Mağazalardakı endirim fırıldağı: aldanmayın - FOTO

17-02-2016, 09:51           
Mağazalardakı endirim fırıldağı: aldanmayın - FOTO
Hər il fəsil dəyişikliyi ilə əlaqədar olaraq paytaxtdakı geyim mağazalarında endirim kampaniyalarının şahidi oluruq. Mağazaların şüşələrinə iri hərflərlə yazılmış "endirim" sözləri bu fürsətdən yararlanmaq istəyənləri sevindirir. Alıcıların çox hissəsi bu kampaniyalardan yararlansa da, bunun sırf alıcı toplamaq məqsədi ilə edildiyini söyləyən müştərilər də var.

Esmira adlı daimi oxucumuz mağazalardakı mövsüm endirimləri ilə müştərilərin aldadıldığını deyib: "Endirimlər sadəcə insanları aldadaraq diqqət cəlb etmək üçündür. Mağazaların çoxunda endirim vaxtı yaxşı malları saxlancda saxlayıb, kampaniya bitəndən sonra yenidən satışa çıxarırlar. Şişirdilmiş rəqəmlərlə yazılmış "endirim faizi" sözləri isə malın üzərində yazılan qiyməti əks etdirmir. 10 manatlıq malı 70 faiz endirimlə 15 manata satırlar. Böyük hərflərlə "bütün mallar 20 manat" yazısına aldanıb mağazaya girəndə görürsən, qiymətlər heç də reklamdakı kimi deyil. Həm də endirimləri lazımsız paltarlara tətbiq edirlər. Çünki çox az adam qışda yay paltarı alır".

Bakıdakı ticarət mərkəzlərinə yollandıq. İlk olaraq metronun "28 May" stansiyası yaxınlığında yerləşən məşhur alış-veriş mərkəzinə gedib, "endirim" sözü yazılan paltar mağazalarındakı qiymətlərlə maraqlandıq. Qış fəsli üçün nəzərdə tutulan paltarların qiymətlərində müəyyən qədər endirim olsa da, alıcıların dediyinə görə, yeni mövsüm üçün nəzərdə tutulan malların qiyməti "od tutub yanır". Endirimli qiymətlərlə bağlı satıcıların fikrini öyrəndikdə ümumi fikirlər səsləndi. Satıcılar bildirdilər ki, qış mövsümündə satılmayan bahalı paltarlar mövsüm sonunda endirimli qiymətlə təxminən üç-dörd günə satılır. "Qiymətlər öz dəyərindən aşağı olduğuna görə bizə ziyan olur", - deyən Anar adlı satış meneceri bildirib ki, endirim kampaniyaları zamanı müştərilərin sayı artır, hətta bəzən alıcılar arasında paltara görə izdiham yaşanır. O, yaxşı malların saxlancda saxlanılması barədə fikrə münasibət bildirərək: "Bizim mağazada belə bir söhbət ola bilməz. Çünki yaxşı paltarlar öz mövsümündə satılıb qurtarır", - deyib.

Alış-veriş mərkəzində qiymətlərlə maraqlanarkən oxucunun qeyd etdiyi "bütün mallar 20 manat" yazılan reklam ilə qarşılaşdıq. Mağazaya daxil olduqda 20 manatdan baha qiymətə satılan paltarlar da gördük. Asılmış reklam barədə satıcılara müraciət etdik. Onlar bildirdilər ki, reklamın aşağısında 20 manat yazılan şriftlərin ölçüsünün 10-da biri qədər xırda şriftlərlə "üst geyimləri xaric" sözü yazılıb.

Daha sonra "Sədərək" ticarət mərkəzinə üz tutduq. Burada iri hərflərlə yazılmış "endirim" sözlərinə çox rast gəlməsək də, satıcıların "ucuz qiymətə qəşəng mallarımız var" deyərək alıcıların diqqətini cəlb etməyə çalışması nəzərimizdən yayınmayıb. Qiymətləri öyrənmək üçün bir neçə mağazaya daxil olduqda müxtəlif rəqəmlər eşitdik. Satıcılara yeni mövsüm mallarının qiyməti barəsində soruşarkən onların çoxu yeni malların hələ gətirilmədiyini bildirdi. Satıcı Rauf: "Neçə manata gətirsək, üstünə bir-iki manat əlavə edib satacağıq", - deyərək yeni mövsüm mallarının qiymətlərində endirim olmayacağını söylədi.

Qeyd edək ki, müşahidə etdiyimiz mağazalardakı endirimdə olan paltarlar arasında diqqətimizi çəkən maraqlı məqam oldu. Belə ki, eyni paltarın S (small - kiçik) ölçülü qiyməti endirimli olsa da, M (medium - orta) ölçülüsü öz qiymətinə satılır. Bu məsələ ilə bağlı satıcıların fikrini öyrənmək istədikdə onlar suala cavab verməkdən yayındılar.

Milli.Az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.