Alimlər arının zəhərindən antibiotik hazırladı
13-10-2020, 07:37
Amerikalı və braziliyalı elm adamları Asiya vəhşi arısının zəhərindən bakteriyaları öldürən protein əldə ediblər. Protein genetik modifikasiya yolu ilə insanlar üçün təhlükəsiz edilib.
“Report” xəbər verir ki, bu barədə məlumat “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Qeyd olunub ki, xəstəliyə səbəb olan bir çox bakteriya növünün mövcud dərmanlara qarşı müqavimət göstərdiyi məlumdur. Eyni zamanda, elm adamlarına görə, bakterial infeksiyalar dünyadakı bütün ölümlərin beşdə birini təşkil edir. Buna görə müxtəlif ölkələrdən olan elm adamları davamlı olaraq yeni antibakterial maddələr axtarırlar.
Asiya vəhşi arısı olan “Vespula lewisii”nin zəhərinin əsas maddəsi - peptid mastoparan - L və ya mast - L bakterial membranı məhv edir, bu da təhlükəli patogenlərin ölümünə səbəb olur.
Eyni zamanda, kiçik dozalarla insanlar üçün ümumiyyətlə zərərsiz olan bu protein olduqca zəhərlidir. Bu zəhər qırmızı qan hüceyrələrini məhv edir və həssas şəxslərdə anafilaktik şoka, qan təzyiqinin düşməsinə, tənəffüs dayanması nəticəsində ölümə gətirib çıxara biləcək allergik iltihab reaksiyasına səbəb olur.
Odur ki, yeni protein insanlar üçün təhlükəsiz hala gətirilib. Siçanlarda aparılan araşdırmalar zamanı məlum olub ki, yeni kəşf heyvanları Bağırsaq çöplərindən və digər ölümcül bakterial infeksiyalara qarşı ciddi yan təsirlər olmadan yaxşı qoruyur. Bu testlərdə dərmanın effektivliyi gentamisin və imipenem kimi mövcud antibiotiklərlə müqayisə edilə bilər.