Çıxıb getmək istəməyəndə: BBC müxbirləri Laçın və Şuşada nə gördü?
8-10-2020, 09:10
Ilya Barabanov, Marina Katayeva
BBC Rusca
Hava həyəcanı haqqında xəbərdarlıq siqnalının səsi hələ Ermənistan-Azərbaycan sərhədinə ən yaxın - Laçın şəhərindən keçəndə bizə çatır. Burada yerləşən körpünü Azərbaycan hərbçiləri Ermənistanla Qarabağ arasında əlaqəni kəsmək üçün üç gün dalbadal atəşə tutublar.
Ermənistandan Qarabağa aparan iki yol var, lakin Sevan gölünün sahilindən keçən şimal yolu Azərbaycanın nəzarətində olan ərazilərə çox yaxındır, odur ki, döyüşlərin ilk günündən bağlıdır. 25 il əvvəl bu yerlərdə müharibə qurtarandan sonra "Laçın dəhlizi" Stepanakertlə (Xankəndi) Yerevanı birləşdirən əsas yol hissəsi olub.
Qarabağ VLADIMIR KOMISSAROV/BBC
Şəklin alt yazısı,Laçındakı körpü qismən dağıdılıb
Bazar günü səhər BBC müxbirləri Xankəndi istiqamətində bu körpüdən keçə biliblər, axşam onun üzərindən hərəkət dayandırılmışdı, çayı artıq dayaz yerindən keçməli idik, fəhlələr isə çınqıl səpirdilər ki, yeni müvəqqəti yoldan maşınla keçmək asan olsun.
Rəssam cəbhədə
Haradasa Laçın şəhər yarımstansiyası yaxınlığında növbəti partlayış səsi eşidilir, hava həyəcanı sirenası susmur, küçədən sürətlə keçən polis maşını hamını mümkün qədər tez sığınacaqlara getməyə çağırır.
BBC müxbirləri üçün belə sığınacaq yeri şəhər super-marketinin yarımzirzəmi mərtəbəsi olur. Mağazanın sahibəsi Nelli ailəsi ilə 17 il Kaliforniyada yaşayıb, lakin sonra vətəninə qayıtmaq qərarına gəlib.
Pomidorla dolu qutular, düyü torbaları, konyak şüşələri və bellərlə doldurulmuş iki otağa yavaş-yavaş yerli sakinlər və yolüstü bombardman altına düşmüş Stepanakertə yollanan və ya oranı tərk etməyə çalışan yolçular yığışmağa başlayırlar.
Nelli hamıya buradaca, zirzəmidə hazırladığı qəhvə və yemək təklif edir.
Jilet və yun jaket geyinmiş boylu-buxunlu ağsaç kişi bu mühitdə bir qədər yad görünür, odur ki, ilk fikrim o oldu ki, jurnalist həmkarımızdır. Amma Hraçik Armenakyan - rəssamdır. Birinci Qarabağ müharibəsi zamanı o, tələbə olub, 2016-cı ildə münaqişə qızışanda - Moskvada yaşayırdı.
Yeni müharibə onu Yerevanda yaxalayıb və o deyir ki, heç qohumları ilə də məsləhətləşməyib: "Onsuz da deyəcəkdilər ki, o, sənin işin deyil, ora nəyinə gərəkdir, evdə qal. Dünən eləcə xəbər verdim ki, Qarabağa getməliyəm və səhər yola düşdüm," - o söyləyir.
VLADIMIR KOMISSAROV/BBC
Şəklin alt yazısı,Rəssam Hraçik Armenakyan hesab edir ki, indi müharibədə istənilən dəstək faydalıdır.
Rəssam deyir ki, avanqardizm-konseptualizm janrında işləyir və hətta həmkarları ilə birlikdə "Akt" art-qrupunu təsis edib. Onun yaxın dostu Moskvada Sklifosovski adına institutda işləyir və müharibənin ilk günü Yerevana gəlib və birbaşa Stepanakertə gedib və indi orada hospitalda yaralılara yardım göstərir.
- Dünən biz zəngləşmişik, eşidəndə ki, mən də gedirəm, xeyli gülüb, - Hraçik söyləyir.
