Peyvənd olunan şəxs virusa yoluxarsa, nə etməlidir?

20-04-2021, 00:49           
Peyvənd olunan şəxs virusa yoluxarsa, nə etməlidir?
Mütəxəssislər suala cavab verir

Azərbaycanda COVİD-19-a qarşı peyvəndləmə davam edir. Bu prosesin sürəti ilə bağlı suallar var, bu, öz yerində. Amma başqa bir sual da var ki, bu da peyvənd olunduqdan sonra bəzi insanların yenidən virusa yoluxmasıdır. Peyvəndin ilk dozasını vurduqdan sonra yoluxma halı baş verərsə, ikinci dozanın qəbul edilib-edilməməsi də insanları düşündürən suallardan biridir.

Şəxs birinci dozanı qəbul etdikdən sonra koronavirusa yoluxarsa, nə etməlidir?

İnfeksionist Vüqar Cavadzadə “Press Klub”a açıqlamasında bildirdi ki, birinci dozanı qəbul edən şəxs koronavirusa yoluxarsa, həmin şəxs ikinci dozanı qəbul etməməlidir:

“Çünki bu halda virus artıq təbbi yolla bədənə daxil olur. İnsan sağaldıqdan sonra qanında virusa qarşı anticisimlər yaranır. Məqsəd ya təbbi yolla, ya da passiv yolla da olsa, bu anticisimlərin yaradılmasıdır. Təbbi yolla yaradıldıqdan sonra artıq ikinci dəfə əlavə bir dozanın vurulmasına ehtiyac qalmır”.

İnfeksionistin sözlərinə görə, koronavirusa yoluxanlarda anticisimlər yaranır:

“Yenidən virusa yoluxmamaq üçün həmin şəxslər anticisimlər neqativləşdikdən, yəni altı aydan sonra peyvənd oluna bilər. İlk dozadan sonra yaranmış anticisimlər faiz etibarilə aşağı olduğundan, mütləq vaksinin ikinci dozası da vurulmalıdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, peyvəndin birinci dozası test xarakteri daşıyır:

“İkinci doza isə tam dozadır. Birinci və ya ikinci doza arasında üç və ya dörd həftə vaxt müəyyən edilib. Ona görə də, birinci dozadan sonra yoluxma tam realdır. Birinci dozadan təxminən 42 gün vaxt keçməlidir ki, immun sistemi formalaşsın”.

Qeyd edək ki, indiyə kimi ölkəmizdə 1 milyondan çox vətəndaş peyvəndlənmə prosesində iştirak edib. Onlardan 813 mindən çoxu birinci doza üzrə, 929 mindən çoxu isə ikinci mərhələ üzrə prosesə cəlb olunub.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.