"Tüstü çörək ondadır"... Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət?
Bu gün, 12:08

"Tüstü çörək ondadır"... Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? Kimdir, günahkar?
Ötən gün sosial şəbəkələrdə bir şəkildə belə yazılırdı: "Yoldakı çökəkliyə düşəndə atam məni günahlandırır, mən də məsul qurumları"...
Bəs əslində kimdir "günahkar"? Çökəkliyə düşənmi, çökəkliyi görməzdən gələn məsul qurumlarmı?
Bir sual daha: çökəklik sadəcə yoldadırmı? İş etikası, vicdan, məsuliyyət, diqqət, düşüncə, anlayış kimi insani detallar elə bünövrəsindən üzüaşağı çökməyibmi?
Başqa bir sual: çökəkliyə düşdükcə, heç sual verirsinizmi ki, bunu nə vaxt düzəldəcəklər? "Çökəklikdən bu dəfə sağ çıxdım, bəs növbəti dəfə qəza təhlükəsi olan bu yoldan sağ çıxacağammı?" deyə düşünürsünüzmü, ay camaat?! Camaata səslənirəm, çünki məsul qurumlar onsuz da eşitmir. Nə çökəkliyə düşən nəqliyyat vasitələrinin səsini, nə də hər düşdükcə "bura kim baxır?" deyə səslənən sürücülərin səsini...
Qeyd edək ki, yazıda istifadə olunan foto şəkil Digah qəsəbəsində yolların bərbad vəziyyətini göstərir. Şəkil Bizimyol.info arxivindəndir. Yazı üçün simvolik istifadə olunan bu şəkildəki mənzərə sadəcə arxivdə qalmır. Nəinki Bakı, ölkənin bir çox ərazilərində bu acınacaqlı "mənzərə" ilə qarşılaşmaq mümkündür. Məsul qurumların əməkdaşları ya bizim istifadə etdiyimiz yollardan istifadə etmirlər, ya da elə qaranlıq vaxtı yuxulu vəziyyətdə işə gedib-gəlirlər ki, bu yollardan ümumiyyətlə xəbərləri olmur. Əks halda, məsul qurum nə qədər "məsul"iyyətsiz olar ki?! Bunu təsəvvür etmək çətindir, amma çökmüş, dağılmış, qəzaya zəmin olan yollara artıq öyrəşmişik. Və öyrənmişik ki... Nə isə...
Seyid Əhmədli, Bizimyol.info