- Əvvəllər heç vaxt döyüşməyibsinizsə, doğrudan, orada nəçilik edəcəksiniz? - elə bil ki, məntiqi sual veririk. - Eləcə könüllülük edəcəksiniz yoxsa?
- Elə bilirəm ki, artilleriyanı istiqamətləndirə bilərdim, rəssamlar məkan və məsafə məsələsində hər şeyə bələddirlər.
Hraçik döyüşə bilmir, lakin ümid edir ki, orada onu öyrədərlər, hesab edir ki, indi müharibədə istənilən dəstək - mənəvi, fiziki, "istedadı ilə yardım" faydalıdır.
Onun cəbhəyə yollanmaq qərarı qəribə görünə bilər, lakin Qarabağı müdafiə etmək üçün ermənilərin dünyanın ən müxtəlif nöqtələrindən gəldiyini BBC müxbirləri hələ Moskva aeroportundan yola düşərkən yəqin ediblər.
Bu günlər Moskvadan Yerevana yığcam təyyarələrin əvəzinə, koronovirus epidemiyasından qabaq Nyu-Yorka aparan nəhəng Boeing-777 -lər uçur. Ancaq indi bu nəhəng laynerlərə onlarla pensiya yaşı yaxınlaşan, lakin tam hərbi geyimli və öz daimi işlərini qoyub, otuz, iyirmi yaxud altı il bundan əvvəlki kimi müharibəyə getməyə qərar verən kişilər minir.
"Laçın dəhlizi" və onun üzərində nəzarətin qorunub saxlanmasının Dağlıq Qarabağın gələcəyi üçün mahiyyətinə dair sualın cavabında Laçın şəhərinin daxil olduğu "Kaşatağ rayon rəhbərinin müavini" ("Kaşatağ" tanınmamış "Daqlıq Qarabağ Respublikasının" Azərbaycanın rəsmi ərazisinə daxil olan Laçın rayonuna verdiyi addır - BBC Azərbaycanca) Gevorq Mnatsakanyan ürəklənir. "Bütün şəhərlər bizim üçün eyni dərəcədə vacibdir," - deyə o söyləyir ki, hələlik atəş nəticəsində şəhərdə ciddi dağıntılar olmayıb.
VLADIMIR KOMISSAROV/BBC
Söhbətimizi tez-tez kəsən hərbçilər deyirlər ki, müharibənin ilk günlərində "respublikada" jurnalistlərin olmasını istəyiblər, lakin bir neçə gündən sonra ehtiyatlanmağa başlayıblar ki, "düşmən birbaşa televiziya yayımları və çəkilişlərdən istənilən geolokasiyanı müəyyən edə bilər". Müsahibəni müstəsna olaraq divar fonunda verməyi təklif edirlər ki, danışanın arxasında heç bir şəhər mənzərəsi olmasın.
Supermarketin zirzəmisində atəşin qurtarmasını gözləyən müxtəlif insanlar toplaşır: Stepanakertə yollanan jurnalistlər, Azərbaycanla həmsərhəd (təmas xəttində olan - BBC Azərbaycanca) kəndlərdən olan qaçqınlar və əksinə, cəbhəyə yollanan könüllülər. Bəzi qadınlar ağlayır, digərləri işgüzarlıqla nə vaxt evlərinə qayıda biləcəklərini müzakirə edirlər.
Kişilər cəsarətli görünərək və təhlükəyə etinasızlıq göstərərək, qapının ağzında siqaret çəkir, burada hava həyəcanı siqnalının, Stepanakertin bombalandığı üçün verildiyi barədə söhbətləşirlər və yalnız yaxında partlayış səsi gələndə hamısı nümayişkaranə şəkildə asta-asta təhlükəsiz yerə keçirlər.
VLADIMIR KOMISSAROV/BBC
Çıxıb getmək istəməyəndə
Müharibədən qaçanları şərti olaraq üç qrupa bölmək olar. Bəziləri dərhal Ermənistanın içərilərinə, məsələn, Yerevana, müharibənin axırını orada gözləməyə gedirlər, digərləri Qarabağla sərhədyanı yaşayış məntəqələrində qalırlar. Ermənistanın Qoris şəhərində otellərdə qalanların əksəriyyəti jurnalistlərlə qaçqınlardır. Üçüncüləri də var, onlar dərhal cəbhə xəttindən uzaqlaşırlar, lakin tezliklə evə qayıtmaq ümidilə Qarabağı tərk etməyə tələsmirlər.
