JEENBEKOV GETDİ, BUNDAN SONRA NƏ OLACAQ?- Rusiya Qırğızıstana maliyyə yardımını niyə dayandırdı?

17-10-2020, 00:08           
JEENBEKOV GETDİ, BUNDAN SONRA NƏ OLACAQ?- Rusiya Qırğızıstana maliyyə yardımını niyə dayandırdı?
Səlahiyyət müddəti rəsmən 2023-cü ildə bitməli olan Qırğızıstan prezidenti Sooronbay Jeenbekov dünən – oktyabrın 15-də istefaya getdi. Onun gedişi oktyabrın 4-də parlament seçkilərinin nəticələrinin açıqlanmasından dərhal sonra Bişkekdə başlayan kütləvi etiraz aksiyalarının təşkilatçılarının əsas tələblərindən idi. Yeri gəlmişkən, Jeenbekov düz üç il əvvəl – 15 oktyabr 2017-ci ildə prezident seçilmişdi.

İstefa ilə bağlı prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yeni hökumətin təsdiqlənməsi ölkədə gərginliyi azaltmayıb. Bu vəziyyətdə isə hərbi qurumlar və hüquq-mühafizə orqanları dövlət iqamətgahını qorumaq üçün silah istifadə etməli idilər ki, bu da qan tökülməsini qaçılmaz edirdi. Prezident isə buna yol vermək istəmədiyi üçün istefa verib.

“Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan prezident kimi qalmaq istəmirəm. Bu səbəbdən istefa vemək qərarına gəldim”, – deyə Jeenbekov qərarını izah edib.

Jeenbekov Qırğızıstanın müasir tarixində könüllü istefa verən ilk seçilmiş prezident oldu. Müstəqil Qırğızıstanın birinci və ikinci prezidentləri Əskər Akayev və Kurmanbek Bakiyev inqilablar zamanı ölkədən qaçmışdılar. Üçüncü prezident Almazbek Atambayev 6 illik səlahiyyət müddətini tamamlamış və son prezident seçkilərində (2017) Jeenbekovu fəal şəkildə dəstəkləmişdi.

Lakin Jeenbekovun prezidentliyi başından bəri çətin oldu. O, Atambayevin gözləntilərini doğrultmadı, həmçinin elitlaların maraq balansını təmin edə bilmədi. Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyir ki, Jeenbekov səhvə yol verərək, hakimiyyəti inhisara almağa çalışdı, bütün qrupların maraqlarını nəzərə almadı.

Qırğızıstan Konstitusiyasına görə, prezidentin istefası parlament tərəfindən qəbul edilməli və qanunverici orqanın sədri keçid dövrü üçün onun vəzifələrini yerinə yetirməli idi.



Jeenbekov, Japarov, İsayev

Qırğızıstan parlamentinin oktyabrın 16-da keçirilən növbədənkənar iclasında prezident Sooronbay Jeenbekovun istefası rəsmi olaraq qəbul edildi. Jeenbekov dövlət başçısı kimi son çıxışını edərək, ölkədəki qarşıdurmanı aradan qaldırmaq üçün istefa verdiyini, Qırğızıstanın tarixində öz vətəndaşlarına güllə atan prezident kimi qalmaq istəmədiyini bildirdi.

Onu da qeyd etdi ki, xalq və Allah qarşısında vicdanı təmizdir: “Əziz həmvətənlərim! Mənim üçün Qırğızıstanda sülh, ölkənin bütövlüyü, xalqımızın birliyi və cəmiyyətdəki barış hər şeydən üstündür. Mənim üçün hər bir həmvətənimin həyatından daha əziz bir şey yoxdur. Getmək qərarını verdim. Bu qərarın doğru olub-olmadığını zaman və tarix göstərəcək”.

Parlament sədri Kanat İsayev isə çıxışında prezident səlahiyyətlərinin müvəqqəti icrasından imtina etdi. O bildirdi ki, səylərini və vaxtını parlamentdə işləməyə, həmçinin yeni seçkilərlə bağlı qanun layihələrini qısa müddətdə qəbul etməyə yönəldəcək.

