Avropanın Orbanizasiya Təhlükəsi (II HİSSƏ)

Bu gün, 00:09           
Avropanın Orbanizasiya Təhlükəsi (II HİSSƏ)
Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.

II hissə

Yazının ilk hissəsini oxumaq üçün klikləyin.

Orbanizasiya: Qərbdə Şərq modeli

Viktor Orbanın Macarıstan modeli sadəcə bir ölkənin daxili siyasət məsələsi olmaqdan artıq çıxıb. O, Avropa Birliyinin içində qurulmuş sistemli sabotaj siyasətinin, illiberalizm adı altında avtoritar rejimlərə inteqrasiya strategiyasının adıdır.

“Orbanizasiya” artıq bir siyasi fenomenə - postkommunist Avropa ölkələrində AB və NATO-nun iqtisadi və hərbi təhlükəsizlik çətiri altında avtoritarizm adaları yaratma trendinə - çevrilib. Bu, xalqın adından danışaraq institutların ləğvini legitimləşdirən, Qərb resursları ilə Şərq siyasəti aparan, Qərbin liberal dəyərlərə əsaslanan inteqrasiya modellərini sabotaj edən, veto hüququndan və böhrandan siyasi dividend qazanan bir siyasət trendidir.

KHAR Center araşdırmasının bu hissəsində Orban hakimiyyəti dövründə sistemli şəkildə dəyişdirilən və avtoritar ölkəyə çevrilən Macarıstanın Avropa Birliyi daxilində yaratdığı çatlara, avtoritar Şərq rejimləri ilə qurduğu əlaqələrə, Rusiya və Çindən bilərək artırdığı asılılığın arxasındakı nüanslara nəzər salır.

Orbanizasiya

"Orbanizasiya" termini, xüsusilə Yan-Verner Müller və Balint Madyar kimi alimlərin işlərində Macarıstan nümunəsinin diffuziya qabiliyyətini ifadə etmək üçün istifadə olunur. Bu model üç əsas səciyyəvi cəhət üzərində qurulub:

Institusional ələ keçirmə – məhkəmələrin, medianın, təhsil sisteminin siyasi nəzarətə alınması;
Populist diskurs mühəndisliyi – "xalq" və "elita", "xarici qüvvə" və "milli iradə" kimi şablonların istifadəsi;

İlliberal beynəlmiləlçilik – digər suverençilik iddiasındakı liderlərlə taktiki ittifaqlar.

Macarıstan kommunizmdən demokratiyaya keçərkən digər qonşularından fərqli olaraq yeni Konstitusiya qəbul etmək yerinə 1949-cu il Konstitusiyasına dəyişikliklər etməyi seçdi. Ancaq kimsə bu konstitusiyadakı “parlamentin üçdə ikisi” kimi konstitusion çoxluğu nəzərdə tutan maddənin tətbiqinə nə zamansa ehtiyac olacağını düşünmədi - ta ki 2010-cu ildə Orban parlamentdəki 386 mandatdan 263-ü qazanana qədər.

Orban bu fürsəti öz rejimini gücləndirmək və daha uzun müddətə təminat altına almaq üçün çox ciddi şəkildə dəyərləndirdi.

Orban az qala bütün qanunları yenidən yazdırdı. Seçki qanunundan Konstitusiya Məhkəməsinə, mediadan vətəndaş cəmiyyəti institutlarına, iqtisadiyyatdan xarici əlaqələrə qədər tamamilə yeni bir sistem dizayn etdi, bütün institutları ələ keçirdi (KHAR Center, 2025).

Bu sistem Avropa Birliyi içərisində ərköyünlükdən sabotajçılığa irəliləmə fürsəti verdi.

Şərqə açılım

2008-ci ildəki qlobal iqtisadi böhrandan sonra Orbanın Qərblə münasibətlərində çatlar ortaya çıxdı. Orban 2009-cu ildən etibarən Qərb sisteminin çökməkdə olduğunu, Şərqə yönəlmək lazım gəldiyini vurğulamağa başladı (Lendvai, 2017a).

O, 2010-cu il sentyabrın 5-də Macarıstan Daimi Konfransında ölkənin iqtisadi vektorunu dəyişmək niyyətində olduğunu “Dünya iqtisadiyyatında Şərq küləyi əsir, biz isə Qərb bayrağı altında bunu izləyirik” sözləriylə açıqladı (İndex, 2010). 2011-ci ildə Parisdə verdiyi açıqlamada isə bu niyyətinin adını qoydu - Şərqə açılım. Orban “İqtisadi əlaqələrimizdə son bir ildir başlatdığımız Şərqə açılmanı davam etdirməyə çalışacağıq. Çin, Cənubi Koreya, Yaponiya, getdikcə Macarıstanın daha dəyərli iqtisadi və ticari partnyorları olacaq” dedi (HGV 2011).

2011-ci ildə Macarıstan xarici işlər və xarici ticarət nazirliklərinin çətiri altında rəsmən “Şərqə açılma” adı altında bir təşkilat yaradıldı. Moskva, Pekin, Astana, Abu Dabidə Macar Ticarət Evləri açıldı. Daha sonra Çin və Rusiya ilə əlaqələrə dair isti mesajlar verildi. Ancaq bütün bunlara baxmayaraq, “Şərqə açılma” siyasəti 2010-2015-ci illər arasında iqtisadiyyatda praktik nəticə vermədi, hətta əksinə, Şərq ölkələri ilə ticarətdə azalma qeydə alındı. 2014-ci ildən etibarən Orban “Şərqə açılma” ifadəsini yavaş-yavaş lüğətindən çıxardı (The Orange Files, 2018). Ancaq bu, onun Qərb içində Qərb əleyhdarlığından imtina etməsi demək deyildi.

İlliberalizm

Yaratdığı sistemdən və cəmiyyətin susqunluğundan cəsarət alan Orban 26 iyul 2014-cü ildə Rumıniyanın Baile Tüşnad şəhərindəki çıxışında Macarıstanın iqtisadi nailiyyətlərə mane olduğunu düşündüyü liberal demokratiya sistemindən uzaqlaşacağını açıqladı. Baş nazir 1990-2010-cu illər arasında Macarıstanda mövcud olan liberal demokratiya sisteminin hökumətin milli mənafelərə uyğun fəaliyyətinə, ölkə xaricində yaşayan macarların dövlətə aidiyyət hiss etməsinə mane olduğunu, xalqın malını qorumadığını, ölkəni borcdan xilas edə bilmədiyini söylədi.

