Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – KİMƏ NƏ...
19-04-2021, 00:13
Canavarların vurulması qadağandır, lakin onların vurduğu ziyanı da heç kim ödəməyəcək - Fermerlər nə etməlidir?
Son zamanlar Azərbaycanda canavarların təsərrüfatlara hücumları tez-tez baş verir. 12 aprel 2021-ci il tarixində Bərdə rayonunun Saatlı kəndində canavar dəstəsi qoyun sürüsünə hücum edib və nəticədə 30 qoyun parçalanaraq tələf edilib, 8-i isə yaralanıb. Fermanın sahibi Xəyyam Məmmədovun yerli mediaya verdiyi açıqlamaya görə, yırtıcılar onun təsərrüfatına gecə saatlarında hücum edib.
AYNA problemlə aydınlıq gətirməyə çalışıb.
“Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Füzuli Əşrəfov deyib ki, onlara sürülərinə canavar hücum edən fermerlərdən tez-tez müraciətlər daxil olur: “Ancaq canavarların populyasiyasına nəzarəti biz yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir”.
Onun sözlərinə görə, Sovetlər Birliyi dövründə canavar və çaqqalların vurulmasına icazə verilirdi: “Bu gün Azərbaycanda sürüsünü canavarlardan qorumağa məcbur olan, yanında ov tüfəngi götürəcək bir çoban, qanunsuz ov cəhdinə görə 200 manat cərimə olunur. Üstəlik, bu çoban Ovçular Cəmiyyətinin üzvü olub-olmamasından asılı olmayaraq cərimələnəcək”.
İqtisadçı ekspert Natik Cəfərli isə bildirib ki, bir çox ölkələrdə fermerlər əmlaklarını sığortalayırlar: “Fermerlər heyvanlarını da sığortalayırlar. Lakin Azərbaycanda heyvan sığortası geniş yayılmayıb. Düşünürəm ki, fermer Xəyyam Məmmədov yırtıcı heyvanların populyasiyasına nəzarət etmək vəzifəsi olan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən canavarların ona vurduğu ziyanın ödəməsini tələb edə bilər”.
Bəs, fermer Nazirlikdən təzminat tələb edəcəkmi? Bu sualla fermerin özünə müraciət etdik.
“Hələ qəti bir qərar verməmişəm. Ancaq çox güman ki, mənə dəyən ziyana görə Ekologiya Nazirliyindən təzminat tələb edəcəyəm”, - deyə o cavab verdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) necə, Xəyyam Məmmədova təzminat ödəyəcəkmi? Və fermerlər sürülərinə hücum edən canavarları vura bilərlərmi?
ETSN əməkdaşlarından aldığımız cavablara görə, yırtıcı heyvanların vətəndaşlara vurduğu zərərin əvəzi ödənilmir: “Bu vəziyyətdə sığorta sistemi işləməlidir”.
Nazirlik rəsmiləri diqqətə çatdırıblar ki, Azərbaycan canavarların məhv edilməsini qadağan edən konvensiyaya qoşulub: “Fermer canavar vurmaq üçün ov tüfəngindən istifadə etməyə çalışsa, mütləq cərimələnəcək. Buna görə də bu vəziyyətdən çıxış yolunun ən yaxşısı heyvanları sığortalamaqdır”.
Lakin Xəyyam Məmmədov fermerlərə ov tüfənglərinin verilməsini və sürülərə hücum edən canavarların vurulmasına icazə verilməsini dəstəkləyir: “Bunsuz, görün, necə bir vəziyyət yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi itkilərimizi ödəməkdən imtina edir və eyni zamanda bizi ziyan vuran canavarı vurduğumuz üçün cərimə ödəməyə məcbur edir”.
Müəllif: Rəşad Rüstəmov