Qədim Şuşa şəhəri (ermənilər bura Şuşi deyir) Stepanakertdən avtomobillə 10-15 dəqiqəlik məsafədədir. Bir tərəfdən, paytaxt Stepanakert aşağı yerdə, Şuşa isə dağın başındadır və şəhər çox az atəşə məruz qalır. Digər tərəfdən, dağda yerləşdiyinə görə, burada atəşdən sığınmaq üçün zirzəmisi olan bina tapmaq çətindir.
Bazar günü qaçqınların sığındığı Mədəniyyət Mərkəzi binasına mərmi dəymişdi. Tanınmamış "DQR hökuməti" bəyan etmişdi ki, Şuşanın və Stepanakertin atəşə tutulması nəticəsində tək o gün azı dörd mükli sakin həlak olub.
Şuşadan Dağlıq Qarabağ "paytaxtı"nın gözəl mənzərəsi açılır. Çəkiliş etdiyimiz iki saat ərzində onu hələ bombalamırlar, lakin hər səhər və hər axşam Stepanakerti bombalayırlar və şəhərdə qalan həmkarların sözlərinə görə, getdikcə daha şiddətli olur. Ta bazar gününə kimi Şuşanı, demək olar, atəşə tutmayıblar. Yerli oteldə onlarla Martakert (Ağdərə) rayonundan çıxarılmış qocalara rast gəlirik.
Rus dili müəlliməsi Raya Gevorqyan söyləyir ki, səhər tezdən bələdiyyə başçısı zəng edib və dinc əhali arasında əlavə qurban verməkdən qacmaq üçün kənddən çıxmağı xahiş edib. 50 nəfərə yaxın adam kənddən çıxıb.
"Biz buradan heç hara getmirik, sadəcə, əlavə həlak olan olmasın deyə," - o dəqiqləşdirir. O, 1988-ci ildə Azərbaycandan qaçmağa məcbur olub, 1992-ci ildə - artıq Qarabağdan, 2016-cı ildə yenidən "respublika"dan müvəqqəti təxliyə edilib, indi bu, onun üçün artıq dördüncü təxliyədir. Onun iki oğlu cəbhədədir, onlarla əlaqə yoxdur, sağdılar, ya yox - o bilmir.
qaçqınlar, Azərbaycan, QarabağVLADIMIR KOMISSAROV/BBC
Şəklin alt yazısı,Şuşada qaçqınlar yerli mehmanxanaya yığışırlar
Qonşu kəndin sakini Aida Melkanyan həm 18 yaşında əsgərliyə getmiş və indi cəbhədə olan oğlu, həm də könüllü cəbhəyə gedən qardaşı üçün qorxur.
Bir neçə gün bundan əvvəl onun qardaşı atəş altına düşüb və ondan sonra piyada Stepanakertə (Xankəndi) çatmaq istəyir, çünki o istiqamətə daha heç bir nəqliyyat getmir. "Son dəfə zəng edəndə deyirdi ki, yaralı deyil, ancaq mən səsindən hiss edirəm ki, nə isə elə deyil. Artıq üçüncü gündür, hələ də gəlirlər, - Aida gileylənir.
Yaşlı kişi mikrofonu görüb söyləməyə başlayır ki, ona sovet şairlərinin poeziyası ilə tərbiyə veriblər və İosif Stalinin vaxtında belə şey heç vaxt baş verməzdi.
Ermənicədən ruscaya və əksinə keçərək, o söyə-söyə, görünür, onu hər şeydən çox narahat edən vəziyyətdən danışır: onun indiki arvadı hər şey edib ki, onun birinci və çoxdan vəfat etmiş arvadının 97 yaşlı atası təxliyə edilsin. Artıq yeriyə bilməyən bu qoca otelin vestibülündə uzanıb - hər necə olsa da, onlar ümid edirlər ki, tezliklə evlərinə qayıdacaqlar.
Şuşanın başqa bir mehmanxanasında, harada ki, əvvəlcə BBC jurnalistlərinə yer verməyə razılıq vermişdilər, lakin gələndən sonra tez getməyi məsləhət gördülər, burada da qaçqınlar məskunlaşıb.
