"Dedi ki, qızlar atasına oxşayan kişiləri sevir və bu sözləri də seriallardan öyrənmişdi" - Müğənni olan arvadını öldürüb
2-04-2021, 16:30
Bakıda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Qətlə yetirilən qadın müğənni olub. Boşanmaq istədiyi əri onu oteldə qətlə yetirib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 39 yaşlı Murad Şamilovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Murad Şamilov ifadə verib.
Əvvəlcə qeyd edək ki, qətl ötən il paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində baş verib.
Sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.
Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib. Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.
Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib.
Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib. Qətlə yetirilən qadın restoranlarda müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı olub.
İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Murad Şamilov özünü xüsusi amansızlıqla qətlə törətməkdə təqsirli bilmir.
Arvadını öldürməsinin səbəbləri haqda danışan Murad Şamilov bildirib ki, mərhum ondan ayrılmaq istəyirmiş:
"İstəyirdi ki, toplum içində olsun. Müğənnilik edirdi. Həmin ərəfədə münasibətlərimiz yaxşı deyildi. Küsürdük, sonra da barışırdıq.
Ona müğənni kimi həmişə dəstəyim olub. Mahnı seçimində, iş seçimində həmişə yolu mən göstərmişəm. Son zamanlar karantinlə bağlı işlər yaxşı deyildi. Toylar yox idi, obyektlər bağlı idi. Sonra açıq havada restoranlar işləyəndə mən ona iş tapmağa çalışdım. Küsülü idik və mən çalışırdım ki, ona iş tapım və bu da barışığımıza səbəb olsun.
Hadisə günü bir neçə restorana getdik. Axırda mən tapdığım obyektdə iş alındı. Mən ona yaxın olmaq, barışmağımızı istəyirdim. Dəfələrlə də deyirdim. Deyirdim ki, ikimiz də nə səhv etmişiksə artıq geridə qoyaq".
Murad Şamilov hadisə günü baş verənləri belə danışıb:
"Maşının arxa oturacaqlarını çıxarmışdım. Bir evdə yaşayanda maşına minəndə həmişə uşaqlarla arxada otururdu. Oturacaqları çıxardım ki, məcbur qalıb yanımda otursun. Yanımda olmasını, mənə yaxın oturmasına istəyirdim. İstəyirdim ki, danışanda ona baxım, ona toxuna bilim.
İş üçün getdiyimiz obyektdən qayıdandan sonra yolda mənə dedi ki, işə özü gedib-gəlmək istəyir. Mən bunu istəmirdim. Çünki işi ona görə tapmışdım ki, onu mən aparım-gətirim, mənim yanımda olsun. Yolumuza davam elədik. Dedim ki, gedək yemək yeyək. Karantin vaxtı obyektlər bağlı olduğu üçün gizli şəkildə işləyən "Salt" otelə getdik. Otaq tutduq, sonra mən marketə getdim. İçki və yemək üçün nəsə alacaqdım".
Murad Şamilov bildirib ki, arvadını öldürmək niyyəti ilə otelə aparılması fikirləri ilə razılaşmır:
"Oteldə söhbətimiz zamanı mənə dedi ki, qızlar atasına oxşayan kişiləri sevirlər. Bunların da hamısını seriallardan öyrənmişdi. Soruşdum ki, mən nə etməliyəm ki, atana oxşayım və mənim sənin atandan nəyim əskikdir? Cavab verdi ki, atası anasının işlərinə qarışmırmış. Mən də dedim ki, atan anana hansı sərbəstlik verib? Dedi ki, anam da müğənnilik edir, amma atam ona heç bir müdaxilə etmir. Sərbəst olmaq, azad yaşamaq istəyirdi. Bir rəfiqəsi var idi. Ərindən boşanmışdı və tək yaşayırdı. Həmin qadın müğənnilik edirdi, idmana gedirdi, rahat həyatını yaşayırdı. Bir nəfər də imkanlı kişi tapmışdı. Həmin kişi buna sponsorluq da edir. Bu da onu istəyirdi. Mənə şərt qoydu ki, onun sərbəst olmasına şərait yaradım.
Dedi ki, toy sahibləri, restoran müdirləri əri olan müğənnilərə əlavə iş vermir. Çünki onlar istədikləri vaxt müğənniyə zəng etmək istəyirdilər. Şahanə restoranlara gedəndə mən onu aparırdım. Toy bitənə qədər də gözləyirdim. Şahanə bunu istəmirdi. Artıq iki restoranda da iş tapdığı üçün mənim yanımda olmağımı istəmirdi.
Mübahisələrimiz böyüdü. Burada deyə bilmədiyim sözlər var. Ona suallar verdim, amma cavab vermədi. Mənə dediyi bəzi sözlərlə artıq hövsələdən çıxdım. Otaqdan çıxıb getmək istəyəndə onu tutdum. Bıçaqla vurdum, amma tam xatırlamıram".
Prokurorun sualına cavab olaraq Murad Şamilov söyləyib ki, üç bıçaq zərbəsi vurduğunu xatırlayır: "Xahiş edirəm ki, səmimiyyətimə inanın. Üç bıçaq vurmağımı xatırlayıram. Amma mənə şəkil göstərəndə xəsarətləri gördüm. Həmin xəsarətlər varsa, deməli mən vurmuşam. Bunu inkar edə bilmərəm".
Murad Şamilov bildirib ki, ailəsinin dağılmasına səbəbkarlardan biri də Şahanənin anasıdır: "Ailəmizə çox müdaxilə edirdi. Bütün günü dır-dır danışırdı. Hər gün zəng edirdi, onun beynini doldururdu. Hadisə günü də gecə saat 12-də zəng eləmişdi ki, gəl evdə dırnaqlarını düzəlt. Birlikdə olduğumuzu bildiyi üçün belə edirdi".
Murad Şamilovdan hadisəni törətdiyi bıçağı haradan alması ilə bağlı suallar verilib.
İttihamda yazılır ki, Murad Şamilov bıçağı maşınından götürüb. Amma Murad Şamilov deyir ki, həmin bıçağı oteldən, yatağın yanında Şahanə tapıbmış.
Bu ifadə ilə mərhumun anası razılaşmayıb. Bildirib ki, Murad Şamilov Şahanəni öldürmək məqsədi ilə otelə aparıb.
Murad Şamilov qeyd edib ki, əgər arvadını öldürmək istəsəydi otelə aparmazdı: "Həm də planlaşdırsaydım, cibimdə pulum olardı ki, otelə verim, nəsə alım. Marketə gedəndə yaxınlıqdakı anamın evinə getdim. 10 manat pul aldım ki, marketdən pivə alım".
Məhkəmə araşdırması davam edir.