Müharibənin iqtisadiyyata TƏSİRİ… - TƏHLİL
2-10-2020, 10:06
Sentyabrın 27-sindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Azərbaycan ordusu düşməni cavab atəşilə susdurur, bununla kifayətlənməyib irəli gedərək əzəli torpaqlarımızı işğaldan azad edir. Müharibə həm ordunun təchizatı baxımından, həm binaların dağıdılması, infrastrukturun itirilməsi, həm də işləyən əhalinin azalması baxımından ciddi iqtisadi xərclər yaradır.
“Azad olunmuş torpaqlarımızda resurslarla gücümüzə güc qata bilərik”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, istənilən halda Azərbaycan iqtisadiyyatı müharibə xərclərini ödəmək iqtidarındadır:
“Şüacətli Azərbaycan ordusunun, eləcə də əhalinin təminatı üçün ölkəmizin kifayət qədər valyuta və ərzaq ehtiyatı var. Bununla belə, dünyanın hansı regionunda olmasından asılı olmayaraq, müharibə iqtisadiyyata, istehsl sahələrinə təsir göstərir. Azərbaycan kimi dövlət üçün bu xərclər o qədər də önəmli deyil. Bizim üçün önəmli olan torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Məhz həmin vaxt biz, itirilmiş iqtisadi resurslarımızı bərpa etməklə, gücümüzə güc qata bilərik. Cənab Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi? məqsədimiz torpaqlarımızı azad etmək və insanlarımızı qorumaqdır. Məhz bu məqsədə nail olmaq üçün bütün gücümüzü səfərbər etmişik.
Torpaqlarımız işğaldan azad olunanda iqtisadiyyatımız da yüksək səviyyədə idarə olunacaq və inkişaf edəcək. İqtisadiyyatda ciddi gerilmələr proqnozlaşdırmıram. Doğrudur, koronavirusla əlaqədar müəyyən problemlər var, bu da yalnız bizdə deyil, bütün dünyada müşahidə edilən prosesdir. Amma həyata keçirilən tədbirlərlə həmin problemlər də aradan qalxmaqdadır”.
“Qarabağın azadlığı investorlar üçün cəlbedici olacaq”
İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, dünyada gedən məsələlərlə əlaqədar Azərbaycan iqtisadiyyatı da zəifləmə dövrünü yaşayırdı:
“Həm pandemiya, həm də neftin qiymətinin aşağı düşməsilə əlaqədar iqtisadiyyatda geriləmələr gedirdi. ÜDM 4 faizə qədər aşağı düşmüşdü, işsizliklə, ticarət dövriyyəsinin zəifləməsilə bağlı problemlər vardı. Amma müharibə və torpaqların işğaldan azad olunması həvəsi, istəyi o qədər vacib faktordur ki, iqtisadi məsələlər ikinci plana keçib. Çünki torpaqlarımızın azad olunması və Qarabağ probleminin həlli Azərbaycanın önündə ciddi iqtisadi fürsətlər də yaradacaq. Torpaqlarımızın işğaldan azad olunması ilə kifayət qədər ciddi iqtisadi fürsətlər açılacaq, ölkəmiz xarici investorlar üçün daha cəlbedici olacaq. İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyata qazandırılması prosesində əlavə gəlir götürüləcək. Ona görə də hazırda iqtisadi məsələlər ikincin plandadır”.
“Komendant saatına yenidən baxılmalıdır”
İqtisadçı ölkədə tətbiq edilən komendant saatının müddətinin uzadılması təklifini verib:
“Bəzi məsələlər var ki, onları indidən də həll etmək olar. İndiki dönəmdə ölkədə hərbi vəziyyətin elan olunması doğru və yerində verilmiş qərardır. Amma komendant saatı ilə bağlı müəyyən problemlər yaşanır. İqtisadi aktivlik onsuz da aşağı idi. Komendant saatının axşam 9-da başlaması böyük şəhərlərdə iqtisadi aktivliyə, iqtisadi dövriyyəyə mənfi təsir edir. Hərbi vəziyyət qalmalıdır, amma komendant saatı ilə bağlı yeni qərara ehtiyac var. Ticarət və ictimai iaşə obyektləri axşam saat 7-8-dən bağlanmağa məcburdurlar ki, əməkdaşları evlərinə çata bilsin və komendant saatına düşməsinlər. Ona görə də komendant saatı gecə 12-dən səhər 6-ya qədər müddət əhatə etməlidir. Hətta komendant saatı tamamilə götürülə də bilər. Çünki komendant saatının effektli olduğu qənaətində deyiləm”.