Dünyanın ən uğurlu dövlətlərinin liberal demokratiyalar olmadığını vurğulayan Orban Çin, Sinqapur, Hindistan, Rusiya və Türkiyəni nümunə göstərdi. Orbana görə, Macarıstanın Qərbi Avropanın ehkam və ideologiyalarından uzaqlaşmalı, öz yolunu tapmalıdır (OSW, 2014).

Avropa Birliyi ilə ziddiyyətli münasibətlər

Macarıstan Avropa Birliyinin üzvü olsa da, Orban hakimiyyəti zamanı ittifaqla münasibətlər kəskin pisləşdi. Bu gərginlik əsasən hüququn aliliyi, məhkəmə müstəqilliyi, media plüralizmi və QHT-lərə münasibətdə ortaya çıxdı. Avropa Komissiyası Macarıstana qarşı bir neçə dəfə hüquqi prosedur başladıb, xüsusilə 7-ci maddə çərçivəsində hüquqi tədbirlərə start verib — bu isə üzv dövlətə qarşı ən sərt institusional addımlardan biridir. (AA, may 2025)

Bütün bunlara qarşı Orbanın arqumenti sadədir: Brüssel milli suverenlik prinsiplərini pozur, ideoloji olaraq isə zorla liberal hegemoniyanı tətbiq edir. Macar hakimiyyəti Avropa Birliyini yalnız iqtisadi platforma kimi qəbul edir, dəyərlərə əsaslanan inteqrasiyanı isə rədd edir. Xarici siyasətdə də Orban artıq Avropa klubunun deyil, Rusiya-Çin-Türkiyə-Pakistan kimi avtoritar rejimli şərq klubunun üzvü olaraq çıxış edir.

Bunu Avropa Birliyindən gələn cəzalara baxmayaraq əsla yumşaltmadığı qaçqın siyasətində də göstərir. 2024-cü ildə Avropa Ədalət Məhkəməsi Macarıstanın qaçqınların müraciət prosedurlarını pozmaqla beynəlxalq hüququ pozduğuna qərar verdi. Ölkəyə 200 milyon avro və gündəlik 1 milyon avro əlavə cəza verilməsinə qərar verildi. Budapeşt isə buna baxmayaraq 2024-cü ildə 5713 qaçqını deport etdi (AİDA, 2025).

Ukrayna müharibəsinin başlamasından sonra Orban Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan əsas Avropa lideri olub. İndiyə qədər Orbanın bu sabotaj cəhdlərinin qarşısı ya Avropa Birliyinin onun hansısa istəyini yerinə yetirməsi, ya da hansısa maliyyə cəzasıyla təhdid etməsiylə alınıb.

Rusiyanın Ukraynaya qarşı tam həcmli müharibə başlatmasından sonra Avropa Birliyi Şurası 2022-ci ilin iyununda Ukrayna və Moldovaya üzvlüyə namizəd ölkə statusu verdi. Orban qərarın əleyhinə çıxdı və bunu Ukraynadakı macar azlığın haqlarının pozulması ilə izah etdi. 2023-cü ilin dekabr ayındakı müzakirələrdə Orban Avropa Birliyinin dəstək vədi müqabilində Moldova və Ukrayna ilə bağlı məsələnin müzakirəsi əsnasında salondan çıxaraq qərara mane olmadı. Daha sonra - 2023-cü ilin iyununda isə müzakirələrin Macarıstanın AB sədri olacağı 1 iyuldan əvvəl başlamasını qəbul etdi (BBC Türkçe, 2024).

Rusiyaya qarşı Avropa həmrəyliyinə qoşulmayan Orban 2022-ci ilin sonlarında Avropa Birliyinin Ukraynaya 18 milyard avro yardım etməsini nəzərdə tutan qətnaməyə veto qoyacağını açıqladı. Avropa Birliyinin Macarıstana ayrılmış 5,8 milyard avroluq xilasetmə fondunun necə xərclənəcəyinə dair fəaliyyət planını təsdiq etməsi və ölkədəki qanunsuzluqlar səbəbilə dondurulması planlanan 7,5 milyard avronu 6,3 milyarda düşürməsi qarşılığında Orban vetosunu geri çəkdi (Reuters, 2022).

Avropa Birliyinin 2023-cü ildə Ukraynaya 50 milyard avroluq yardım paketi də Orbanın veto təhdidi ilə qarşılaşdı. Orban dekabr ayında yardım paketinin qəbul edilməsinə mane oldu. Bəhanəsi isə yenə də Ukraynada yaşayan macar azlıqların hüquqları idi. Ancaq 2024-cü ilin fevral ayında Avropa Birliyi liderlərinin yekdil qərar qəbul etməsinə mane olmadı və macar azlıq məsələsi gündəliyə belə gəlmədi. Əksinə, müzakirələrdə Orbana bu qərara veto qoyacağı təqdirdə Macarıstana ayrılan 20 milyard avroluq yardımın tamamilə kəsiləcəyinin və Avropa Birliyi qərar alma mexanizmlərində dəyişiklik edilərək Macarıstanın səs vermə haqqının əlindən alınacağı haqda xəbərdarlıq edildiyi iddia olundu (BBC Türkçe, 2024).

2024-cü ilin yazında Avropa Birliyinə sədrlik növbəsi başlayan Macarıstan 6 aylıq müddət əzrində Ukraynanın ittifaqa üzvlük müzakirələrində 35 fəslin heç birini açmayacağını bəyan etdi.

Orban Rusiyaya qarşı yeni sanksiyalara hər yolla mane olacağını söylədi. İyulun 1-də Macarıstanın AB Şurası sədrliyi başladı. Bundan cəmi 4 gün sonra - iyulun 5-də isə Orban Moskvada Putin ilə görüşdü. Orban Avropa Birliyinin müharibə tərəfdarı olduğunu, Macarıstanın isə sülh istədiyini iddia edərək bir daha yeni sanksiyalara veto qoyacağının siqnalını verdi (AP, 2024). AB içərisindəki veto şantajı daha sonra da davam etdirildi. Bu pozisiyada onun cəsarətini artıran ən mühüm faktorlardan biri isə Donald Trampın iqtidara gəlişi oldu.

Bu ilin yanvar ayında başlayan Rusiyaya qarşı 16-cı sanksiya paketi müzakirələri Orbanın veto şantajının kölgəsində qaldı. Orban əl əyləcini çəkərək AB liderlərinin sanksiyaların davam etdirilə bilməyəcəyini başa düşmələrini istədiyini söylədi (Euronews, yanvar 2025). Brüsseldə nəticəsiz bitən üç toplantıdan sonra AB liderləri Macarıstanın baş nazirini veto qərarından daşındırmağı bacardılar - “qara siyahı”dan Orbanın istədiyi üç nəfəri çıxartmaq və AB enerji infrastrukturunun ortaq olduğuna dair vədlər vermək hesabına.

