Döyüşlərin 11-ci günü: Ordumuz Ağdərə, Şuşa, Laçın və Kəlbəcərə 30 illik yolun sonunu gətirir
8-10-2020, 07:45
Dağlıq Qarabağda qızğın döyüşlər gedir. Hər ötən gün təşnə olduğumuz Qələbəyə doğru irəliləyirik. Rəşadətli ordumuz bir-birinin ardınca uğurlu əməliyyatlar keçirməklə Ağdərə, Şuşa, Laçın, Kəlbəcər və ümumiyyətlə Dağlıq Qarabağa 30 illik yolun sonunu gətirir.
Ermənistanın silahlı qüvvələri bu müddət ərzində xeyli itki verib. Sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Şəybəy, Quycaq, Daşkəsən, Cəfərabad, Karxulu, Şükürbəyli, Horovlu, Çərəkən, Mahmudlu və Decal, Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış yaşayış məntəqələri işğaldan azad edilib.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür. Döyüşlər davam edir, düşmən taqətsiz hala yaxındır.