Binada elektrik və internet yoxdur. Yeməkxana işləmir. Mehmanxananın foyesində qaçqınları Yerevana yollamağa çalışan administrator o yana-bu yana yüyürür. İki səviyyəli zirzəmidə zülmət qaranlıqda insanlar kiçik qruplarla künclərə sıxışıblar. Bir küncdə altı qadın oturur. Onlar jurnalistlərə fikir vermirlər, yalnız kameranın üstündəki parlaq işıqdan gözlərini qıyırlar. İnsanlar susur, ya da pıçıltı ilə danışırlar.
Nina Şqants Martakertdən iki gün bundan əvvəl gəlib. Onunla birgə beş qadın: qohumları və rəfiqələri. "Budur, orda oturan arvadın əri həlak olub, oğlu indi oradadır. Bax, onların isə oğlu və əri," - Nina sadalayır.
Onun əri Martakertdə (Ağdərə) qalıb. Bu zirzəmidə olanların çoxu kimi, bu qadın da üçüncü dəfə evindən qaçqın kimi çıxıb. O, Şuşanı təhlükəsiz yer saymır, burada evi yaxın olduğuna görə oturub və əri ilə əlaqə saxlamaq mümkündür, "heç olmasa ürək-dirək vermək üçün".
Qaçqınlar, demək olar, zirzəmidən çıxmırlar. "Hərdən, sakitlik olanda çıxırıq, otağa qalxırıq, hava həyəcanı siqnalı səslənəndə yenidən zirzəmiyə enirik. Bu gün bir neçə dəfə həyəcan olub, az qala bütün günü oturmuşuq," - Nina söyləyir.
"Tək öz gücümüzə güvənirik"
Dağlıq Qarabağ indiyədək müstəqil dövlət kimi hətta Ermənistan tərəfindən belə tanınmayıb, ona görə də Yerevanda "respublikanın" səfirliyi yox, "nümayəndəliyi" var.
Stepanakertdə Rusiyadan hər hansı, o cümlədən hərbi yardım gözləyirlərmi sualının cavabında o, yorğun-yorğun gülümsəyir: "Biz gözləyə bilmərik. Nə qədər? Nə? Biz tək öz gücümüzə güvənirik. Dava qaçılmazdırsa, birinci vurmaq lazımdır. Bakıda bütün son ayları müharibəyə fəal hazırlıq gedib. Özünüz fikirləşin, Ermənistan nə üçün Azərbaycanla müharibəyə getməlidir?"
Azərbaycanın tərəfində Türkiyə var
Dağlıq Qarabağda döyüşlər artıq bir həftədən çox davam edir. Azərbaycanın tərəfində, Qarabağ münaqişəsinin bu otuz ili ərzində nə vaxtsa olduğundan müqayisəedilməz dərəcədə daha cəsarətlə və daha sərt Türkiyə - qohum və oxşar dilli güclü bölgə dövləti var.
Digər dünya dövlət və təşkilatları - Rusiya, Fransa və ABŞ, Avropa İttifaqı, NATO, BMT, ATƏT - birlikdə və ayrı-ayrı tərəfləri dərhal atəşi dayandırıb artıq 26 il nəticəsiz davam edən danışıqlar masası arxasına qayıtmağa çağırırlar.
Həm Türkiyə, həm Azərbaycan bəyan edirlər ki, sülh danışıqları bu dəfə yalnız "Qarabağın erməni təcavüzü" ləğv olunandan, yəni Dağlıq Qarabağ və Ermənistan silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisini tamamilə tərk edəndən sonra başlana bilər.
Azərbaycan, həmçinin ərazisinin atəşlərə məruz qaldığını bəyan edir. Xüsusən, oktyabrın 4-də ölkə hakimiyyəti erməni silahlı qüvvələri tərəfindən Mingəçevir, Tərtər, Beyləqan şəhərlərinə raket zərbələri endirdiyini bildirib.
Bundan başqa, Azərbaycanda deyirlər ki, raket atəşinə sahəsi və əhalinin sayına görə ikinci şəhər olan, Qarabağın şimalında yerləşən Gəncə də raket zərbələrinə məruz qalıb.