Vahid yas mərasimi və qəbir daşı ilə bağlı qərarın GECİKMƏ SƏBƏBLƏRİ

26-01-2016, 15:02           
Vahid yas mərasimi və qəbir daşı ilə bağlı qərarın GECİKMƏ SƏBƏBLƏRİ
Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vahid qəbir daşı və standart yas mərasimləri ilə bağlı yeni layihə hazırlandığını bildirmişdi. Üstündən bir neçə ay keçməsinə baxmayaraq nə vahid qəbir daşı forması, nə də ki, standart yas mərasimi qaydaları haqqında bir qanun qəbul edilib.

Hətta ötən ilin mayında komitə rəhbəri Mübariz Qurbanlı vurğulamışdı ki, ya bu sənəd qanun layihəsi kimi parlamentə təqdim oluna, ya da Nazirlər Kabinetinin ayrıca qərarı kimi qəbul edilə bilər. Amma üstündən bir xeyli müddət keçməsinə baxmayaraq, nə Nazirlər Kabinetindən bu haqda səs çıxdı, nə də ki, Milli Məclisdən. Üstəlik, indiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu haqda sənədi hazırlayıb hansı quruma təqdim etməsi ilə bağlı bir açıqlama verməyib.

Hafta.az-ın məsələni yenidən gündəmə gətirməsinin əsas səbəbi isə ölkə başçısının son toplantıda nazirlərə qənaət rejiminə keçməklə bağlı tapşırığıdır. Prezident hazırki durumda məksimum qənaət rejiminin tətbiqini vurğuladı. Ortada dövlət başçısının manatın ikinci devalvasiyasından sonra, ölkədəki idarəetmə strukturlarında və ictimai-sosial sferalarda da xərclərə qənaət edilməsi tapşırığı var.

Niyə bu yas rituallarına, qəbir daşları ilə bağlı məsələlər də aid edilməməlidir? Adıçəkilən məsələ ilə bağlı vahid qanun layihəsi olarsa, bu sadə vətəndaşlar üçün nə qədər qənaət rejimidir, bilirsinizmi? 5000 min manatlıq qəbir daşı yerinə 300 manatlıq, 3000-lik yas xərcləri yerinə 500 yüz azn-lik yas məsrəfi indiki dövr üçün azmı qənaətdir?

Məsələni araşdırmaq üçün ilk olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı ilə əlaqə saxladıq. O, bu barədə çox danışdığnı, bildirdi:

"Biz də bu təklifi irəli sürərkən insanlar arasındakı qeyri-bərabərliyi aradan qaldırmağı qarşıya məqsəd qoymuşuq. Qəbristanlıqlarda ayrı-ayrı imkanlı adamlara qoyulan kümbəzvari qəbir daşları, mərmərlə örtülmüş müxtəlif bəzəklər onun yanındakı çox solğun, sadə qəbirləri kölgədə qoyur. Bu da istər-istəməz ziyarətçilər arasında narahatlığa səbəb olur. Bildiyiniz kimi, bütün sosial bəbarəsizliklər sonda sosial narazılıqlara, gərginliklərə gətirib çıxarır. İstəmirik ki, insanlar arasında bu qədər fərq olsun. İnsan dünyasını dəyişib o biri dünyaya gedibsə, dini hökmlərə və bilgilərə görə hər şey orada həll olunacaq. İnsanın bu dünyada hansı xeyirxah əməlləri olub, hansı kimsəsizin başına sığal çəkib, gözünün yaşını dəsmalı ilə silib, arzusunu yerinə yetirib və s. bu kimi məsələlər o dünyada bəyan olunacaq. Öləndən sonra təmtəraqlı abidələr, heykəllər, kümbəzlər inşa etmək o demək deyil ki, həmin insan o dünyada cənnətin qapısından “bilet”siz daxil olacaq. Hər şey insanın əməllərilə ölçüləcək və haqq tərəfindən də layiq olduğu yer göstəriləcək. Dinin hökmü budur. Bizim məqsədimiz hətta öləndən sonra belə insanlar arasında bərabərsizliyi aradan qaldırmağa xidmət edir”.

Daha sonra qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva açıqlama verdi:

“Biz bu məsələ ilə bağlı öz təklifimizi hazırlayıb Nazirlər Kabinetinə göndərmişik. Yekun qərarı onlar verəcəklər. Komitə rəhbəri Mübariz müəllim də bildirmişdi ki, qurum öz təkliflərini hazırlayıb təqdim edəcək. İndi biz həmin vahid yas mərasimləri qaydası və standart qəbir daşları ilə bağlı layihəni Nazirlər Kabinetinə bir neçə aydır ki, təqdim etmişik. Hansı qərarın qəbul olunacağı isə onların səlahiyyətindədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini öyrəndikdən sonra məsələ ilə əlaqədar Nazirlər Kabineti ilə əlaqə yaratmağa çalışdıq. Lakin adıçəkilən qurumun bir növbətçisi hər dəfə bir xəttə calamağa çalışsa da xətlər “məşğul idi”. Bir sözlə, Nazirlər Kabinetindən mövzumuzla bağlı sualı cavablandırmağa kimsə tapılmadı.

Qeyd edək ki, hazırda paytaxt Bakıda qəbir daşları 300 manatla 20000 manat arasında dəyişir. Ortabab qara mərmərli daşlar isə təxminən 5000 manata hazırlanır. Yas mərasimlərində israfçılıq isə göz önündədir. Əldə etdiyimiz məlumatlara görə, hazırda ölkədə ən sadə yas mərasimi 2000-3000 manat, dəbdəbəli ehsanlar isə 8 min manatdan başlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.