İclasda prezident səlahiyyətlərinin Baş nazir Sadır Japarova verilməsi də müzakirə edildi və deputatlar onun lehinə səs verdilər. Bu o deməkdir ki, yeni prezident seçkiləri keçirilənədək Japarov həm də prezident səlahiyyətlərini icra edəcək.

Japarov çıxışında hakimiyyətin ötürülməsinin sülh yolu ilə həyata keçirilməsindən məmnunluğunu ifadə etdi: “Xoşbəxtlikdən qarət olmadı, xüsusi mülklərə əl qoyulmadı. İnqilab olmadı. Hökümət dinc, qanuni bir şəkildə dəyişdi”.

“Qırğızıstan prezidentinin səlahiyyətləri Baş nazir Sadır Japarova ötürülür. Ölkə tarixində prezident, Baş nazir və parlament hakimiyyətinin bir nəfərin əlində olması ilk dəfə baş verir”, – deyə deputat Omurbek Tekebayev bildirdi.



Kanat İsayev

Bu arada, Qırğızıstan konstitusiyasına görə, mövcud parlamentin səlahiyyətləri oktyabr ayının sonunda bitəcək. Ölkənin Mərkəzi Seçki Komissiyası yeni prezident seçkilərinin üç ay ərzində keçirilməli olduğunu bildirib.

Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şildabekovanın sözlərinə görə, parlament seçkiləri dekabrın 20-də, yeni prezident seçkiləri isə yanvarın 17-də baş tuta bilər.

İclas zamanı parlament Jeenbekova prezident kimi fəaliyyətinə görə təşəkkür edib. Qanunverici orqanın sədri Kanat İsayev Jeenbekovun ölkənin inkişafına böyük töhfə verdiyini deyib: “Ölkəyə xidmətləri əvəzolunmazdır. Onun sayəsində sabitliyi qoruya bildik. Sooronbay Jeenbekov eks-prezident kimi bütün imtiyazlarını qorumalıdır”.

Bu arada, dünən Rusiya hökuməti Qırğızıstana maliyyə yardımını dayandırmaq barədə qərar qəbul edib. Kremldən bildiriblər ki, adıçəkilən ölkədə vəziyyət sabitləşənə, hakimiyyət qurumları müntəzəm fəaliyyətini bərpa edənədək Rusiya bu ölkəyə maliyyə yardımını dayandırır.

Rusiya mətbuatı isə yazır ki, əslində bu qərar Qırğızıstanın bir neçə gün əvvəl Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozmasına verilən cavabdır. Razılaşmanın məzmunu rəsmi olaraq açıqlanmasa da, mətbuat yazır ki, razılığa əsasən, ölkədə sabitliyi qorumaq üçün prezident Jeenbekov parlament seçkiləri keçirməli, xələfini təyin etməli və yalnız bundan sonra istefa verməli idi.



Qeyd edək ki, 4 oktyabr parlament seçkilərinin ertəsi günü Qırğızıstanda kütləvi etirazlar başladı.

Sentyabrın 5-də mərkəzi “Ala-Too” meydanında təxminən 2 min adam (parlamentə girməyən partiyaların tərəfdarları) toplanaraq seçkilərin nəticələrinin ləğvini və ikinci səsvermənin keçirilməsini tələb etdilər. Həmin günün axşamı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma oldu.

Gecə saatlarında aksiya iştirakçıları Qırğızıstan parlamenti və prezident administrasiyasının yerləşdiyi Ağ Evin binasına, həmçinin dövlət televiziyasına basqın etdi. Sonra onlar Dövlət Milli Təhlükəsizlik Komitəsi istiqamətində hərəkət edərək respublikanın eks-prezidenti Almazbek Atambayevi həbsdən azad etdilər. Keçmiş baş nazir Temir Sarıyev, prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və keçmiş muxalifətçi millət vəkili Sadır Japarov də həmin gün azadlığa çıxdı.

Təkcə ilk 24 saatlıq etiraz aksiyalarında təxminən 600 nəfər yaralandı və bir etirazçı həyatını itirdi. Etirazlar fonunda MSK 4 oktyabr seçkilərinin nəticələrini ləğv etdi. Bundan başqa, Baş nazir Kubatbek Boronov, Bişkek meri Əziz Surakmatov, Baş Qərargah rəisi Rayimberdi Duyşenbiev vəzifələrindən getdiklərini bəyan etdilər…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.