Təhsil Nazirliyi tərəfindən aparılan monitorinq nəticəsində direktorlarına töhmət verilmiş məktəblər açıqlanıb.

9-10-2020, 00:00           
Təhsil Nazirliyi tərəfindən aparılan monitorinq nəticəsində direktorlarına töhmət verilmiş məktəblər açıqlanıb.
Nazirlikdən Teref.Az-a bildirilib ki, bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb.

Monitorinqin nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb:

“Nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib, 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Qeyd edək ki, verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Bakı şəhəri 245, 239, 27, 211 nömrəli, Şuşa şəhər 3 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhər inteqrasiya təlimli internat məktəbinin qaydalara düzgün əməl edilməsi müəyyən olunub”.

Eyni zamanda, qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.