Elmira Axundova niyə bu qədər hədəfdədir?

17-02-2016, 09:57           
Elmira Axundova niyə bu qədər hədəfdədir?
Media üzrə ekspert “medianın məsələni çap etməsi üçün kifayət qədər əsası var” deyir
Deputat Elmira Axundovanın oğlunun adı aylardır ki, mətbuatda bir qrup vətəndaşa qarşı dələduzluq olayında hallanır. Deputatın mal-mülkü haqda sənədlərin surətləri, əmlaklarının, maşınlarının fotoşəkilləri KİV-lərdən düşmür.

Deputatın, onun oğlu Həbib Axundovun barəsində “Yeni Müsavat” qəzetində də yazılar dərc olunub. Redaksiyamıza müraciət edən vətəndaşlar H.Axundovun onların milyonlarla manat pulunu alaraq qaytarmadığını, hüquq- mühafizə orqanlarının isə məsələni Elmira Axundovaya görə araşdırmaqda elə də həvəsli olmadıqlarını deyiblər.

Bu məsələlərlə bağlı hər dəfə deputatın, onun oğlunun mövqeyini öyrənməyə cəhd etsək də, qarşı tərəf hər hansı bir açıqlama vermək istəməyib. Bununla belə, E.Axundovanı medianın hədəfə alması ilə ən müxtəlif fikirlər səsləndirilir. Hətta mətbuatın deputata qarşı qərəzli mövqe sərgilədiyini deyənlər də tapılır.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, söhbət ictimai xadimdən, onu ailə üzvlərindən gedirsə, onların adları qeyri-qanuni işlərdə hallanırsa, belə məlumatlar cəmiyyət üçün ciddi şəkildə ictimai əhəmiyyət kəsb edir. Bu baxımdan da medianın vəzifəsi və borcudur ki, bununla bağlı məlumatları ictimaiyyətin diqqətinə təqdim etsin:

“Bununla bağlı Azərbaycanın qoşulduğu Avropa Şurasının məhkəmə praktikası var. Həmin praktikada çox açıq şəkildə deyilir ki, informasiyalar ictimai əhəmiyyət daşıyırsa, o zaman medainın xəbərləmə vəzifəsi var və media bu vəzifəsini icra etməlidir. Deməli, redaksiyanıza, əməkdaşlarına gələn, qanuni, qeyri-qanuni yollarla göndərilən informasiya ciddi şəkildə ictimai əhəmiyyət kəsb edirsə, yayılması mümkündür”.

Ə.Məmmədli deyir ki, məsələnin digər tərəfi də daxil olan informasiyaların yoxlanılması ilə bağlıdır: “İnformasiyanın obyektiv olub-olmaması ciddi araşdırılmalıdır. Önəmli məqamlardan biri də qarşı tərəfin iddialara cavab verib-verməməsidir. Bu məqam da oxucuya çatdırılmalıdır. Əgər mətbuat nümayəndəsi məsələni bu formada testdən keçirib yayıbsa, burada hər hansı bir problem yoxdur”.

Ə.Məmmədli deyir ki, redaksiyalara çatan məlumatlar böhtan xarakterli də ola bilər: “Buna görə də media iddiaları öz imkanları daxilində araşdırmalıdır və bundan sonra dərc etməlidir. Ola bilər ki, ötürülən məlumat gerçək kimi görünər, amma qəsd olsun, kimisə qaralamaq niyyəti daşısın. Bu zaman media daha diqqətli olmalıdır. Amma ortada məhkəmə iddiası, hüquq-mühafizə orqanlarına müraciət, konkret şikayətçilər varsa, medianın məsələni çap etməsi üçün kifayət qədər əsası var. Çünki qarşı tərəf ictimai əhəmiyyətlidir və onun ictimi əhəmiyyətli olması mediaya məsuliyyət yaradır ki, bu tip məsələnin daha ciddi araşdırılması üçün cəmiyyətə çatdırsın, məsələni cəmiyyətin önünə sərməklə baş verən proseslə bağlı qeyri-qanuni müdaxilələrin, dövlət qurumlarının hərəkətsizliyini önləsin. Əgər ictimai nəzarət olmasa, o zaman vəzifəli şəxslərin yaxınlarının lehinə qərar verilə bilər. Burada ictimai nəzarət institutu kimi media çox cidd rol alaraq məhz ədalətli həll yolunun seçilməsi, bir tərəfin istəyi çərçivəsində qarşı tərəfin hüquqlarının pozulması ilə müşayət olunan qərarın verilməsinin qarşısı ala bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.