Tanınmış bank mütəxəssisi Elman Rüstəmovu məsxərəyə qoydu...
31-01-2016, 23:55
Mərkəzi Bankın saytında 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclasın keçirildiyi haqda məlumat yerləşdirilib. Məşədi İbad demişkən, "Tarixi-Nadiri yarısına kimi oxumuşam" (10 ildən çox bank sistemində, o cümlədən 4 ildən çox Mərkəzi Bankda işləmişəm), amma nə demək istədiklərini (nəticə nədir, perspektiv nədir, nə edəcəklər bundan sonra?) başa düşmədim, sadə insanlar necə başa düşsün axı? Boş-boş, mənasız ifadələr, xarici terminlərin yerli-yersiz istifadəsi və s.
Məsələn: "Bank nəzarəti və prudensial tənzimləmə üzrə proaktiv yanaşma nümayiş etdirməklə sektorda əlavə risklərin akkumulyasiyasına yol verilmədən, requlyativ çərçivə yeni situasiyaya adoptasiya edilmiş, banklara dair tələblər üzrə kontr-tsiklik rejim tətbiq edilmişdir". Azərbaycan dilini unudublar? "Requlyativ" yox, "tənzimləyici", "situasiya" yox, "vəziyyət", "adoptasiya edilmiş" yox, "uyğunlaşdırılmış" və s.
Özlərini ağıllı göstərmək istəyirlər, yoxsa artıq ana dilini unudaraq xarici dilləri öyrənirlər ki, talayıb qazandıqları ilə birlikdə yaxında aradan çıxsınlar? Bəlkə elə məqsəd də odur ki, heç kəs heç nə başa düşməsin? Lakin bitdi! Elman Rüstəmovun savadsız, səriştəsiz və təsadüfi adam olduğu artıq çoxlarına bəllidir. Arabir kitablardan oxuduğu terminlərdən istifadə etməklə heç kəsi adlada bilməz!
Necə ki, elə bu iclasın sonunda aldatmaq istəyib. Məlumatda yazılıb:
"E.Rüstəmov iclasa yekun vuraraq ümumilikdə 2015-ci ilin nəticələrini müsbət qiymətləndirərək..." Doğrudan, nəticələr müsbət olub? Bəs ən azı manatın iki dəfə və ikiqat devalvasiya nə idi? O manatın ki, Rüstəmovun imzası hər bir əskinasının üzərindədir! Normal insan imzasının olduğu şeyin dəyərdən düşməsini müsbət hal hesab edə bilərmi?..
Əlbəttə, ola bilər ki, şəxsən Elman Rüstəmov üçün ötən il həqiqətən də müsbət olub...
Əkrəm Həsənov, bank məsələləri üzrə tanınmış mütəxəssis.
Moerator.az