ABŞ Ukraynaya hərbi yardımları dayandırmaq qərarını açıqladıqdan dərhal sonra - 2025-ci ilin martında AB liderləri Brüsseldə fövqəladə toplantı keçirərək Ukraynaya hərbi yardımın artırılmasına qərar verdilər. Bu, indiyə qədər Avropa Birliyi daxilində hərbi təhlükəsizlik məsələsində göstərilən ən böyük həmrəylik və birlik təşəbbüslərindən biri idi. Ancaq qurumun Rusiya təcavüzkarlığına qarşı ortaq təşəbbüslərinə Orban “Macarıstanın da bir hissəsi olduğu vahid Avropa ordusu müharibə tərəfdarı olacaqsa, bunda iştirak etməyəcəyik” deyərək qitənin ortaq təhlükəsizlik mövqeyinə qarşı çıxdı. AB liderləri problemi həll etməyin yolunu Orbanın iştirak etmədiyi bir səsvermədə 26 səslə və iddialı bir mətnlə ortaya çıxmaqda gördülər. Orban buna “Təcrid olan biz deyilik, AB özünü ABŞ-dan, ticarət müharibəsi səbəbilə Çindən və sanksiya siyasəti səbəbilə Rusiyadan təcrid etdi” deyə cavab verdi (Euronews, mart 2025).

İyun ayında isə Orban Ukraynanın AB-yə üzvlük müzakirələrinə veto qoydu. Bu vetonu əsaslandırmaq üçün isə keçirilmə proseduru ciddi şübhələr doğuran referendumu bəhanə etdi - martın 30-da elektron və poçt səsverməsi ilə keçirilən həmin referendumda macarların 95 faizinin Ukrayna ilə üzvlük müzakirələrinə qarşı çıxdığı açıqlanmışdı. Müşahidəçilərə görə, bu referendum və 2023-cü ilin dekabr ayında zaldan çıxaraq müzakirələrə mane olmayan Orbanın iyundakı vetosu 2026-cı il seçkiləri ilə izah edilə bilər və bu baxımdan ən az 10 ay Ukraynanın üzvlük müzakirələri təhdid altında qalacaq (The New Union, iyun 2025).

Orban eyni zamanda iyun ayında Slovakiya ilə birlikdə AB-nin Rusiya enerjisi sahəsini nəzərdə tutan 18-ci sanksiya paketinin qəbuluna mane oldu. İddiası isə bu sanksiyaların Macarıstan iqtisadiyyatına zərər vuracağıydı. Nəticədə Paketin qəbulu bir ay ləngidi.

Rusiyaya məhkumiyyət manipulyasiyası

Orban Macarıstanın qaz və neft təchizatında Rusiyaya olan asılılığını qoruyub saxlamaqla yanaşı, bu asılılığı AB-yə qarşı taktiki üstünlük kimi istifadə edir. Bu enerji əlaqələri vasitəsilə o, Macarıstanın “strateji muxtarlığını” qoruduğunu iddia edir (Varga, 2021). İlk baxışda bu arqument haqlı görünür. Çünki mövcud rəqəmlərə baxsaq, Macarıstan idxal etdiyi xam neftin 86 faizini Rusiyadan alır. Rusiyanın Ukraynaya hücum etdiyi 2022-ci ildə bu rəqəm 61 faiz idi (Politico, may 2025).

2023-cü ildə Macarıstanın Rusiyadan aldığı qaz həcmi isə 85 faiz idi (Radio Svoboda, 2023). 2023-cü ildən sonra bu rəqəm bir az azalsa da, 2025-ci ildə yenə də 85 faiz civarında olduğu təxmin edilir. Bu qazın böyük hissəsi Türkiyə üzərindən “Türk axını” xətti vasitəsilə əldə edilir.

Macarıstanın atom enerjisini isə bütövlüklə Rusiya təmin edir. Ölkənin elektrik enerjisinin 48 faizini istehsal edən Paks -1 Atom Elektrik Stansiyasının yanacağını bütövlükdə Rosatom verir.

Hazırda isə Macarıstan Rusiya ilə birlikdə Paks-2 Atom Elektrik Stansiyasını tikir. Bunun üçün də 2014-cü ildə Rusiya ilə Macarıstan arasında müqavilə imzalanıb və stansiyanın maliyyəsinin 80 faizinin Rosatom krediti ilə ödənəcəyi bildirilib (Nucnet, may 2025). 2022-ci ildə iki reaktordan ibarət olması planlaşdırılan Paks-2-nin inşasına rəsmi icazə verildi. 2024-cü ildə inşaat başladı, sonra divarında çökmə olduğu üçün dayandırıldı, ancaq bu ilin iyun ayında yenidən başladı. Paks-1 kimi bu layihədə də texnologiyadan yanacağa qədər hamısı Rusiyaya aiddir. Burada Paks-2-nin inşasının Orbanın uşaqlıq dostu və ölkənin ən böyük oliqarxı Lorinç Mezarosun şirkətinə həvalə edilməsini qeyd etməkdə fayda var (Politico, 2024). Yəni tabloya baxınca, Macarıstanın Rusiya enerjisindən asılılığı faktdır və Orban da bu faktdan həm Qərbi şantaj etmək, həm Avropa Birliyindən imtiyazlar qoparmaq, həm seçicisini manipulyasiya etmək üçün ustalıqla yararlanır.

Ancaq əsl həqiqət bu faktın detallarında gizlənir - Macarıstanın Rusiya enerjisindən asılılığının bir məhkumiyyət olmadığını ortaya qoyan kifayət qədər ciddi və əsaslandırılmış araşdırmalar var. CSD (Center For The Study Of Democracy) və CREA (Center For Research on Energy and Clean Air) tərəfindən hazırlanan bir hesabata görə, Avropa Birliyinin 2022-ci ildə Macarıstanı (həm də Slovakiya və Çexiyanı) Rusiyadan enerji asılılığını azaltmaq üçün vaxt tanıması və sanksiyalardan immunitet verməsi tamamilə əks təsir doğurub. Əksinə, Macarıstan (və Slovakiya) Rusiya enerjisindən asılılığını daha da artırıb (CSD, may 2025 a). Hesabata görə, bu ölkələrin Rusiya xam neftindən asılılıqdan xilas olmaları üçün heç bir texniki və struktur maneə yoxdur, əsas maneə siyasi iradədir.

