Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? - GƏLİŞMƏ

16-10-2020, 09:14           
Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? - GƏLİŞMƏ
"Bu günlərdə Ermənistan silahlı güvvələrinin Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlarına atdığı kaset bombaları ilə ballistik raketlərə görə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəsilinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər".

Bunu "Report"a açıqlamasında Hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Onun sözlərinə görə, buna misal olaraq beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar:

"Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin, hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaların pozulmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarları verdiyinə görə tətbiq edilib. BMT-nin TŞ-sı ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulmasına, dəmiryol və nəqliyyət əlaqələrin dayandırılmasına, xaricdə bank hesabların dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib. Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə yaradılaraq, məhkəmələrin qərarları verilmişdir. Tribunal – beynəlxalq statusa malik olan müstəqil məhkəmə orqanıdır".

E.Səfərov bildirib ki, 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin, Laçının, Ağdam rayonlarının mülki əhalisinə qarşı baktereoloji və zəhərli silahlardan istifadə etdiyi faktı ilə bağlı dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT-nin TŞ-na müraciət edilib: "Bu günlərdə də, Gəncənin və digər rayonların mülki əhalisinə qarşı istifadə edilən kaset bombalar və raketlər beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur. Ermənistan Hökumətinin və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT-nin TŞ-nın gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər".

Ekspert vurğulayıb ki, eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür: "Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanla Avropa Şurasının ölkələri arasında nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökumətinin rəhbərlərinin xarici ölkələrdə olan bank hesablarının dondurulması, Avropa Şurasınının Parlament Assambleyasında iştirakının dayandırılması və s. Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan Hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqların qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən ehtiyacı olan tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir".

"Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı, insanlığa qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var", E.Səfərov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.