məhdudiyyət rəqəmi 60 mindir. Müxtəlif mənbələrin məlumatına görə, işğal altında olan Qarabağdakı hərbi birləşmələr nəzərə alınmadan Ermənistan ordusunda xidmət edən personal sayı 40 mini keçmir.
Ermənistanın ehtiyat imkanları 150 min ətrafındadır. Qarabağda qulluq edən ermənilərin ümumi sayı 15 minə yaxındır, ehtiyat qüvvələrin sayı isə 30 minə qədərdir.
Qüvvələr nisbətində baxsaq Ermənistan qondarma qurumla birlikdə Azərbaycandan hərbi personal sayında 12 min, ehtiyat qüvvə sayında isə 120 min nəfər geri qalır. Bu gün Azərbaycan Ermənistandan 3 dəfədən çox insan resursuna malikdir. Nəticədə hansı dövlət belə bir qüvvələr nisbətində kənardan gətirilən muzdlulara enerji və maliyyə qaynaqları sərf edər?
Xatırladaq ki, Azərbaycan 2000-ci ildən etibarən 1970-ci il dekabrın 4-də qəbul edilən “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulub.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az