Bu arqumentin doğruluğunu Çexiya nümunəsində də görmək mümkündür. Çexiya AB-nin verdiyi möhləti uğurla dəyərləndirərək 2025-ci ildə enerjidə 60 illik Moskva asılılığından tamamilə xilas oldu. 2022-ci ildə təbii qaz müqavilələrini yeniləmədi, 2023-cü ildə idxal, demək olar ki, sıfıra düşdü. Ölkə 2024-cü ilə qədər neftin 40 faizindən çoxunu Drujba xəttindən alırdı, ancaq Avropanın ortaq qərarına qoşulmaq üçün enerjidə şaxələnməni sürətləndirdi və 2025-ci ilin martından etibarən Rusiyadan neft almağı da kəsdi. Hazırda Çexiya İtaliyanı Almaniyaya bağlayan Transalp boru xəttinə (TAL) qoşulmaqla neft idxal edir. Bunun üçün infrastrukturuna 60 milyon avroluq sərmayə qoyub. İldə 8 milyon tona yaxın neft idxalı planlaşdırılır ki, bu da ölkənin ehtiyacını ödəyir (Energynews, aprel 2025).

Macarıstan (və Slovakiya) isə alternativ kimi təqdim olunan Adria boru xətti vasitəsilə Xorvatiyadan təbii qaz alması mümkün ikən buna çox həvəslə yanaşmır. LNG terminallarına (Krk (Xorvatiya) və Klaipeda (Litva) çıxış, bərpa olunan enerji potensialından faydalanma (Aİ-nin REPowerEU strategiyası çərçivəsində təqdim olunan alternativ marşrutlar) kimi alternativlərə yönəlməyə də xüsusi can atmır. (CSD, may 2025 b).

CSD hesabatına görə, Macarıstan Neft və Qaz Şirkətinin (MOL) idxal edilən xam nefti işləmək qabiliyyətinə malik olmasına və Mərkəzi Avropa bazarında ABŞ, Qətər kimi ölkələrdən gələn bol miqdarda qaz mövcudluğuna baxmayaraq Budapeşt bunlarda da maraqlı görünmür. Əksinə, rus enerjisindən asılılığın davam etməsi üçün həyata keçirdiyi lobbiçilik sayəsində AB qanunvericiliyindəki boşluqlardan da istifadə edərək yüz milyonlarla dollar qazanır. CREA enerji eksperti Luke Vikenden Orban hökumətinin daxili büdcə kəsirini örtmək üçün rus neft transferindən 500 milyon dollardan çox vergi qazancı əldə etdiyini bildirir (Politico, may 2025).

MOL-un keçmiş rəhbərlərindən olan Atilla Xoloda da Macarıstanın bütün anbarlarının dolu olduğunu, illik ehtiyacdan 2,5 dəfə çox qaz alındığını söyləyərək Orban hökumətinin “qaz asılılığı” kartını alverə çevirdiyinə işarə edir (Balkan İnsight, 2024). Macarıstan Rusiyadan aldığı qaz sayəsində bölgədə qaz mərkəzinə çevrilir və qonşu ölkələrə bu qazı sataraq həm maddi qazanc, həm də siyasi nüfuz əldə etməyə çalışır.

Çinin montaj fabriki

Çin əvvəllər Mərkəzi və Şərqi Avropa ilə əməkdaşlıq üçün 16+1 çərçivəsində Macarıstanla əlaqə qurmuşdu. Bu əlaqələr daha sonra isə Orbanın “Şərqə açılım” strategiyası ilə dərinləşdi. Digər Avropa ölkələrindən fərqli olaraq Macarıstan Çin sərmayəsinə şübhəylə yanaşmır, əksinə, iki ölkə arasındakı əlaqələr artıq Macarıstanın Avropa Birliyi içində Çinin dayaq nöqtəsi olması üçün kifayət edəcək səviyyəyə çatmaqdadır. Bəzi hesabatlarda Macarıstan üçün “Çinin montaj fabriki” terminindən istifadə olunur (Gizinska and Uznanska, 2024 a).

Rəsmi açıqlamalara görə, Macarıstan Mərkəzi və Şərqi Avropada Çinin üçüncü böyük ticarət partnyoru, Çin isə Macarıstanın Avropa Birliyi xaricindəki ən böyük ticari tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasındakı ticarət həcmi 2013-cü illə müqayisədə 73 faiz artaraq 14,52 milyard dollara çatıb. 2023-cü ildə Çinin Macarıstana birbaşa investiyası Fransa və Almaniyanin birlikdə qoyduğu investisiyadan çox olub. 2023-cü ildə Çinin Macarıstana birbaşa investisiya miqdarı 8.12 milyard dollarla bu ölkəyə qoyulan ümumi xarici sərmayənin 58 faizini təşkil edirdi (China Briefing, 2024).

Çinin dövlət rəhbəri Si Tsinpinin 2024-cü ildə Macarıstana rəsmi səfərində iki ölkə arasında yeni dövrün başlamasını nəzərdə tutan “hər şərtdə əməkdaşlıq” anlaşması imzalandı. Bu strateji tərəfdaşlıq atom sənayesi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını nəzərdə tutur (GOV CN, 2024).

Macarıstan 2015-ci ildən etibarən Çinin “Bir kəmər, bir yol” (BRİ) təşəbbüsündə fəal tərəfdaş olaraq çıxış edir və 150 iştirakçısı olan bu layihədə yer alan ilk AB üzvüdür. Yunanıstanın Pirey şəhərindən Avropanın ən böyük daxili limanına - Almaniyanın Duysburq şəhərinə uzanan BRİ koridorunun mühüm hissəsi olan Belqrad-Budapeşt dəmir yolu layihəsi də 2 milyard dollarlıq Çin krediti ilə həyata keçirilir. Bu yolun Macarıstan hissəsinin tikintisini Orbanın uşaqlıq dostu Lörink Mesaroşun şirkəti həyata keçirir (İntellinews, 2019). Layihə Serbiya tərəfində Novi Sad stansiyasının tavanının çökməsi və 16 nəfərin ölməsi ilə nəticələnən qəzadan sonra təhlükəsizliklə bağlı suallar doğursa da, Orban hökumətinin bu əməkdaşlıqdakı qərarlılığını azaltmadı (GİS Reports, iyun 2025 a).

