Qarabağ savaşının gizlinləri - ŞOK DETALLAR
13-10-2020, 09:46
“Al, bu da sənə Yuriyev günü”. Rus tarixini bilənlər bunun nə demək olduğunu çox gözəl bilir. Bilmiyənlərə isə xatırladım. Deməli, orta əsrlərdə Çar Rusiyasında təhkimçilik qaydası tətbiq edilmişdi. Bu qaydaya görə heç kim yaşayış yerini istədiyi vaxt dəyişə bilməzdi. Yaşayış yerini ildə yalnız bir gün – “Yuriyev günü”ndə dəyişməyə icazə verilirdi. Bu gün köç edənlərin sayının çox olmasının və demoqrafik tarazlığın pozulmasını görən Çar “Yuriyev günü”nü ləgvi barədə göstəriş verir. Bununla da “Al, bu da sənə Yuriyev günü” aforizmi meydana gəlir.
İndi deyəcəksiniz ki, bu aforizmin bu günümüzə nə dəxli var? Mən də deyəcəm ki, əziz oxucu, çox dəxli var. Ona görə ki, Rus höküməti və Qərb 26 il davam edən “atəşkəs rejimi”nə 14 gün loyal yanaşdı. Azərbaycan xalqı isə fürsəti fövtə vermədi. Qarabağdan və ətraf ərazilərdən erməni vandallarını qovmaq üçün zəfər yürüşünə çıxdı. Cəmi 14 gündə şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 1 şəhəri 34 kəndi, 1 strateji yüksəkliyi və 1 qəsəbəni düşmən tapdadığından azad etdi. Və belə bir tarixi və əlverişli məqamda Rusiya höküməti və Qərb Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinə loyal (əslində obyektiv) münasibətinə son qoydu. Və Azərbaycan xalqının haqlı mübarizəsinə yenidən qırmızı işıq yandırıldı. Necə deyərlər, 30 il həsrətlə gözlədiyimiz “Yuriyev günü” cəmi 14 gündən sonra oktryabrın 10-da yenidən ləğv olundu…
Əziz oxucu! İndi gördünmü “Yuriyev günü”nün bu günümüzə nə qədər dəxli var. Hə… İndi də qayıdaq atəşkəs (pardon, humanitar atəşkəs) rejiminin yenidən “bərqərar” olmasına… Rusiya höküməti və Qərbin bu addımı əslində bir-çox gizlinlərə işıq saldı. Rusiya və Qərb Azərbaycan xalqına “dur” deməklə həqiqətin üzünə tüpürdü. Rusiya və Qərb Azərbaycan xalqının ədalətin bərpası üçün qalxdığı mübarizəyə qırmızı işıq yandırmaqla Əlahəzrət ədaləti ayaqlar altına atdı. Beləcə, Rusiya höküməti və Qərb əsl simasını bir daha sivilizasiyaya göstərmiş oldu. Bununla da bir daha sübut olundu ki, insan haqları, demokratiya, dövlətlərin ərazi bütövlüyünə hörmət və bu kimi gəlişi gözəl sözlər ancaq və ancaq gözdən pərdə asmaq üçündür. Böyük dövlətlərin böyük maraqları müqabilində kiçik dövlətlərin mənafeləri heç kimin umrunda belə deyil. Eynən şahmat taxtasında olduğu kimi…
Neçə-neçə piyada, at, top güdaza verilir, təki şah yaşasın. Yəni, böyük dövlətlərin maraqları müqabilində kiçik ölkələrin aqibəti hər zaman acınacaqlı olub. Necə ki, böyük dövlətlərin maraqlarının toqquşduğu Qafqazda olduğu kimi… Belə olmasa idi, atəşkəsin elan olunduğu bu neçə gündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin heç olmasa birinin səsi çıxardı. Ən azı publika üçün. Amma çıxmadı. Çünki Azərbaycan xalqının haqq işi nə Qərbin, nə də Rusiya hökümətinin marağında deyil.
Heç erməniləri də düşünən yoxdu. Baxmayaraq ki, aysberqin görünən tərəfi belə bir mənzərə yaradır ki, Qərb və Rusiya höküməti Ermənistanı dəstəkləyir. Yox, Əsla… Belə olsa idi, 30-dan artıq ölkəni bir Avropa İttifaqı bayrağı altında birləşdirən, milli valyutasından, milli pasportundan və bir çox milli dəyərlərindən imtina edən Qərb erməniləri ikinci Ermənistan dövləti yaratmağa qısqırtmazdı.
Deməli, erməniləri üstümüzə qısqırdan Rusiya hökümətinin və Qərbin niyyəti hansısa xalqın haqq işinə dəstək vermək yox, bölgədəki geosiyasi mübarizədə üstünlüyə nail olmaqdır. Ümumilikdə isə “qaynar toçka”ları hər zaman böyük dövlətlər yaradırlar. Ona görə ki, sivilizasiyaya varlıqlarını və güclərini, bir az da ədalətli mövqelərini göstərmək üçün. Hə, bir də istehsal etdikləri silahları asanlıqla realizə erməkdən ötəri… Bir anlığa təsəvvür edək ki, Azərbaycanda, Gürcüstanda, Moldovada, Ukraynada, Əfqanıstanda, lap elə Suriyada “qaynar toçka”lar yoxdu. Bəs onda Qərb və Rusiya höküməti nə ilə məşğul olardı? Öz varlıqlarını, öz güclərini (lap elə silahlarını da) kimə göstərərdilər.
Bu məsələyə başqa prizmadan baxaq. Bu gün Ermənistanla problemimiz olmasaydı, Qərb və yaxud Rusiya höküməti bizi çoxmu maraqlandırardı?! Məncə heç maraqlandırmazdı. Necə deyərlər “mənə toxunmayan qurd qoy min il yaşasın”. Deməli, humanitar atəşkəs Qərbin və Rusiya hökümətinin növbəti oyunudur. Fikrimin sübutu üçün tək bir faktı deyim. Oktyabrın 10-dan bəri Minsk Qrupunun həmsədrlərindən, nə də Qırmızı Xaç Cəmiyyətindən səs-soraq yoxdur. Oktyabrın 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Minsk Qqrupunun həmsədrlərini axtarıb tapıb, deyir ki,”ermənilər atəşkəsi yenə də pozurlar.., dinc əhalini qırırlar..,”. Hər 3 ölkənin təmsilçisi hörmətli nazirimizin həyəcan dolu danışığı müqabilində soyuqqanlılıqla eşitdiklərindən təəssüfləndiklərini bildiriblər. Vəssəlam…
Bax, bu da özlərini sülhün, ədalətin və ən nəhayət, demokratiyanın müdafiəçisi sayan böyük dövlətlərin kiçik dövlətlərin faciəsinə göstərdiyi münasibət.
Ona görə də indiki məqamda Qərbdən və Rusiya hökümətindən bizim haqq işimizə qarşı ədalətli mövqe gözləmək ən azı sadəlöhvlük olardı. Qarabağ və ətraf ərazilərin, eləcə də ərazi bütövlüyümüzün nicatı milli birliyimizdədir. Ümid yerimiz yalnız müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandandır.
SURXAY ATAKİŞİYEV,
KONKRET.az