Mehriban Zeynalova: "Azərbaycanda elə psixoloqlar var ki, özləri də travmalıdırlar"

22-02-2021, 18:45           
Mehriban Zeynalova: "Azərbaycanda elə psixoloqlar var ki, özləri də travmalıdırlar"
“Psixoloji gərginlik yaşayan insanlara yardım mərkəzləri və düşünmə dövrü üçün evlər lazımdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Toplum TV”-yə belə deyib.

Fevralın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda hər 100 min nəfərindən ancaq 5-nin intihar etdiyini açıqlayıb.

M.Zeynalova komitənin açıqladığı statistikanın real olduğu qənaətindədir: “Son zamanlar həm sosial şəbəkələr, həm mətbuat intiharla bağlı məlumatları dərhal yayır. Ona görə də intiharların gizlədilməsi ağlabatan deyil”.

Müsahibimiz deyir ki, statistikaya əsasən, dünyada daha çox kişilər intihara cəhd edir: "Amma Azərbaycanda elə vaxtlar olub ki, qadın və kişi intiharı sayları bərabərləşib".

O həmçinin intihar statistikasının dövrün hadisələrinə uyğun olaraq dəyişdiyini qeyd edib: “İntihar elə psixoloji haldır ki, onun motivini şəxsin özündən başqa heç kim bilmir. Keçən il sığınacaqda qadınlar arasında keçirdiyimiz sorğunun nəticələrindən məlum oldu ki, onlar da nə vaxtsa intihar barədə düşünüblər. Yəni bu fikir zaman-zaman istənilən şəxsin ağlına gələ bilir”.

M.Zeynalova deyir ki, insanlar ilk növbədə neqativ enerjini özlərindən uzaq tutmağa çalışmalıdırlar: “Məsələn, son hadisələrdən misal çəksək, intihar edən qız - Sevil Atakişiyeva “Bədbəxt qadınlar klubu” səhifəsinin üzvü olub. Yəqin ki, orda ancaq neqativ şeylər paylaşırlar. İnsan daim mənfi enerji alanda psixologiyası çökür. Adam gəncdir, hər gün orda neqativ hadisələr oxuyur və onların təsiri altından çıxmağa gücü çatmır”.

Onun sözlərinə görə, ölkədə psixoloji yardım göstərən mərkəzlər və düşünmə dövrü üçün evlər olmalıdır: “Məsələn, Sevil artıq özü psixoloji yardıma ehtiyacı olduğunu hiss etmişdi. Bizdə pulsuz yardım göstərən mərkəzlər varmı? Var, amma çox azdır. Azərbaycanda yaxşı psixoloqlar da çox azdır. Hətta elə psixoloqlar var ki, özləri travmalıdırlar, pasiyentləri sağaltmaq əvəzinə, daha da xəstələndirirlər. Bundan əlavə, ölkədə düşünmə dövrü üçün evlər olmalıdır, insanlar həmin evlərə gəlib müəyyən müddətə problemlərindən uzaqlaşmalıdırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.