Azərbaycanın alternativ axtarışına ehtiyacı yoxdur. NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir və bu bizim üçün yetərlidir.
Dünən, 07:14

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 30 iyulda keçirdiyi ənənəvi brifinqdə NATO-nun artıq neçə ildir Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib. Onun sözlərinə görə, NATO-nun məqsədi region ölkələrinin resurslarından Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda regionu zəiflətməkdir. “Onlara bərabər hüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”, - diplomat vurğulayıb.
Mariya Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa daha məntiqi olar. Regionu zəiflətmək istəyən NATO deyil Rusiyadır. Kreml hər zaman bölgə ölkələrinin bir-birləriylə münaqişədə olmasından faydalanmağa çalışıb. Bir də ki, Zaxarova NATO deyərkən konkret təşkilatı, Brüsseldə yerləşən mərkəzi qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutub? Şimali Atlantika Bloku Cənubi Qafqazda sülh və bölgə ölkələrinin bir-biri ilə əməkdaşlığında maraqlıdır. Çünki, Brüsselin Cənubi Qafqazın hər 3 ölkəsiylə bu və ya digər formada əməkdaşlığı mövcuddur. Belə olan halda NATO öz siyasətinə zidd olaraq Zaxarovanın “məntiqinə” görə Cənubi Qafqazı niyə alovlandırmalıdır? Bölgəni alovlandırmaq istəyənin, bölgə ölkələri arasında münasibətləri gərginləşdirənin ünvanı bəllidir. Zaxarova Şimali Atlantika Blokundan danışarkən, Ermənistanın və Azərbaycanın NATO ilə əməkdaşlığın risklərini anlayacağını söyləyib. Görəsən, Zaxarova Gürcüstanın adını niyə çəkməyib? Doğrudur, Gürcüstanın hazırki hökumətinin Qərblə münasibətlərində müəyyən suallar mövcuddur. Ancaq Gürcüstan hökuməti Avropa İttifaqı və NATO-ya üzvlük planından imtina etməyib. Gürcüstanda 5 gün əvvəl NATO-nun təlimləri keçirilib. Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistanın NATO-ya üzvlük kimi hədəfləri yoxdur. Belə olan halda Zaxarova və ona təlimat verənlər Azərbaycanla Ermənistanı niyə hədəf seçiblər? Yəqin Kremldə hesab edirlər ki, Bakı və İrəvan Kremllə münasibətlərin soyuqluğu fonunda özlərinə alternativ yollar axtaracaqlar. Azərbaycanın alternativ axtarışına ehtiyacı yoxdur. NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir və bu bizim üçün yetərlidir.
Elxan Şahinoğlu
TEREF