Həbs edilmiş sabiq Icra başçlarının həbs müddətləri uzadıldı
6-10-2020, 18:55
Səbail Rayon Məhkəməsinin qərarı ilə Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun həbs müddəti uzadılıb.
APA-nın məlumatına görə, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmədə hər iki təqsirləndirilən şəxs barəsində istintaq orqanın təqdimatına baxılıb.
Məhkəmənin qərarına əsasən, Nizaməddin Quliyev və Ramiz Tatarovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Qeyd edək ki, sabiq icra başçısı və onun müavini ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar. Onların xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
-------------------------------------------
Səbail Rayon Məhkəməsində Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
APA-nın məlumatına görə, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilir ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqıları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
----------------------------------------
Binəqədi rayon Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı, Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən M. Mustafayevin həbs müddəti uzadılıb.
Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.
Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.