Ancaq layihənin Serbiya hissəsinin 3 ildir tamamlanmasına baxmayaraq Macarıstan hissəsinin hələ də gecikməsi Çinlə əlaqələrin çox da yolunda getmədiyini göstərir. Bəzi mənbələrə görə, Tsinpin keçən il Orbana dəmiryolunda Çin texnologiyasının istifadəsi və AB daxilində bu layihənin gecikməsinə səbəb olan problemləri həll etməsi üçün təzyiq göstərib. (Vsquare, 2023)

Daha əvvəl 2 milyard dollarlıq Rusiya krediti ilə çəkilməsi planlaşdırılan, Macarıstanın şərqi ilə qərbini birləşdirən V0 dəmiryolu xəttinin də Budapeşt şəhər mərkəzini havalimanına birləşdirən sürət qatarı xəttiylə birlikdə Çin tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu. Ancaq bu layihə etirazlar nəticəsində dayandırıldı.

Rusiyaya qarşı enerji sanksiyalarında əldə etdiyi imtiyazlar Macarıstanın Avropanın ortasında ucuz və sabit bir bazara çevrilməsinə səbəb oldu. Yaponiya, Cənubi Koreya və Çinin batareya fabrikləri Budapeştə daşındı.

Çinin CATL şirkətinin BMW-nin yeni elektrikli avtomobil zavodu üçün Debretsenə qoyduğu 7,3 milyard dollarlıq investisiya Macarıstan tarixinin ən böyük investisiya layihəsidir (Belt and Road Portal, 2024).

BYD-nin Avropadakı mərkəzini Hollandiyadan Macarıstana köçürməsi; EVE Energy və XİNWANDA kimi sənaye nəhənglərinin Macarıstanda zavodlar açması; “Huawei” şirkətinin Avropa Tədarük Mərkəzini Macarıstanın Peç şəhərində qurması; Macarıstanın Trampın “Təmiz Şəbəkə” təşəbbüsündə iştirakı rədd etməsindən sonra Çin texnologiya şirkətinin Budapeştdə Tədqiqat və İnkişaf Mərkəzi açması; Amerikanın etirazlarına və Çin xüsusi xidmət orqanları ilə əlaqələrə dair xəbərdarlıqlara baxmayaraq Macarıstanın telekommunikasiya şirkəti 4iG-nin bulud və süni intellekt xidmətləri üçün “Huawei” ilə strateji müqavilə imzalaması Orban iqtidarının Çinlə əlaqələri nə qədər dərinləşdirdiyinin başqa nümunələri olaraq göstərilə bilər.

Çinlə əlaqələr sayəsində Macarıstan hazırda dünyanın dördüncü ən böyük litium-ion batareya istehsalçısıdır və 2031-ci ildə ikinci yerə yüksəlməsi gözlənilir (Gizinska and Uznanska, 2024 b).

Macarıstan 2019-ci ildən bəri Belqradda istifadə edilən “Huawei”in süni intellektə əsaslanan üz tanıma sisteminə da maraq göstərir. Bundan əlavə, 2023-cü ildə iki ölkənin daxili işlər nazirlikləri arasında imzalanan müqaviləyə görə, Çin polisi Budapeştin Çin məhəlləsində və turistik bölgələrində birgə nəzarət etmə haqqına sahibdir (GİS Report, iyun 2025 b).

Avropa Birliyi xüsusilə Çin polislərinin Avropanın mərkəzində növbə tutmasının ciddi təhlükəsizlik riski doğurduğunu bildirərək qarşı çıxsa və xarici müdaxilə üçün arxa qapı kimi dəyərləndirsə də (Reuters, 2024), Orban hökuməti bunu qulaqardına vurdu.

Macarıstan COVID-19 pandemiyası dövründə Çin peyvəndlərinin ilk Avropa alıcısı olaraq nümayiş etdirdiyi simvolik jestlərlə yanaşı, ölkədə tamamilə sıxışdırdığı qərbyönlü QHT-lərin və təhsil qurumlarının yerini də çinlilərlə doldurur. (Telex, 2024)

Macarıstanın Budapeşt, Seged, Mişkolç və Debretsen universitetlərində Çin Təhsil Nazirliyi nəzdindəki Konfitsu institutları fəaliyyət göstərir, Peç şəhərində isə Çin tibbi dərsləri tədris edilir. 2017-ci ildən bəri Budapeşt Çin dövlət araşdırma institutu olan Sosial Elmlər Akademiyasının faktiki yeganə Avropa nümayəndəliyi olan Çin-CEE institutuna ev sahibliyi edir.

2021-ci ildə Macarıstan hökuməti Çin ilə Şanxay mərkəzli Fudan Dövlət Universitetinin Budapeştdəki kampusunun tikintisinə dair müqavilə imzaladı. Ancaq layihə şəffaflığın olmaması və Orbanın Fudan Universiteti üçün Çinə verməyi nəzərdə tutduğu yerdə tələbə şəhərciyinin salınması planının mövcudluğu səbəbilə ciddi etirazlar doğurdu. Müxalifətin əlindəki Budapeşt bələdiyyəsinin də əleyhinə çıxması ilə layihə gündəlikdən düşdü (RFE/RL, 2021).

Orban hökuməti Çinlə əlaqələri inkişaf etdirməklə kifayətlənmir, həm də Çinin maraqlarının Avropadakı ən böyük müdafiəçisi rolunu oynayır. 2016-2022-ci illər arasında Macarıstan Avropa Birliyi Şurasının Çini qınayan qərarlarına mane olmaq üçün altı dəfə veto səlahiyyətindən istifadə edib. Bundan əlavə, Çinin iqtisadi mövqelərini zəiflədəcək təşəbbüslərin də qarşısında durub - 2023-cü ilin dekabr ayında AB-nin külək enerjisi sənayesinin Çin istehsalçılarının haqsız rəqabətindən qorunmasını nəzərdə tutan sənədi imzalamağı rədd etməsi bunun nümunələrindən biridir (Gizinska and Uznanska, 2024 c).

Türkiyə və Orta Asiya ilə İdeoloji Qardaşlıq Siyasəti

Orban rəhbərliyi türk dövlətləri ilə də aktiv əməkdaşlıq siyasəti yürüdür və bu münasibətləri “mədəni-tarixi qardaşlıq” çərçivəsində əsaslandırır. Ancaq Orbanın digər avtoritar və qeyri-şəffaf ölkələrlə münasibətləri kimi Türkiyə ilə əlaqələri də hər hansı prinsipə deyil, məhz avtoritar mühafizəkarlıq, millətçi şüarlar və iqtidarını gücləndirmə məqsədi daşıyan prinsipsiz siyasi praqmatizmə əsaslanır.

