“İnformasiya savaşı döyüş meydanında aparılan mübarizə qədər vacibdir” - GƏLİŞMƏ
14-10-2020, 09:56
Vətən müharibəsi başlayandan rusdilli kadrlarımızın necə fəaliyyət göstərdikləri, hansı fərqi ortaya qoyduqları, Rusiya və rusdilli Azərbaycan saytlarında nələr yazdıqları, Rusiya kanallarındakı tok-şoularda çıxışlarının olub-olmadığı son günlər diqqət mərkəzinə gələn məsələlərdəndir.
Bu barədə suallar ünvanladığımız “Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bildirdi ki, öncəki illərdən fərqli olaraq bu dəfə az da olsa, Rusiya telekanallarındakı siyasi tok-şoulara azərbaycanlıları da dəvət edirlər, onlar da Azərbaycanın haqlı mövqeyini rus ictimaiyyətinə çatdırırlar: “İki gün öncə yazıçımız Çingiz Abdullayev bu cür verilişdə çıxış edib. Ondan öncə TASS-dan Səadət xanım çıxış eləyib. Rusiyada yaşayan bir sıra jurnalistlərimiz də bu ölkənin telekanallarında çıxışlar ediblər. Eyni zamanda həmin verilişlərə Bakıdan da qoşulanlar olub. Azərbaycanın haqlı mövqeyi ifadə edilib. Bir sıra rus politoloqlar var ki, onlar da Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində çıxışlar ediblər və edirlər. Ermənilərin yalanları bütün çıxışlarda ifşa edilir. Təbii ki, bütün bunlar hələ bizi qane etmir. Ona görə ki, bizim potensialımız daha çoxdur. Bizim də Rusiyada, həmçinin Azərbaycanın özündə rusdilli jurnalistlərimiz, politoloqlarımız çoxdur. Bu potensialla müqayisədə aparılan işləri qaneedici saymıram”.
Baş redaktor dedi ki, hər gün rəhbəri olduğu media orqanında Qarabağda baş verənlər, Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən atəşə tutulması, dinc insanların qətlə yetirilməsi ilə bağlı çoxsaylı yazılar verilir: “Rusdilli media olaraq Azərbaycandakı çoxsaylı səfirliklər bizi oxuyur, Rusiya ictimaiyyəti internet səhifəmizdən yazdıqlarımızı oxuyur, Azərbaycan həqiqətlərini çatdırırıq. Yazılarımızı həm də sosial şəbəkədə paylaşırıq. Eyni zamanda Rusiya mediasında əlaqələrimiz olan həmkarlara yazılarımızın linklərini göndəririk. Qarşılıqlı əməkdaşlığımız olan media strukturlarını məlumatlandırırıq ki, Azərbaycan həqiqətləri ilə tanış olsunlar. Başqa yerli rusdilli mətbuat orqanlarımız və jurnalistlərimiz də bu işi görürlər”.
Ş.Ağayev qeyd etdi ki, Azərbaycanın telekanalları müharibəni nəzərə alıb rus dilini bilən, ingilis dilini bilən politoloqları, siyasətçiləri, jurnalistləri efirə çıxarmalıdır, onlar üçün verilişlər ayrılmalıdır.
Politoloq Elşən Mustafayev isə bildirdi ki, müharibə zamanı paralel aparılan informasiya savaşı döyüş meydanında aparılan mübarizə qədər vacibdir. Etiraf etmək lazımdır ki, 1992-ci ildən bu günə kimi haqlı olduğumuza baxmayaraq, informasiya savaşında önə çıxa bilməmişik. İllər ərzində bu istiqamətdə dönüş yarada bilməməyimizin bir çox mühüm səbəbləri var: “Hamıya məlumdur ki, Rusiyanın mədəni, siyasi, ictimai və jurnalistika həyatında ermənilərin sayı çoxdur. Amma onlara hakimiyyət tərəfindən yaşıl işıq yandırılmasa, efirlərə buraxılmasalar heç nə edə bilməzlər. Buna rəğmən teleməkanlarda azərbaycanlı ekspertlərin fəal olmamasına bəraət vermək olmaz. Rusiyada kifayət qədər tanınan, nüfuzu olan Rüstəm İbrahimbəyovu, yaxud böyük təcrübəyə malik Qusman qardaşlarını və digər tanınmış həmvətənlərimizi debatlarda müzakirələrdə görmürük. Halbuki onların qarşısına sədd cəkilməyəcəkdi. Belə insanların qarşısında solovyovlar və onun kimilər həyasızlıq edə bilmirlər. Çünki qarşılarındakıların ictimai nüfuzundan çəkinirlər. Necə ki, Çingiz Abdullayev son bir neçə gündə Solovyovun verilişinə online, dünən isə RTR kanalının ”60 dəqiqə" verilişinə studiyada qatılanda orada olan qatı erməni müdafiəçiləri, aparıcılar onun fikirlərinə kəskin reaksiya verməkdən, aşağılamaqdan çəkinirdilər. Amma üzlərindən görünürdü ki, çıxışdan narazıdırlar".
E.Mustafyev qeyd etdi ki, bizim Rusiyada, xüsusilə Moskvada savadlı, rusdilli, nüfuzlu həmvətənlərimiz var. Amma 3-5 həmvətənimizdən başqa heç kimin informasiya savaşımızda iştirakını, haqlı mövqeyimizi müdafiə etdiklərini görmədik: “Hesab edirəm ki, gənclərimiz, xüsusilə xaricdə yaşayan həmvətənlərimiz yaşadıqları ölkələrdə indidən bu fəaliyyətə başlamalıdırlar. Çünki hər şey bu günlə bitmir. Azərbaycanda bu sahəyə məsul olan qurumlar Xarici İşlər Nazirliyi, xüsusilə Diaspora Komitəsi işlərini normal görməyə başlamalıdırlar”.
“Yeni Müsavat”