Orbanın Rusiya ilə olduğu kimi, Türkiyə ilə də yaxınlaşması 2010-ci illərin əvvəllərinə təsadüf edir. Həm Orban, həm də Ərdoğan Avropa Birliyi və NATO çərçivəsində aparıcı qərb dövlətlərinin “ikili standartlı və hegemon davranışları”nı tənqid edərək çoxqütblü dünyaya inteqrasiyanı alternativ çıxış yolu kimi təqdim edirlər (Gábor Scheiring, 2024). İkisi də suverenliyi ön plana çıxaran, qərb təsisatlarına selektiv yanaşan və daxili siyasətdə güclü lider modeli üzərində qurulmuş avtoritar meyilli idarəetmə forması ilə tanınır.

Türkiyə və Macarıstanı bağlayan əsas həlqələrdən biri də miqrasiya siyasətidir. Orban, 2015-ci ildə başlayan miqrasiya böhranı fonunda Türkiyənin Avropa üçün “sərhəd keşikçisi” rolunu açıq şəkildə dəstəklədi və Ərdoğanı Avropanın təhlükəsizliyi üçün "təyin edilmiş strateji tərəfdaş" kimi təqdim etdi. (Hungary Today, 2021)

Orban Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini desə də bu üzvlüyün yalnız “mədəni fərqliliklərin tanındığı yeni bir Avropa düzəni daxilində mümkün ola biləcəyini” bildirir (Lendvai, 2017b). Macarıstanın 2018-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qismində daxil olmasını da Ərdoğan ilə mənafe münasibətləri kontekstində izah etmək daha realist yanaşma olardı. (TDT, 2022).

Orta Asiya ölkələri, xüsusilə Qazaxıstan və Özbəkistan, Macarıstanın Avrasiya siyasətində mühüm tərəfdaşlar kimi çıxış edirlər. Bu siyasət həm də Avropa Birliyi daxilində Orbanın "ideoloji alternativlər diplomatiyası" kimi şərh olunur.

Visegrad Qrupu və “İlliberal Beynəlmiləlçilik”

Orbanın regional xarici siyasətində mühüm sütunlardan biri Vışeqrad qrupudur (V4 - Polşa, Slovakiya, Çexiya, Macarıstan). Bu platforma, xüsusilə miqrasiya böhranı zamanı, Qərbi Avropanın liberal siyasətinə qarşı müştərək müxalifət tribunasına çevrildi. Orban burada “illiberal beynəlmiləlçilik” adlandıra biləcəyimiz bir strategiya qurdu: oxşar avtoritar və ya suverençi liderlərlə taktiki ittifaqlar yaratmaq və bunu Avropa daxilində təzyiq alətinə çevirmək.

Lakin bu qrup daxilində parçalanmalar da baş verir. Slovakiya və Çexiyada hökumətlər V4 içində Orbanın xəttindən uzaqlaşdıqları və miqrasiya məsələsində daha AB standartlarına yaxın davrandıqları üçün, Macarıstan daha çox Polşa ilə ikitərəfli koordinasiya qurmağa başladı.

Rusiyaya münasibətdə və Ukraynaya hərbi yardım məsələsində də bu qrup həmfikir deyil. Orban və Fiko Rusiyaya qarşı sanksiyalara mane olmağa və Ukraynaya hərbi yardıma qarşı çıxmağa çalışarkən Polşa və Çexiya Avropa Birliyi ilə ortaq mövqedən çıxış edir.

Demokratiya və qanunun aliliyi məsələsində isə xüsusilə Fitsonun Slovakiyası daha çox Orban çizgisinə yaxınlaşarkən və Polşa da son dövrlərdə tənqidlərlə qarşılaşarkən, Çexiya Avropa standartlarına uyğun davranır. Ancaq yenə də Slovakiya və Polşa AB ilə müzakirələrdə Orban qədər ərköyün deyil. Bununla belə, Slovakiya və Polşadakı siyasi dəyişikliklərdən sonra V4, Orban üçün öz modelini beynəlmiləlləşdirmək və legitimləşdirmək üçün simvolik platforma olaraq qalır.

Avtoritarları birləşdirən dəyər - sərhədsiz güc arzusu

Orbanın “Şərq sevgisi”nin və ya “Antiqərb” mövqeyinin mənbəyində heç şübhəsiz, sərhədsiz güc arzusu yatır. Liberalizmə qarşı çıxma, şəxsi mənşəli “aşağılıq duyğusu”ndan irəli gələn intellektə nifrət, “güclü lider” kultuna sığınma, rəqib səsə dözümsüzlük və güzəştsizlik, avtoritarizmi “vətənpərvərlik” və millətçilik ilə legitimləşdirmə Orbanı avtoritarlar klubu ilə bağlayan əsas faktorlardır.Avropa tipli bir demokratiyada Orban kimi ideoloji buqələmunun və prinsipsiz avtoritarın önə çıxması və lider olması mümkün deyil. Bu səbəbdən liderlik və böyüklük ehtirasını Rusiya, Çin, Türkiyə kimi avtoritar rejimlərlə, onların özünə bənzəyən liderləri ilə yaxınlıq quraraq təmin etməyə çalışır.

Bu rejimlərlə yaxınlıq onun avtoritar rejiminin əsas qidasıdır və qurduğu total nəzarət sistemi sayəsində “ucuz və çox qaz”, “elektrikli avtomobil və hissələri”, “türklük və ortaq keçmiş”, “ailə və mənəvi dəyərlər” ilə manipulyasiya etdiyi xalq bu “dəyərlər”in niyə ancaq Orban və yaxın ətrafını varlandırdığını soruşmağa ehtiyac duymur. İngiltərənin keçmiş baş nazirlərindən Marqaret Tetçerin keçmiş müşaviri, Danube İnstitutunun yaradıcısı Con O Sullivan Orbanın əslində səhv tanınmış pirat təxribatçı olduğunu deyir: “İntellektual baxımdan macərapərəst biridir. Hər gün eyni siyasi xəttə bağlı qalmaqdan sıxılır. Yeni fikirlər kəşf etmək istəyir. Bunu edərkən də bəzi risklərə getməyə hazırdır. İmprovizasiyaları sevir, ictimaiyyətdə spekulyasiyalar edir” (VOA, 2016).



NƏTİCƏ

Bu analiz göstərdi ki, həm öz ölkəsi daxilində yaratdığı sistem, həm də Avropa Birliyi daxilində sistemli şəkildə davam etdirdiyi şantaj-sabotaj siyasətiylə Orban artıq birlik üçün problem olmaqdan çıxaraq təhlükəyə çevrilib. Macarıstan açıq şəkildə avtoritarizmin bütün elementlərini tətbiq edir, Rusiyaya qarşı sanksiya paketlərini gecikdirir, Çində insan haqlarına dair ortaq mövqeyə qarşı çıxır, Ukraynaya hərbi və maddi yardımlara mane olur. Avropa Birliyinin qərar qəbul etmə mexanizmlərindəki hüquqi boşluqlar Orbanın daha da “ərköyünləşməsinə”, Brüsselin isə daha çox güzəştə getməsinə səbəb olur.

Bu isə Avropa Birliyinin vaxtında və effektiv qərarvermə mexanizmini laxlatdığı kimi, ittifaqın qlobal aktor olaraq nüfuzuna və etibarına da zərbə vurur. Tətqiqatın arqumentlərindən ortaya çıxan nəticə budur ki, Orban Avropa Birliyi üçün daxili təhdid elementidir. (Estonian Security & Defence Working Group, iyul 2025)

Orbanizasiya AB üçün təkcə daxili demokratik problem deyil, həm də strateji təhlükədir. Bu tendensiyanın qarşısını almaq üçün AB-nin institusional dayanıqlığını gücləndirən, həmrəyliyi təmin edən və normativ əsasları qoruyan mexanizmlər önə çıxmalıdır.

Macarıstan təcrübəsi keçid rejimlərinin sabit demokratik rejimlərə çevrilməsi üçün yalnız seçki və konstitusiyanın kifayət etmədiyini göstərir. Bu, həm də normativ mədəniyyət, güclü və plüralist vətəndaş cəmiyyəti, media azadlığı və institusional qarşılıqlı nəzarət sistemləri tələb edir. Macarıstan nümunəsi bu elementlər olmadıqda keçidin “geriyə dönüş” (reverse transition) ilə nəticələnə biləcəyini göstərir.

Bütün bu tendensiyalara baxmayaraq, Macarıstan cəmiyyətində liberal və demokratik qüvvələrin dirənişi tamamilə sönməyib. Şəhərli, gənc və təhsilli seçicilər arasında hökumətdən narazılıq artır. 2022 seçkilərində müxalifətin birləşməsi istənilən nəticəni verməsə də, bu cür cəhdlər illiberal hegemoniya qarşısında potensial alternativlərin mövcudluğunu göstərir.

Orban sonrası dönəm üçün iki əsas ssenari nəzərdən keçirilir:

Təbii lider dəyişikliyi və FIDESZ daxilində sabit keçid. Bu ssenari rejimin institusional ardıcıllığını və sistemin davamlılığını təmin edə bilər. Bu halda, avtoritar struktur formal dəyişikliklərlə adaptasiya olunur, lakin əsas güc balansı dəyişməz qalır.
Siyasi böhran və sosial narazılıq dalğası. Artan iqtisadi çətinliklər və institusional iflas fonunda genişmiqyaslı və radikal demokratik dəyişiklik ehtimalı ortaya çıxa bilər. Bu isə təkcə lider dəyişikliyi deyil, həm də rejimin struktur sökülməsi demək olar.
Hər iki ssenari, Macarıstanın siyasi inkişaf modelini demokratiya nəzəriyyəsi kontekstində həm bir xəbərdarlıq nümunəsi, həm də empirik təhlil obyekti kimi önə çıxarır – xüsusilə də demokratik geriləmənin necə normallaşdığı və onun hansı sosial-siyasi mexanizmlərlə dirənişə səbəb olması baxımından.

İSTİNADLAR

Khar Center. İyun 2025. Macarıstanın siyasi sistemi. https://kharcenter.com/nesrler/macaristanin-siyasi-sistemi

Lendvai, Paul. 2017. Orbán: Hungary's Strongman. Oxford: Oxford University Press. ISBN 978-0190874865.

Index.hu. 2010. Orbán: Keleti szél fúj. https://index.hu/belfold/2010/11/05/orban_keleti_szel_fuj/?token=0117ce975ed215bb8efb57de4e13d2b3.

HVG. 2011. “Orbán: ‘Még nagyon sok gonddal is szembe kell néznünk.’” https://hvg.hu/itthon/20110525_orban_keleti_nyitas_oecd.

The Orange Files. 2018. “Eastern Opening.” https://theorangefiles.hu/eastern-opening/?utm.

OSW (Centre for Eastern Studies). 2014. “Orbán’s Anti-Liberal Manifesto.” https://www.osw.waw.pl/en/publikacje/analyses/2014-08-06/orbans-anti-liberal-manifesto?utm.

Anadolu Agency. May 2025. EU to maintain Article 7 procedure over Hungary’s rule of law breaches. 'https://www.aa.com.tr/en/europe/eu-to-maintain-article-7-procedure-over-hungarys-rule-of-law-breaches/3581462?utm

AİDA, may 2025. https://asylumineurope.org/wp-content/uploads/2025/05/AIDA-HU_2024-Update.pdf

BBC Türkçe. 2024. Avrupa Birliği, Ukrayna ve Moldova ile tam üyelik müzakerelerine resmen başladı: Süreç nasıl işleyecek?

https://www.bbc.com/turkce/articles/cv22g6yx7vpo

Reuters. 2022. Hungary vetoes EU aid for Ukraine, bloc delays decision on funds for Budapest

https://www.reuters.com/world/europe/eu-looks-win-hungary-support-ukraine-aid-return-eu-funds-access-2022-12-06/?utm

BBC Türkçe. 2024. Macaristan, AB zirvesinde Ukrayna’ya 50 milyar euroluk yardım paketini onayladı: Başbakan Orban vetoyu neden kaldırdı?

https://www.bbc.com/turkce/articles/cd17n24qz0no

AP. 2024. Hungary”s Orban meets Putin for talks in Moscow in a rare visit by a European leader

https://apnews.com/article/hungary-russia-orban-putin-visit-ukraine-4755f85d49703be7971b262c18707222?utm

Euronews. Yanvar 2025. Playing with fire': Orbán's sanctions veto threat puts Brussels on edge

https://www.euronews.com/my-europe/2025/01/24/playing-with-fire-orbans-sanctions-veto-threat-puts-brussels-on-edge?utm

Euronews. Mart 2025. EU leaders' summit ends with Orbán vetoing conclusions on Ukraine

https://www.euronews.com/my-europe/2025/03/06/boosting-support-for-ukraine-and-how-to-rearm-europe-on-agenda-as-leaders-gather-in-brusse?utm

The News Union. İyun 2025. Orbán’s Hungary continues to veto Ukraine’s EU accession talks, now via a—legally non-binding—referendum

https://newunionpost.eu/2025/06/27/hungary-referendum-ukraine-accession/?utm_

Politico. May 2025. “Hungary and Slovakia Can Quit Russian Energy, Report Finds.https://www.politico.eu/article/hungary-slovakia-quit-russia-energy-crea-report/?utm.

Radio Svoboda. 2023. Венгрия продлила соглашение с Россией о дополнительных поставках газа

https://www.svoboda.org/

a/vengriya-prodlila-soglashenie-s-rossiey-o-dopolniteljnyh-postavkah-gaza/32359210.html.

NucNet. May 2025. “US Has Lifted Sanctions on Hungary’s Paks II Nuclear Project, Says Foreign Minister.” https://www.nucnet.org/news/us-has-lifted-sanctions-on-hungary-s-paks-ii-nuclear-project-says-foreign-minister-6-1-2025?utm.

Politico. 2024. “The Kremlin’s Growing Influence in Orbán’s Hungary.” https://www.politico.eu/article/kremlin-russia-hungary-viktor-orban-oil-gazprom-media-gabor-kubatov-fidesz-party/?utm.

Centre for the Study of Democracy (CSD). May 2025 a. “The Last Mile.” https://csd.eu/publications/publication/the-last-mile/.

Energynews. Aprel 2025. The Czech Republic ends 60 years of dependency on Russian oil
https://energynews.pro/en/the-czech-republic-ends-60-years-of-dependency-on-russian-oil/?utm

Centre for the Study of Democracy (CSD). May 2025 b. “The Last Mile.” https://csd.eu/publications/publication/the-last-mile/.

Politico. May 2025. “Hungary and Slovakia Can Quit Russian Energy, Report Finds.” https://www.politico.eu/article/hungary-slovakia-quit-russia-energy-crea-report/?utm.

Balkan Insight. 2024. “Hungary Turns Itself into Hub for Russian Gas.” https://balkaninsight.com/2024/12/11/hungary-turns-itself-into-hub-for-russian-gas/?utm.

China Breifing. 2024. China-Hungary Bilateral Relations: Trade and Investment Outlook https://www.china-briefing.com/news/china-hungary-bilateral-relations-trade-and-investment-outlook/?utm

GOV.CN, 2024. Full text: China-Hungary Joint Statement on the Establishment of an All-Weather Comprehensive Strategic Partnership for the New Era https://english.www.gov.cn/news/202405/10/content_WS663d3b83c6d0868f4e8e6eb0.html?utm

İntellinews, 2019. Hungarian PM Viktor Orban’s friend seals €2.3bn railway contract with Chinese firms

https://www.intellinews.com/hungarian-pm-viktor-orban-s-friend-seals-2-3bn-railway-contract-with-chinese-firms-160334/?utm

GİS Report. İyun 2025 a.. China’s European bridgehead https://www.gisreportsonline.com/r/china-hungary/?utm

Vsquare, 2023. Orbán travels to Beijing, commits to Chinese rail tech

https://vsquare.org/no-7-spying-in-brussels-orban-in-china-human-trafficking-in-cee/

Belt and Road Portal. 2024. Hungarian experts expect deepening friendship with China via BRI https://eng.yidaiyilu.gov.cn/p/0LDOJEV5.html?utm

Reuters. 2024. EU Commission chief: Hungary's Russia, China policies pose security risk

https://www.reuters.com/world/europe/eu-commission-chief-hungarys-russia-china-policies-pose-security-risk-2024-10-09/?utm

Telex, 2024. How the Chinese Communist Party's United Front extends its influence to Hungarian Associations

https://telex.hu/direkt36/2024/10/03/how-the-chinese-communist-partys-united-front-extends-its-influence-to-hungarian-associations?utm

RFE/Rl. 2021. New Chinese University In Hungary Puts Orban's Beijing Ties In The Spotlight

https://www.rferl.org/a/fudan-university-hungary-orban-china-ties/31236149.html

Gizinska İlona, Uznanska Paulina. 2024. China’s European bridgehead. Hungary’s dangerous relationship with Beijing

https://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2024-04-12/chinas-european-bridgehead-hungarys-dangerous-relationship?utm

GİS Report. İyun 2025 b.. China’s European bridgehead https://www.gisreportsonline.com/r/china-hungary/?utm

Greilinger, Georg. 2023. Hungary’s Eastern Opening Policy as a Long-TermPolitical-Economic Strategy. https://www.aies.at/download/2023/AIES-Fokus-2023-04.pdf

Gábor Scheiring, 2024. I Watched Orbán Destroy Hungary’s Democracy. Here’s My Advice for the Trump Era. https://www.politico.com/news/magazine/2024/11/23/trump-autocrat-elections-00191281

Hungary Today. 2021. Orbán in Turkey: Europe in Need of Allies Who Can Expand Lines of Defence

https://hungarytoday.hu/orban-turkey-migration-borders-eu-support-erdogan/?utm_
Lendvai, Paul. 2017 b. Orbán: Hungary's Strongman. Oxford: Oxford University Press. ISBN 978-0190874865.
TDT. 2022. https://www.turkicstates.org/areas-of-cooperation-detail/1-political-cooperation
Voice of America (VOA). 2016. “Hungary’s Orbán: Autocrat or Misunderstood Provocateur?”

https://www.voanews.com/a/is-hungary-orban-autocrat-or-misunderstood-provocateur/3164978.html.
Estonian Security and Defence Working Group. İyul 2025. “Strategic Saboteur: Hungary’s Entrenched Illiberalism and the Fracturing of EU Cohesion.” https://esthinktank.com/2025/07/10/strategic-saboteur-hungarys-entrenched-illiberalism-and-the-fracturing-of-eu-cohesion/?utm
Direkt36. 2021. “Orbán’s Eastern Opening Brings Spy Games to Budapest.” https://www.direkt36.hu/en/kemjatszmakat-hozott-budapestre-orban-kinai-nyitasa/.
Bozsó, Ágnes, and Zoltán Kovács. 2021. “Hungary to Build Budapest Campus of Chinese University with Chinese Loan.” *Euractiv*.

https://www.euractiv.com/section/politics/news/hungary-to-build-budapest-campus-of-chinese-university-with-chinese-loan/.
/kharcenter.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru